AZ EN RU

Orta məktəb şagirdləri Naxçıvan Dövlət Universitetində olublar - FOTOLAR

Naxçıvan şəhər Xanım Qızlar liseyinin şagirdləri Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində olublar. Fakültənin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov şagirdlərə fakültə haqqında ümumi məlumat verib. Qeyd edilib ki, 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bu gün Tibb fakültəsi üçün ayrıca bina, xəstəxana mövcuddur. Diqqətə çatdırılıb ki, peşəkar tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələrə malik universitetin təcrübə mübadiləsi, beynəlxalq layihələrdə iştirakı diqqət mərkəzindədir. Müasir avadanlıqlarla zəngin laboratoriyalarının qurulması fakültənin tədris imkanlarını daha da artırır. Vurğulanıb ki, Tibb fakültəsinin məzunları nəinki Naxçıvanda hətta onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafına öz töhvələrini verirlər.

Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva Mulyaj simulyasiya kabinəsi ilə tanışlıq zamanı şagirdləri ilkin tibbi yardım haqqında məlumatlandırıb.

Daha sonra şagirdlər fakültədə fəaliyyət göstərən kitabxana, kompyuter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əczaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki laboratoriyalar ilə tanış olublar.

Bundan sonra məktəblilər qruplara bölünərək müxtəlif dərs proseslərində iştirak ediblər. Dərs müddətində laboratoriya təcrübələrində iştirak edən şagirdlər universitetin klinik xəstəxanasında tələbələrin iştirakı ilə bilavasitə xəstə müayinələrinin aparılma qaydalarını müşahidə ediblər.

Universitetinin Xarici dillər fakültəsində keçirilən tədbirdə isə M.T.Sidqi adına 4 saylı orta məktəbin şagirdləri və təcrübəçi tələbələri olublar. Fakültə haqqında ümumi məlumat verildikdən sonra şagirdlər fakültədə mövcud olan  maddi-texniki baza ilə tanış olublar.

 “Xarici dilin öyrənilməsinin məqsəd və əhəmiyyəti” adlı tədbirdə abituriyentlər xarici dili öyrənməyin vacib məqamları haqda məlumatlandırılıb. Fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent  Şirməmməd Qulubəyli tədbirdə çıxış edərək xarici dilin  öyrənilməsinin məqsəd və əhəmiyyəti haqqında danışıb.

Sonra fakültənin müəllimləri aktual mövzu ilə bağlı çıxışlar ediblər.

Şagirdlər Xarici dillər fakültəsində dərs prosesi ilə yaxından tanış olub, sinxron tərcümə mərkəzində, linqafon kabinədə dərsin və tərcümə prosesinin gedişatı barədə ətraflı məlumat əldə ediblər.

Sonda şagirdlər ədəbiyyat kabinəsində ingilis və amerikan yazıçılarının kitabları ilə tanış olub və oradakı kitabxanadan  istifadə qaydalarını öyrəniblər.

Məmmədbağır DÜNYAMALIYEV

Naxçıvan Dövlət Universitetinin  Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 15.04.2022 18:15