AZ EN RU

Orqanik məhsul istehsalı imkanları yerli və xarici investorları Naxçıvana cəlb edir

Ərzaq təhlükəsizliyinin və ekoloji tarazlığın qorunması, orqanik məhsulların yetişdirilməsi və ixrac potensialının yüksəldilməsi, o cümlədən məşğulluğun artırılması və idxaldan asılılığın aradan qaldırılması muxtar respublikamızda həyata keçirilən aqrar islahatların tərkib hissəsidir. Bu tədbirlərin davamı olaraq əkinəyararlı torpaqların, eyni zamanda bitkiçilik və heyvandarlıq təsərrüfatlarının dürüstləşdirilməsi üçün ilkin mərhələdə uçot işlərinə başlanılıb.

Naxçıvanda ekoloji tarazlığın qorunması istiqamətində reallaşdırılan tədbirlər yerli və xarici investorların da diqqətini çəkdiyindən, onların burada orqanik məhsul yetişdirilməsinə marağını artırır. Hazırda İsveçrənin “iCsquared GmbH” şirkəti tərəfindən muxtar respublikanın Şərur və Kəngərli rayonlarında yerfıstığı əkini həyata keçirilir. Şirkət əkin apardığı ərazilərdə sudan səmərəli və qənaətlə istifadənin təşkili üçün müasir suvarma sistemlərinin tətbiqi istiqamətində işlərə başlayıb. Yerfıstığı ilə yanaşı şirkət kartof və qarğıdalı əkinləri də həyata keçirib, növbəti mərhələdə isə qulançar bitkisinin əkininin aparılmasını planlaşdırır.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova  Şərur rayonunun Zeyvə  kəndi yaxınlığında “Demat” adlanan ərazidə adıçəkilən şirkət tərəfindən həyata keçirilən yerfıstığı  əkininin gedişi ilə maraqlanıb,  təsərrüfatla məşğul olan kənd sakinləri ilə görüşüb, həmçinin ərazidəki meyvə bağına və taxıl əkini sahələrinə baxış keçirib.

       Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti   

Nəşr edilib : 11.05.2023 16:09