AZ EN RU

Ordumuzun Bayraktar gücü

Dəmir yumruq yerdə də, göydə də həmişə başlarının üstündədir

Müzəffər Ordumuzun maddi-texniki bazasının modernləşdirilməsi və onun zərbə gücünün daim artırılması yeni tarixi missiya dövründə də ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqətində saxladığı prioritet məsələlərdəndir. Uğurla keçirilmiş və dövlət başçımızın inamla qalib gəldiyi 7 fevral növbədənkənar prezident seçkilərindən dərhal sonra, fevralın 9-da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və oğlu Heydər Əliyevin Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olması və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləməsi də bu diqqətin bariz nümunəsidir. Artıq hamı görür ki, ölkəmizə qarşı hər cür təsir vasitələrini sınaqdan keçirən, amma hər dəfəsində ənənəvi olaraq uğursuzluğa düçar olanların çirkin niyyətlərinə qarşı öz ordumuzun gücü ən etibarlı sipər, onun silahları ən qətiyyətli zərbə vasitəsidir.

Son illərdə türk mühəndisliyinin simvolu halına gəlmiş, Liviyadan Qırğıstana, Səudiyyə Ərəbistanından Ukraynaya qədər hər yerdə adını duyurmuş, Qarabağın düşmən işğalından azad olunmasında erməni hərbi texnikasını və canlı qüvvəsini şahin dəqiqliyi ilə bir-bir “dənləmiş” “Bayraktar” PUA-ları artıq bir superstar kimi tanınaraq, hətta haqqında mahnılar belə qoşulmuşdur. Qardaş Türkiyənin yerli hərbi sənaye kompleksinin məhsulu olan müxtəlif çeşiddəki bu zərbə uçuş aparatları havadakı snayperlər kimi səbirlə gözləyib, düşmən hədəfini, həm də hədəfin istənilən nöqtəsini tək atışla sıradan çıxaran, bununla da mülki insanlara və infrastruktura zərər vurmayan texnologiya möcüzəsi olub, Azərbaycanın da hərbi arsenalında mühüm yer tutmaqdadır. Dünyadakı analoqları ilə müqayisədə üstün taktiki və texnoloji keyfiyyətləri, münasib qiyməti və idarəolunması ilə seçilən, süni intellektin ən son tətbiqi səviyyəsinə sahib olan belə müasir silahlar bu gün revanşizm atəşinə tutulub +42 dərəcə qızdırma altında səy-səy sayıqlayanların yuxusuna buzlu su effekti ilə təsir edib, növbəti hərbi təxribata əl atmamaları üçün də ciddi bir xəbərdarlıq siqnalıdır. Çünki Ukrayna şəhərlərində yaşayış binalarını, məktəbləri, xəstəxanaları, elektrik yarımstansiyalarını və ya yanacaq doldurma stansiyalarını harada gəldi vuran məlum ölkə PUA-larından fərqli olaraq Səlçuk Bayraktarın PUA-ları özünə lazım hərbi hədəfi həm də lüləsindən vurmaqda dünyanın bir nömrəli belə silahı olduğunu çoxdan sübut edib.

“Baykar” şirkətinin yeni nəsil “Akıncı” PUA-sı hələ 2022-ci ilin mayında ölkəmizdə keçirilən Texnofestdə nümayiş olunmaq üçün üç ölkə üzərindən 2 min kilometr uçaraq Bakıya gəlmiş, qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi kimi onun timsalında Azərbaycan və Türkiyə bir “Akıncı” məsafəsi qədər yaxın olmuşdur. Beləcə, hələ Çanaqqala döyüşlərində, Bakının erməni vəhşiliyindən xilasında bütünləşmiş, Şuşada imzalanmış strateji müttəfiqlik Bəyannaməsi ilə ən yüksək səviyyədə olan və bütün dünyanın həsəd apardığı Türkiyə-Azərbaycan qardaşlığı hər iki dövlətin sahib olduğu hərbi-iqtisadi potensialı ilə bir sinerji effekti yaratmaqla qarşısında nə siyasi, nə də hər hansı bir hərbi gücün dayana bilməyəcəyini açıqca bəyan edirlər. Bir il əvvəl baş vermiş “Əsrin fəlakəti”ndə hamıdan əvvəl qardaşlıq köməyinə tələsmiş Azərbaycan da bu ölkədə könüllərin bayraqdarı olmaqla  bunu sübut  etmişdir.

Dünya tarixində ən yeni innovasiyaların ən çox hərbi müdafiə sahəsində yaranıb tətbiq olunduğu bir gerçəklikdir. Bu mənada, Bakıda Hərbi Qənimətlər Parkında çürük erməni ordusundan geriyə qalmış və bəzilərinin, hətta 1945-ci il istehsalı olan hərbi texnikalara baxanda 26 fevral gecəsi Xocalıda dinc insanlara qarşı törədilmiş cinayətlərin qisasının müzəffər Ordumuzun hərb meydanında necə aldığını bir daha görürük. Bayraqdarlarımızın səngərdə gizlənmiş xaçatryanları, tankları, topları, hətta anqara qapadılmış milyon dollarlıq hava hücumundan müdafiə sistemlərini necə tapıb məhv etdiyi barədə yayılan videoları isə düşmən heç zaman unutmayacaq. Çünki Dəmir yumruq yerdə də, göydə də həmişə başlarının üstündədir.

Əli CABBAROV

Nəşr edilib : 12.02.2024 11:28