AZ EN RU

Ötən ay 532 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

    Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mart ayında da diqqətdə saxlanılıb, xidmətin fəaliyyət istiqamətləri üzrə işlərin icrası uğurla davam etdirilib.
    Ötən ay 532 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 384 texniki sənəd hazırlanıb, yeni yaranmış 23 daşınmaz əmlak obyektinə ünvan verilib, 78 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. 
    Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Alışar, Şahbulaq, Gümüşlü və Aşağı Yaycı kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görülüb. Şərur rayonunun Axura, Yuxarı Yaycı kəndlərinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində isə monitorinqlər davam etdirilib.
    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Sədərək və Kəngərli rayonlarında meyvə bağlarına, yaşıllıq zolaqlarına dair məlumatlar dəqiqləşdirilərək torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Ordubad rayonunun Vənənd kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatları başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. 
    Hesabat ayında səyyar xidmət vasitəsilə 7 yaşayış məntəqəsində 26 vətəndaşın müraciətinə baxılıb, 97 fiziki və hüquqi şəxs elektron xidmətlərdən yararlanıb. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün vətəndaşlardan 1086 ərizə qəbul edilərək icra olunub. 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar ailə təsərrüfatlarının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq 
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 08.04.2022 17:46