AZ EN RU

Ötən ay 171 nəfərə əmək pensiyası təyin edilib

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılır. 
    Fond tərəfindən əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib, pensiyaların ödənilməsinə 17 milyon 540 min manat, məcburi dövlət sosial sığortahaqqı hesabına müavinətlərə isə 329 min manat vəsait xərclənib. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın ikinci rüb üzrə 50 manatı da pensiya ilə birlikdə ödənilib. Bundan əlavə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.
    Ötən ay müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə 10 milyon 881 min 800 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 18 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 60,1 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılıb. Hesabat dövründə 3 hüquqi və 253 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Fərdi uçot sistemində də işlər davam etdirilib və yeni əmək fəaliyyətinə başlayan 424 sığortaolunana şəxsi hesab açılıb.
    Müvafiq dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 171 vətəndaşa əmək pensiyası təyin olunub ki, bunlardan 132-si yaşa, 11-i əlilliyə, 28-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. Pensiya təyin olunan vətəndaşlardan 157-nə qanunvericiliyə əsasən ilk dəfə təyinat olub, 14-nə isə pensiya növündə dəyişiklik edilib. Müvafiq qanunvericiliyə uyğun olaraq 1244 nəfərə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib. Bundan əlavə, deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının icbari şəxsi sığortası sahəsində müvafiq işlər görülüb, sığortaedənlər tərəfindən 229 min 245 manat vəsait fondun xüsusi hesabına köçürülüb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 17.05.2022 18:57