AZ EN RU

Orqanik məhsulların lokomotivi – “Orqanik Naxçıvan”

Naxçıvan ölkəmizin kənd təsərrüfatının inkişafı baxımından xüsusi  əhəmiyyət daşıyan diyarıdır. Ölkəmizin bu regionunda kənd təsərrüfatı yönümlü istehsal sahələrini genişləndirmək, yeni layihələr icra etmək əsas prioritetdir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra məsələlərin icrası nəzərdə tutulub. Dövlət Proqramında bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsulları müəyyənləşdirilməsi, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi, kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən meyvə qurularının istehsalı sahəsinin dəstəklənməsi və ixrac imkanlarının genişləndirilməsi hədəf olaraq müəyyənləşdirilib.

“Orqanik Naxçıvan” publik hüquqi şəxsinin müvəqqəti təyin olunmuş direktoru Gülsel Səfərova müəssisənin fəaliyyəti ilə bağlı görülmüş işlər haqqında bildirib ki, “Orqanik Naxçıvan”nın yaranmasında əsas məqsəd orqanik kənd təsərrüfatının sürətli inkişafını təmin etmək, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə təsərrüfatçılarının, fermerlərin və digər sahibkarlıq subyektlərinin inkişafına dəstək olmaq, sənaye və qeyri-neft sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına nail olmaq, sosial və iqtisadi inkişafa təsir edərək iqtisadiyyatın şaxələnməsinə töhfə vermək, Naxçıvan Muxtar Respublikasının ekoloji təmiz mühitə və orqanik məhsul istehsalına malik ərazi kimi tanıdılmasıdır.

“Orqanik Naxçıvan” artıq bir ildir ki, fəaliyyətini davam etdirir və fəaliyyət dövrü ərzində bir sıra yerli və beynəlxalq tədbirlərin iştirakçısı olmuşdur. Belə ki, “Orqanik aqromədəniyyətə baxış: siyasət, çağırışlar və gələcək trendlər” və “Orqanik kənd təəsrrüfatı və ekoloji tarazlıq” mövzularında forumlar təşkil edilib və müzakirələr aparılıb. “Orqanik Naxçıvan” publik hüquqi şəxsi olaraq 300-ə yaxın ailə təsərrüfatçıları ilə  görüşlər təşkil olunub və Bakı şəhərindən dəvət edilmiş yerli ekspertlərlə birgə kənd təsərrüfatı məhsullarının orqanik yetişdiriciliyi ilə bağlı  müxtəlif tədbirlər həyata keçirilib.  Həmçinin Naxçıvan Dövlət Milli Dram Teatrında “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda keçirilən tədbirdə “Orqanik Naxçıvan” loqotipi ictimaiyyətə təqdim olunub.

Gülsel xanım qeyd edib ki, 2023-cü ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə “Aqrofestival” keçirilmiş və həmin tədbirdə “Orqanik Naxçıvan” da  təmsil olunub və böyük maraq yaradıb. Həmçinin cari ilin may ayında Bakı şəhərində keçirilmiş sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 29-cu Azərbaycan Qida Sənayesi sərgilərində “Orqanik Naxçıvan” məhsulları nümayiş etdirilib, məhsullar yerli və xarici şirkətlərin marağına səbəb olub.

Həmsöhbətimiz bildirib ki, fəaliyyət dövrü ərzində 40 tona yaxın toyuq əti  məhsulunun Bakı şəhərinə, o cümlədən 65 çeşiddə qənnadı məhsullarının da paytaxtla yanaşı, digər bölgələrə satılmasına nail olunub.

Gülsel xanım vurğulayıb ki, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra işlər görülüb. Belə ki, İtaliya-Azərbaycan Ticarət Palatası ilə birgə xarici ekspertlərin muxtar respublikaya cəlb edilərək Naxçıvanda istehsal edilən orqanik məhsulların xarici bazarlarda tanıdılması üçün müvafiq tədbirlər həyata keçirilir. Əsas məqsədimiz orqanik məhsullar yetişdirib ölkəmizi beynəlxalq arenada təmsil etməkdir.

