AZ EN RU

Ötən ay 106 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

    Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən noyabr ayında 106 mənzil (ev) və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun 86-sı əhali, 20-si isə qeyri-əhali abonentdir.
     Muxtar respublikada əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün hesabat ayında 20 mühafizə qutusu quraşdırılmışdır. Ötən ay Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinə, 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1444 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, təbii qazın nəqli bərpa edilmişdir.
    Noyabr ayında muxtar respublikanın qaz şəbəkəsində 578 qaz sızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə əməl etməklə bu sızmalar aradan qaldırılmışdır. Ay ərzində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi­, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur. Muxtar respublikada yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası 
Qaz İstismar Xidməti

Nəşr edilib : 16.12.2022 20:25