AZ EN RU

Orta əsr Naxçıvan milli memarlıq mədəniyyəti

    Qədim Naxçıvan tarixən Böyük İpək Yolu üzərində yerləşdiyindən, öz maddi və mənəvi sərvətləri ilə hər zaman diqqət mərkəzində dayanmışdır. Yaxın və Orta Şərqdə mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi kimi qoca Şərqin qapısı adlandırılır. Tarixi uzun minilliklərə dayanır. Məlumdur ki, qüdrətli və zəngin bir keçmişi olan hər bir xalqın özünün milli dəyərləri var. Milli dəyərlər xalqları, millətləri, toplumları digərlərindən fərqləndirən ən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Dilindən, dinindən, tarixindən, folklorundan tutmuş, özünün dünya şöhrətli səxsiyyətlərinə qədər. Bu mənada, xalqımızın milli dəyərləri haqqında uzun-uzadı danışmaq olar. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. 

    Erkən orta əsrlər dövründə Naxçıvan Azərbaycanın böyük şəhərlərindən birinə çevrilmiş, XII əsrin ikinci yarısı – XIII əsrin əvvəllərində o vaxta qədər görünməmiş bir səviyyəyə çatmışdır.
    Azərbaycan ərazisində yaşayan qədim tayfaların mifoloji görüşlərinin formalaşmasına qədim Şərq mədəniyyəti, xüsusilə Şumer mədəniyyətinin müəyyən təsiri olmuşdur. Bu təsir digər arxeoloji abidələrdə olduğu kimi, Gəmiqaya təsvirlərində də özünü göstərir. Tunc dövrü mədəniyyətinin ayrılmaz hissəsi olan Gəmiqaya təsvirləri xalqımızın sənət əsərlərində, folklorunda və etnoqrafik materiallarda yaşamaqda davam edir.
    Naxçıvan diyarı qədim zamanlardan bəri nadir memarlıq nümunələri ilə Yaxın Şərqdə tanınırdı. Eradan əvvəl III minilliyin sonu, II minilliyin əvvəllərinə aid olan yaşayış məskənlərində Naxçıvanın qədim memarlığına aid çiy kərpic və möhrədən inşa edilmiş bina qalıqları, Naxçıvan Muxtar Respublikası ərazisində düzbucaq və yarımdairəvi bürcləri olan möhtəşəm qala divarları ilə əhatə olunan şəhər yerlərinin qalıqları günümüzə qədər gəlib çatmışdır.
    Naxçıvanın qədim şəhər mərkəzi olan I Kültəpə, Ovçular təpəsi və digər aşkar edilmiş tikinti qalıqları, çiy kərpicdən tikilmiş kürələr və çoxlu miqdarda təsərrüfat və məişət avadanlıqları qədim sənətin burada yüksək səviyyəyə çatdığını sübut edir. Bu dövrdə Naxçıvanın sənət ustaları müxtəlif təyinatlı təsərrüfat və məişət əşyaları istehsal etməklə yanaşı, onların boyanmasında da mühüm nailiyyətlər qazanmışdır. Buna görə də qədim Naxçıvanda kaşıçılıq sənəti inkişaf etmişdir.
    Naxçıvan şəhəri eradan əvvəl III minillikdə təşəkkül tapan qədim şəhər mədəniyyətinin ən mühüm mərkəzlərindən olması ilə bərabər Dəmir dövrü yaşayış yerlərinə məxsus möhtəşəm sənət nümunələri bu ərazidə məskunlaşan tayfaların böyük sənətkarlığa sahib olduğunu təsdiq edir.
     Naxçıvanın ayrı-ayrı tarixi dövrlərə aid yaşayış məskənləri siklop tikililəri, maddi mədəniyyət və memarlıq abidələri, qalaları, istehkamları, inşaat materialları, tikinti texnikası öz zənginliyi ilə maraq doğurur. 
    XII əsrdə qüdrətli Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan Yaxın və Orta Şərqin yüksək mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri olmaqla memarlıq sənəti sahəsində də yüksək səviyyəyə çatmışdır. Çoxsaylı dini memarlıq abidələri və mülki binalar, zəngin ornament və boyalarla bəzədilmiş əzəmətli məscidlər, türbələr, saraylar, karvansaraylar, körpülər, qala və bürclər, mədrəsələr, bəzəkli yaşayış evləri, mükəmməl memarlıq quruluşu olan hamamları özündə ehtiva etmişdir.
