AZ EN RU

"Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan "Orqanik Naxçıvan" publik hüquqi şəxs üçün Kəngərli rayonunun Böyükdüz kəndində 2069 hektar torpaq sahəsi ayrılıb.

Torpaq sahəsində “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq aqropark yaradılacaq. Hazırda ərazidə tender yolu ilə layihələndirmə işləri aparılır.

Layihələndirmə tədbirləri başa çatanadək torpağın boş qalmaması üçün ilkin olaraq birillik bitkilərin əkini həyata keçirilib. Ərazinin 751 hektarında buğda və arpa əkilib. Əkin zamanı muxtar respublikada ilk dəfə olaraq orqanik gübrələrdən istifadə edilib. Hazırda sahələrdə biçin aparılır. Dövlət Proqramının icrası məqsədilə əldə edilən məhsul toxumçuluğun inkişaf etdirilməsinə yönləndiriləcək.

Qeyd edək ki, sözügedən ərazidə Naxçıvanda ilk dəfə olaraq pilot layihə kimi yeni bir bitkinin – maralfalfanın da əkini həyata keçirilib. Naxçıvan iqliminə uyğun, heyvandarlıq üçün məhsuldar olan bu bitkinin əkini sınaq məqsədilə aparılıb.

Nəşr edilib : 02.07.2024 19:58