AZ EN RU

Ötən ay 514 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

    Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən may ayında da diqqətdə saxlanılmışdır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Kəngərli rayonunun Böyükdüz və Şahbuz rayonunun Ağbulaq kəndlərində bələdiyyə sədrləri, ailə təsərrüfatı başçıları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir. 
    Muxtar respublikanın bütün ərazi vahidləri üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə əkin dövriyyəsindən kənarda qalan, istifadə olunmayan əkinəyararlı torpaq sahələrinin monitorinqi aparılmış və uçotu dəqiqləşdirilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi məqsədilə Sədərək rayon inzibati ərazi vahidi daxilində bələdiyyələr üzrə kənd təsərrüfatı yerləri (uqodiyaları), nəqliyyat, kommunikasiya xətləri, kanal və kollektorlar, mövcud meşə zolaqlarının əhatə etdiyi ərazilər müəyyənləşdirilmiş və elektron kadastr xəritəsində uçotu aparılmışdır. Babək rayonu üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair məlumatların daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilməsi yekunlaşdırılmış, ay ərzində 1232 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilmişdir.
    Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə hesabat ayında Şərur rayonunun Axura, Şahbuz rayonunun Türkeş, Kiçikoba, Daylaqlı, Mərəlik kəndlərinin və Kəngərli rayonunun bütün yaşayış məntəqələrinin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılmışdır. Ötən ay 514 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 443 texniki sənəd hazırlanmış, yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 83 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşın müraciətinə baxılmış, 8 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmiş, təsərrüfat fəaliyyəti ilə əlaqədar 2 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. 

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə

Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 20.06.2022 18:17