AZ EN RU

Ötən ay 126 nəfərə əmək pensiyası təyin edilib

    Naxçıvan Muxtar Respublikasında əhalinin, xüsusilə cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə verilən tapşırıqların yerinə yetirilməsi üçün  mütəmadi olaraq işlər görür. 
    Sentyabr ayında əmək pensiyaları və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər vaxtından əvvəl maliyyələşdirilib, pensiya ödənilməsinə 15 milyon 433 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 353 min manat vəsait xərclənib. Əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib. Müvafiq dövr ərzində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 126 nəfərə əmək pensiyası təyin edilib. Onlardan 96-sı yaşa, 4-ü sağlamlıq imkanlarının məhdudluğuna, 26-sı isə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuş vətəndaşlardır. Pensiya təyin olunan vətəndaşlardan 114-nə ilk dəfə təyinat olub, 12-nə isə pensiya növündə dəyişiklik edilib.
    Qanunvericiliyə uyğun olaraq 553 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Bundan başqa, 4 hərbi qulluqçuya dövlət icbari şəxsi sığorta ödənişi həyata keçirilib ki, onlardan 1-i vəfat etdiyinə görə onun vərəsəsinə, 2-nə sağlamlıq imkanlarının məhdudluğuna, 1-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib. Bunlardan 2-si Vətən müharibəsi iştirakçısıdır. Dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üçün 18 min 150 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb. Ümumiyyətlə, ötən ay dövlət icbari şəxsi sığortası üzrə sığortaedənlər tərəfindən 416 min 133 manat vəsait fondun hesabına köçürülüb.
    Hesabat dövründə məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 9 milyon 832 min 400 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 6,3 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 62,3 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılıb. Ötən ay 3 hüquqi və 289 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Fərdi uçot sistemində uçota alınanların sayında da artım olub, fərdi şəxsi hesabı olanların sayı  291 nəfər artaraq 185 min 332 nəfərə çatıb.

Naxçıvan Muxtar Respublikası
 Dövlət Sosial Müdafiə Fondunun 
mətbuat xidməti

Nəşr edilib : 12.10.2022 19:21