    Orta əsr müsəlman Şərqinin böyük memarı, Naxçıvan memarlıq məktəbinin nümayəndəsi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı memarlıq abidələri həmin dövr müsəlman memarlığının inkişafının zirvəsi səviyyəsinə yüksəlmiş, özündən sonrakı memarlığın formalaşmasına həlledici təsir göstərmişdir. Quruluş və formaları harmoniyanın əbədi qanunlarına əsaslanan Əcəmi memarlıq nümunələri öz ilahi gözəlliyinin cazibədar qüvvəsini bu gün də nümayiş etdirir. 
    Qadir Əliyev göstərir ki, klassik dönəm dediyimiz bu dövrdə İslam aləmi çox canlı elm və düşüncə həyatının parlaq olduğu bir dünya idi. İlahi sənəti, bu sənətdəki bəlli gözəllikləri anlamaq, varlığımızın əsasını təşkil edən maddi və mənəvi dəyərlərdəki harmonikliyin, gözəlliyin kamalla, kamalın da gözəlliklə qucaqlaşdığı bir sehr dünyası idi. Bu dövrdə mənbəyini iki ana qaynaqdan – maddi qaynaq olan elmdən və mənəvi qaynaq olmaqla İslamın fəzilət və əxlaq ölçülərindən alan İslam mədəniyyəti, əski mədəniyyətlərin yüksək yönlərinin inkişafına səbəb olan ən böyük elm-kəşf üfüqünü açmışdır. Əcəmi memarlığının təşəkkülü dövründə bu inciləri bəxş edənlərin içərisində orta əsr Müsəlman Şərqi bədii-estetik, elmi, fəlsəfi fikirlərin dahi nümayəndələri Xəqani Şirvani, Əbülhəsən Bəhmənyar, Şihabəddin Marağayi, Nizami Gəncəvi və digərləri müstəsna yer tutdular. Canlılığını və parlaqlığını beş əsr qoruyan bu dünya müasir dövrə əvəzsiz miraslar qoyub getmişdir.
    AMEA-nın müxbir üzvü, memarlıq üzrə elmlər doktoru Cəfər Qiyasi orta əsr Azərbaycan memarlıq formalarından bəhs edərək göstərir ki, orta əsr Azərbaycan memarlığı bütün müsəlman memarlığı üçün ümumi olan kanonlara, vahid elmi nəzəri sistemə dayanırdı. Bu birlik tikinti sənətinin müxtəlif sahələrində özümlü şəkildə üzə çıxdığı üçün memarlıq bəzəyində səthlərin naxışlarla bəzənməsi şəklində özünü göstərir. 
    Qədim zamanlardan başlayaraq günümüzə qədər Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan yerli əhali çox sənətsevər olmuş, baxımlı obyektlərə güclü meyil göstərmiş, gül-çiçəyə, bağ-bağata, naxışlara, gözəl formalara, heyrət doğuran bəzəklərə biganə qalmamışlar. Burada yaşayan insanlar öz davranışında, incəsənətində müəyyən məzmunu bildirmək üçün müəyyən formalar, işarələr, əlamətlər, nişanlar seçir, onları gözəllik üçün xarakter sayırdı. 
    Orta əsrlərdə bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da qədim ənənə kimi naxışların məişət əşyalarında tətbiqi, xalq sənətimizdə işlənməsi əvvəlki qaydada davam edirdi. Ornamental sənətimizi indiyə qədər yaşadan memarlıq abidələrimiz məscidlər, minarələr, günbəzlər, türbələr, karvansaraylar və sairdir. Həmin abidələr funksiyalarına, ənənələrinə sadiq qalmaqla, ətraf mühitə uyğun gəlməklə gözəllik həllini maksimal sadəliklə tapmışdır. Bu o dövrün poeziyasının başqa bir çıxış forması idi.
    Beləliklə, eyni inkişaf xətti naxışlarda da özünü göstərir. Qədim və orta əsr Naxçıvan dekorativ-tətbiqi sənətinin təşəkkülü və inkişafı, o dövrdə yaradılan belə sənət örnəklərinin bəzəklərində indi də qalmaqda davam edir. Orta əsr Naxçıvan memarlıq nümunələri üzərində, dekorativ-tətbiqi sənət nümunələrində naxışlara daxil edilmiş yazılarda Quran ayələri, poetik deyimlər ornamenti tam mənasızlaşmağa qoymurdu.
