AZ EN RU

Ötən ay 174 nəfərə əmək pensiyası, 459 sığortaolunana müavinət təyin olunub

    Muxtar respublikada əhalinin sosial müdafiə məsələləri daim diqqət mərkəzində saxlanılır. Əhalinin həssas qrupuna aid olan əmək pensiyaçılarının sosial rifah halının yüksəldilməsi, sığorta-pensiya sistemi sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi aparılan sosial siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan müvafiq tapşırıqların yüksək səviyyədə icrası üçün geniş imkanlar açıb. Belə ki, fond tərəfindən əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq işlər görülüb, pensiya ödənilməsinə 15 milyon 417 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 336 min manat vəsait xərclənib. Eyni zamanda qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımla da təmin edilib.
    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 133-ü yaşa, 18-i sağlamlıq imkanlarının məhdudluğa, 23-ü isə ailə başçısını itirməyə görə olmaqla pensiya hüququ yaranan 174 nəfərə əmək pensiyası təyin edilib. Pensiya təyin olunanlardan 164-nə qanunvericiliyə əsasən ilk dəfə təyinat olub, 10 nəfərin isə pensiya növündə dəyişiklik edilib. Qanunvericiliyə uyğun olaraq 459 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Bundan başqa, dövlət icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan şəxslərə ödənişlər həyata keçirilib və qanunla müəyyən edilmiş məbləğdə vəsaitlərin həmin şəxslərin bank hesabına köçürülməsi təmin olunub. Sığorta­edənlər tərəfindən dövlət icbari şəxsi sığortası üzrə 94 min 789 manat vəsait fondun xüsusi hesabına köçürülüb.
    Ötən ay məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 11 milyon 456 min manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 10,4 faiz çoxdur. Ümumilikdə, pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 72,7 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılıb. Hesabat dövründə 260 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Eyni zamanda fərdi uçot sistemi sahəsində də işlər davam etdirilib, ilk dəfə əmək fəaliyyətinə başlayan 235 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial 
Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 13.07.2022 20:13