Müsahibimiz qeyd edib ki, “Orqanik Naxçıvan” publik hüquqi şəxsi ilə rayon (şəhər) icra hakimiyyətlərinin birgə fəaliyyəti nəticəsində nümunəvi məhsul istehsal edən ailə təsərrüfatçıları və sahibkarlıq subyektləri ilə görüşlər keçirilib, onların rezident kimi  potensial imkanları qiymətləndirilib. Eyni zamanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə danışıqlar aparılıb, Naxçıvanda orqanik məhsul istehsalının genişləndirilməsi, məhsulların brendləşdirilməsi və brendləşdirilmiş məhsulların daxili və xarici bazarlarda tanıtımı layihəsinin həyata keçirilməsi üçün təşkilata müraciət ünvanlanıb.

Həmçinin “Orqanik Naxçıvan”nın ilk rezidenti “Zəngi-2023” MMC ilə birlikdə Babək rayonunun Hacıvar kəndi ərazisində 5 hektar sahədə orqanik ərik bağı salınıb, həmin bağın 50 hektara çatdırılması planlaşdırılır. Bundan başqa, Kəngərli rayonunun Təzəkənd kəndində 5 hektar sahədə  orqanik meyvə bağı salınmışdır. Bağda yerli ərik sortu ilə yanaşı, 2 növ İspaniya mənşəli badam sortlarından da istifadə olunubdur.

Gülsel xanım vurğulayıb ki, Dövlət Proqramında “Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və Aqroklasterin yaradılması tapşırılıb. Belə ki, Aqroklasterin yaradılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən milli və beynəlxalq təcrübə təhlil olunub və Aqroklasterin yaradılması üçün tender elan olunub, qalib seçilmiş və layihələndirmə işlərinə başlanılıb. Aqroklasterin Kəngərli rayonunun Böyükdüz massivində ayrılmış ilkin olaraq 2069 hektar torpaq sahəsində yaradılması uyğun görülüb. Hazırda layihələndirmə işləri davam etdirilir. Həmin ərazidə heyvandarlıq, quşçuluq və bitkiçilik üzrə istehsal və emal yerləri yaradılacaq, quru və soyuducu anbarlar, gübrə və yem emalı yerləri tikiləcək, texnika parkı, tədarük və təchizat məsələləri tənzimlənəcəkdir. Layihələndirmə işləri başa çatanadək torpaqların boş qalmaması üçün 750 hektardan artıq ərazidə buğda və arpa əkini həyata keçirilib. Sözügedən əkinlər xüsusi ilə toxumçuluq istiqamətində yönəldiləcək. Toxumçuluğun inkişaf etdirilməsi Dövlət Proqramında da qeyd edilmişdir. Bundan başqa, Naxçıvanda ilk dəfə pilot layihə olaraq Aqroparkın ərazisində Maralfalfa bitkisinin əkini həyata keçirilmiş və hazırda sınaq mərhələsindədir. “Orqanik Naxçıvan” inkişaf konsepsiyasının hazırlanması məqsədilə aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupu yaradılıb, potensial imkanlar qiymətləndirilib və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Müsahibimizində sözlərindən o qənaətə gəlmək olur ki, Naxçıvan Muxtar Respublikasında orqanik məhsul istehsalının genişləndirilməsi, məhsulların brendləşdirilməsi və brendləşdirilmiş məhsulların daxili və xarici bazarlarda tanıtımı üçün müxtəlif layihələrin icrası gözləniləndi və bu layihələr diyarımızın qədim əkinçilik, meyvəçilik şöhrətini özünə qaytarmaqla həm də ölkəmizin iqtisadiyyatına mühüm töhfələr verəcək.

Bülbül QULİYEVA

Nəşr edilib : 04.07.2024 12:00