AZ EN RU

“Orqanik aqromədəniyyə baxış: siyasət, çağırışlar və gələcək trendlər” və “Orqanik kənd təsərrüfatı və ekoloji tarazlıq” mövzularında panel iclasları təşkil olunub - FOTOLAR

    Naxçıvan şəhərindəki “Təbriz” hotelində keçirilən birinci panel iclasında Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova bildirib ki, müasir dövrdə dünyada ən aktual məsələlərdən biri qida təhlükəsizliyi və bunun orqanik məhsullar üzrə təmin olunmasıdır. Naxçıvan Muxtar Respublikası da orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsində mühüm iqtisadi rayonlardan biridir. Muxtar respublikanın münbit torpaqları, iqlim zənginliyi burada keyfiyyətli kənd təsərrrüfatı məhsullarının istehsalına geniş imkanlar açır. Bu fikir əsas götürülərək artıq cari ilin ötən dövründə Naxçıvanda bu sahə ciddi təhlil edilib, kənd təsərrüfatı mütəxəssisləri arasında kadr islahatları aparılıb, “Orqanik Naxçıvan” publik hüquqi şəxs yaradılıb. Bununla yanaşı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”nda kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib. Proqramda orqanik məhsulların müəyyənləşdirilməsi və təbliği, xarici bazara ixracının təşkili, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılma sahələrinin inkişaf etdirilməsi də nəzərdə tutulub.
    Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov qeyd edib ki, son illərdə dünyada geni dəyişdirilmiş kənd təsərrüfatı məhsullarının geniş yayılması müxtəlif xəstəliklərin yayılmasına, əhalinin sağlam qidalanmasına böyük təhdidlər yaradıb. Buna görə də əhalinin etibarlı qida təhlükəsizliyinin təmin edilməsində, ilk növbədə, sağlam məhsulların yetişdirilməsinə ehtiyac var. Düşünürük ki, muxtar respublikada orqanik məhsulların istehsalının artırılması, əhali arasında təbliği, eyni zamanda yeni yaradılmış “Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyəti bu işə öz töhfəsini verəcək.
    Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sədrinin müşaviri Namiq Zeynalov bildirib ki, orqanik məhsullar bu gün digər kənd təsərrüfatı məhsullarının istehsal həcmində çox kiçik bir yerə sahibdir. Bu da ona görədir ki, orqanik məhsulların verimlilik faizi, adətən, aşağı olur. Bu isə torpaq mülkiyyətçilərini daha çox orqanik yolla yetişdirilməyən istiqamətə həvəsləndirir. Digər tərəfdən, ölkəmizdə fəaliyyət göstərən bankların faiz dərəcələri torpaq mülkiyyətçisi üçün orqanik məhsul yetişdirməyə imkan vermir. Buna görə də, Sahibkarlığın İnkişafı Fondu mülkiyyətçilərə çox aşağı – cəmi beş faizlə kreditlər təklif edir. Təbii ki, fond istehsal məqsədilə müraciət edən sahibkarlara daha çox diqqət yetirir və bundan sonra da orqanik məhsul istehsalçılarına lazımi dəstək göstəriləcək.
    “iCsquared GMBH” İsveç şirkətinin baş icraçı direktoru Ayaz Bayramov bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən bu il muxtar respublikanın Şərur və Kəngərli rayonlarında yerfındığı əkini aparılıb və məhsul üçün gözləntilər özünü doğruldub. Hətta nəticə bir çox ölkələrlə müqayisədə daha yüksək olub. Qarabağ və Şərqi Zəngəzurda da bu işə başlayacağını bildirən sahibkar bunun üçün Naxçıvanda emal zavodunun tikiləcəyini bildirib. Qeyd olunub ki, daxili bazarın tələbatını ödədikdən sonra əsas məqsəd dünya bazarına çıxmaqdır. İnanırıq ki, Zəngəzur dəhlizinin açılması bu işə öz töhfəsini verəcəkdir.
    İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi İtaliyanın orqanik məhsulların yetişdirilməsində böyük təcrübəsinin olduğunu bildirib, gələcəkdə italyan iş adamlarının bu təcrübəsindən yararlanmaq üçün imkanların yaradıla biləcəyini deyib.
    “Veysəloğlu” Şirkətlər Qrupunun meyvə-tərəvəz satınalma şirkətinin baş icraçı direktoru Serdar Ceylan Naxçıvanın orqanik məhsulların yetişdirilməsi üçün perspektiv bölgə olduğunu bildirib, gələcəkdə orqanik məhsul yetişdiriciləri ilə əməkdaşlıq imkanlarından danışıb.
    İkinci panel iclasında Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, “Humix” MMC-nin təsisçisi Etibar Ağalar, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin mövzu ilə bağlı çıxışları dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
    Qeyd edək ki, tədbirdə muxtar respublikanın kənd təsərrüfatı mütəxəssisləri, aidiyyəti dövlət qurumlarının əməkdaşları, yerli və xarici sahibkarlar iştirak ediblər.

Səbuhi HƏSƏNOV

 

Nəşr edilib : 09.09.2023 16:44