AZ EN RU

Ötən 20 ildə 15-dən çox yeni aylıq sosial ödəniş növü təsis edilib

“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” ideyası 20 il ərzində ölkəni regionda əhəmiyyətli siyasi-iqtisadi gücə çevirən Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin ana xətdidir. Bu amil özünü il ərzində verilən fərman və sərəncamlarda, qəbul olunan qərarlarda, reallaşdırılan sosial layihələrdə göstərir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə ölkə Prezidenti tərəfindən imzalanan fərman və sərəncamlar ötən 20 il ərzində 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Belə ki, dövlət başçısının şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının təzahürü olaraq 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manatdan 600 manata, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 manatdan 500 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II dərəcə) əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb. Təqaüdlərlə yanaşı, həmin kateqoriyalardan olan şəxslər aylıq pensiya və müavinətlərlə də təmin edilirlər. Həmçinin Prezidentin daha bir xüsusi qayğısı olaraq onlarla bağlı son illərdə yeni mühüm sosial dəstək proqramları - 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə və həmin tarixədək hərbi xidmət zamanı aldığı xəsarət və xəstələnməsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə və ya onların vərəsələrinə birdəfəlik ödəmələr verilməsi proqramları icra olunub.

Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da şəhid ailə üzvlərinin, və müharibə əlillərinin məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır, onlar  mənzil və avtomobillərlə təmin edilir. Nazirliyin məlumatında qeyd olunur ki, cari ilin yanvar-oktyabr ayları ərzində müvafiq kateqoriyadan olan 3 şəhid ailəsi üzvü və 5 Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs mənzillə təmin olunub. Eyni zamanda, 12 Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsə avtomobil verilib. Noyabrın 13-də isə daha 3 İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 14 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə yeni mənzil təyin olunub, 5 qaziyə və 2 sağlamlıq imkanları məhdud şəxsə isə avtomobillər təqdim edilib. Hazırda, muxtar respublika üzrə 109 şəhid ailəsi üzvünə və 75 Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu  tərəfindən 439 min 583 manat vəsait xərclənib. Sadalanan dəstək tədbirləri ilə yanaşı müvafiq kateqoriyadan olan şəxslərə mənəvi dəstəyin ifadəsi, mənzil-məişət şəraitləri, həmçinin gündəlik soial qayğılarının nədən ibarət olmasını və bu istiqamətdə hansı qayğının göstərilə biləcəyini müəyyənləşdirmək üçün cari ilin ötən dövrü ərzində 59 şəhid ailəsi üzvü ünvanlarında ziyarət olunub.

 

Nail ƏSGƏROV

Nəşr edilib : 15.11.2023 14:21