    Bu faktın orta əsr müsəlman Şərq memarlığında aparıcı rol oynamasından bəhs edən amerikalı görkəmli İslam mədəniyyət tarixçisi Will Durant göstərir ki, müsəlman sənətkarlar mozaika, oyma çiçək və yazılar, rəngli mərmər, tuğlalardan istifadə edərək mehrabı gözəlləşdirmək üçün bütün bacarıqlarını ortaya qoyardılar. Bu sənətin ehtişamı çox ehtimal ki, heyvan və insan şəkillərinin təsvirinin yasağına borcluyuq. İslam sənəti sənətdəki bu boşluğu doldurmaq üçün son dərəcə müxtəlif fiqurlar kompozisiyası icad etdi. Öncə həndəsi şəkillərdən faydalanma yoluna getdi: Gizgi, bucaq, kvadrat, kub, konus, spiral, ellips, kürə, çoxbucaqlı, üçbucaqlılardan istifadə etdi. Bunlar saysız kompozisiyalar halında bir-biri ilə biçimləndirilərək bir çox şəkillər meydana gətirdi. Daha sonra çiçəklərə döndü, müxtəlif vasitələrdən istifadə edərək çiçək biçimlərindən faydalandılar. X yüzildə bütün bunları arabesk (bitki naxışlarından ibarət şəbəkə) formalar içində etdilər. Və ən yüksək bir süsləmə ünsürü olan yazıdan, xüsusilə kufi xəttindən istifadə etdilər, hərfləri müxtəlif yollarla süsləyərək əlifbanı bir sənət vasitəsi halına gətirdilər. 
    Xətt sənəti də süsləmə məqsədini daşıyırdı. Yazı ilə rəsm arasında mehriban bir birlik olması qədim Çin mənbələrindən məlumdur. Kufədən gələn kufi yazını xəttatlar bir ustalıqla işləyib çiçəklər və başqa naxışlarla kompozisiya halına gətirirdilər. Beləliklə, kufi yazı, o dövr memarlığının başlıca dekorativ ünsürlərindən biri halına gəldi. Sonrakı dövrdə memarlıq və tarixi abidələr dekorunda xətli yazı tətbiq edilməyə başlandı. Dünyanın heç bir tərəfində bundan gözəl yazı və bu yazılardan düzələn daha gözəl bir sənət ola bilməzdi. Beləliklə, ərəb qrafikasından düzələn yazı motivləri dövrünün bütün memarlıq və incəsənət əsərlərində öz dekorativ həllini tapmışdır.
    Orta əsrlər Azərbaycan, eləcə də Naxçıvan estetik mədəniyyətində memarlıq, dekorativ-tətbiqi sənət, miniatür sənəti ictimai-fəlsəfi məna daşıyırdı. Miniatürlərdə rəng işığı udur, şəffaflaşır, kölgəsiz parlaq olur. Miniatürlərdə işıq sanki bir rənglə həll olunur, fəza məkan dəyərlərinin ifadəsi rəngin öhdəsinə düşür, hava perspektivini aradan qaldırır. Bu sənətdə də təsvirləri tamamlayan naxışlar bolluqla tətbiq olunurdu. Miniatür sənətinin təşəkkülü dövründə bu inciləri bəxş edənlərin içərisində miniatürçü Soltan Məhəmməd, Kəmaləddin Behzad, Əbdülmömin Məhəmməd əl-Xoyi, Mirzə Əli, Müzəffər Əli, Sadiq bəy Əfşar və digərləri müstəsna yer tuturdular.  
    Yaxın və Orta Şərq müsəlman ölkələrində, həmçinin Naxçıvanda ornamental sənətin geniş yayılması və ornamentdən yazıya, yazıdan ornamentə keçməklə, ornamenti məna anladan işarəyə çevirmək cəhdləri naxışlarda fəlsəfi məna yaradırdı. Tədqiqatçıların göstərdiyi kimi, bu dövrdə yaradılan həndəsi naxışları İslam ruhu üçün inteqral forma hesab etmək olar. İctimai məkanda isə milli-mənəvi dəyərlərin bir qolu olan mərasimlər ritmik olaraq təkrarlanır ki, bu da naxışlarda müəyyən qəliblər dəyişməz qalır. Beləliklə, bütün müsəlman ölkələrində, o cümlədən Naxçıvanda ornamental sənət ciddi ictimai-fəlsəfi köklərə bağlıdır. Tədqiqatçılar həndəsi formalara mütləq varlığın simvolu kimi baxırlar. Naxçıvan milli memarlıq mədəniyyətinin tərkib hissəsi olan ornamentlərin dini-fəlsəfi anlamların simvolları kimi açıqlanmasının elmdə tez-tez təkrarlanması memarlıq nəzəriyyəmizin fundamental məsələsidir.

Siddiqə HACIYEVA
 Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət

kafedrasının müdiri, Prezident mükafatçısı

Nəşr edilib : 16.05.2023 19:04