AZ EN RU

Ötən ay 154 vətəndaşa əmək pensiyası təyin olunub

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu cari ilin mart ayında fəaliyyət sahələrinə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq işlər görüb. Əmək pensiyalarının ödənilməsinə 16 milyon 380 min manat, məcburi dövlət sosial sığortahaqqı üzrə ödəmələrə isə 375 min manat vəsait xərclənib.
    Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 4 mart tarixli Sərəncamına uyğun olaraq 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan 4247 əmək pensiyaçısına cari ildə aylıq əmək pensiyası məbləğlərinin 10 faizi məbləğində maddi yardım ödənilib.
    Müvafiq dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 122-si yaşa, 15-i sağlamlıq imkanları məhdudluğa görə, 17-si ailə başçısını itirməyə görə olmaqla, pensiya hüququ yaranan 154 vətəndaşa əmək pensiyası təyin edilib. Pensiya təyin olunanlardan 144-nə qanunvericiliyə əsasən ilk dəfə təyinat olub, 10-nun isə pensiya növündə dəyişiklik edilib. Fərdi uçot sistemində də işlər davam etdirilib və yeni əmək fəaliyyətinə başlayan 364 sığortaolunana şəxsi hesab açılıb.
    Ötən ay müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə 12 milyon 303 min 200 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 18,7 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 73,4 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılıb. Hesabat dövründə 1 hüquqi şəxs və 220 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Bundan əlavə, deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının icbari şəxsi sığortası sahəsində müvafiq işlər görülüb, sığortaedənlər tərəfindən 303 min 334 manat vəsait fondun xüsusi hesabına köçürülüb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 08.04.2022 19:00