AZ EN RU

“Orqan transplantasiyası” beynəlxalq konfrans keçirilib

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Türkiyənin “Medical Park” Xəstəxanalar Qrupu və Naxçıvan Həkimlər Assosiasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Orqan transplantasiyası” Beynəlxalq konfransı keçirilib. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etdikdən sonra konfrans Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında öz işinə başlayıb. 

    Ulu Öndərin və Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbiri açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bildirib ki, konfransda qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən “Medical Park” Xəstəxanalar Qrupunun və Bakı şəhərindən dəvət olunan həkimlərin orqan köçürülməsi barədə müxtəlif səpkili çıxışları olacaq. Diqqətə çatdırılıb ki, bu cür tədbirlərin keçirilməsində məqsəd gələcəkdə muxtar respublikanın xəstəxanalarında da orqan köçürülməsinin həyata keçirilə bilməsinə imkan yaratmaqdır. 
    Tədbirdə iştirak edən Türkiyə Respublikası Qazi Universitetinin rektor müavini, professor Fazlı Polat konfransın işinə uğurlar arzulayaraq Naxçıvanda Azərbaycanın Ümummilli Liderinin yüzillik yubileyi münasibətilə təşkil edilən bu konfransda iştirakından məmnunluğunu və təmsil etdiyi universitetin hər cür əməkdaşlığa hazır olduğunu bildirib. 
    Sonra Azərbaycan və türk cərrahlarının dünyada, Türkiyədə və Azərbaycanda orqan trans­plantasiyasının tarixi, donor və resipiyent prosedurları və sair mövzularda məruzələri dinlənilib. 
    Konfransdan sonra bir neçə iştirakçı ilə həmsöhbət olduq. “Medical Park” Xəstəxanalar Qrupunun həkimi, orqan köçürülməsi üzrə mütəxəssis, professor, ümumi cərrah Abuzer Dirican qeyd etdi ki, buraya bir neçə dəfə gəlib: – Naxçıvanda fəaliyyət göstərən xəstəxanaların maddi-texniki bazası orqan köçürülməsinə uyğundur. Amma bu cür əməliyyatdan öncə xəstənin hazır­lanması, orqan köçürüldükdən sonra pasiyentin nəzarətdə saxlanılması üçün mütəxəssislərin hazırlanması vacibdir. Bunun üçün həkimlər Türkiyəyə dəvət olunacaq və ya buraya gələn mütəxəssislər onlara bu sahə üzrə təlimlər keçəcək. Lazım olan baza yaradıldıqdan sonra Naxçıvanda orqan köçürülməsinə başlanılacaq. 
    Qazi Universitetinin Tibb bacıları kafedrasının müdiri Sultan Ayaz Akkaya dedi: – İlk mərhələdə 30 naxçıvanlı tibb bacısının Qazi Universitetinə gəlməsi nəzərdə tutulub. Qarşılıqlı olaraq 30 türkiyəli tibb bacısı da Naxçıvandakı xəstəxanalara gələcək. Universitetimizin əməkdaşları buranın xəstəxanaları və tibbi heyəti ilə yaxından tanış olublar. Çox məmnunuq ki, qardaş diyarda belə gözəl xəstəxanalar və səmimi tibb işçiləri var. 
    Bakı şəhərindəki Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi söhbətimizdə qeyd etdi ki, konfransda gələcəkdə görüləcək işlər üçün mühüm addımlar atıldı. Orqan köçürülməsi cərrahiyyənin ən yüksək nöqtəsidir. Çünki bu əməliyyat nəticəsində sıradan çıxmış orqan yenisi ilə əvəz olunur. Bunun üçün isə təkcə mütəxəssis həkim yetərli deyil. Bu əməliyyat komanda halında görülür. İndiyə kimi burada bir neçə aksiyada iştirak edən həkim onu da diqqətimizə çatdırdı ki, Naxçıvanda ilk dəfə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bulud Cabbarov adlı gənc oğlana atasının donorluğu ilə böyrək köçürülüb. Həmin əməliyyatın icraçılarından olan həkim onu da qeyd etdi ki, bugünkü konfransın keçirilməsi 13 il öncə başlanılan işin davamıdır. Məqsəd buradakı insanların orqan köçürülməsi kimi çətin və müalicəsi uzun müddət davam edən bir prosesə əlçatanlığının təmin edilməsidir. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 01.12.2023 20:15