AZ EN RU

Ordubadın ləziz meyvəsi ərik

    Muxtar respublikamızda meyvəçilik və tərəvəzçilik əhalinin əsas məşğuliyyət sahələrindəndir. Diyarımızın torpaq-iqlim şəraiti burada müxtəlif meyvə, giləmeyvə ağaclarının yetişdirilməsinə, inkişafına,  bol və yüksəkkeyfiyyətli məhsul verməsinə əlverişli imkanlar yaradır. Ona görədir ki, muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, meyvə bağlarına rast gəlirik. Bağlar diyarı kimi tanınan Ordubad rayonu isə meyvələrinin özünəməxsus dadı-tamı ilə hər yerdə seçilir. 

    Rayonun torpağı, havası, suyu ta qədimdən burada meyvəçiliyin inkişafına zəmin yaradıb. Bu aqrar sahə min illərboyu Ordubad sakinlərinin başlıca məşğuliyyət sahələrindən biri olub. Bol, keyfiyyətli, həm də rəngarəng çeşidli təzə meyvə, meyvə qurusu və meyvə şirələri istehsalçısı kimi Ordubadın şöhrəti hər yana yayılıb. Bu bölgə həm də özünün ərik bağları ilə məşhur olub. Deyəcəksiniz ki, ərik bir çox rayonlarımızda, kəndlərimizdə becərilir. Niyə məhz təkcə Ordubad əriyi hər yerdə deyilir və tanınır? Gəlin bu sualımıza cavab almaq üçün Ordubad rayon sakini, 30 ildən çox bağçılıq təcrübəsinə malik, peşəkar bağban Rahim Kərimovu dinləyək: –  Ulu öndərimiz Heydər Əliyev Ordubadı Azərbaycanın incisi adlandırıb. Bu da təsadüfi deyil. Ordubad bir vaxtlar ipəkçiliyin,baramaçılığın, meyvəçiliyin ən çox inkişaf etdiyi rayon olub. Hələ Naxçıvan xanlığı dövründə Ordubadın bağlarında yetişən şaftalı, gilas, gilənar, gavalı, cəviz, ərik və digər meyvələr bütün Qafqazda tanınıb. Ordubad əriyi isə Cənubi Qafqazın ərik növləri içərisində ən üstün meyvə növü sayılıb. Ordubaddan Tbilisiyə, Rusiyanın mərkəzi şəhərlərinə min pudlarla quru ərik daşınıb. Sevindiricidir ki, bu gün də Ordubadımızda bağçılıq, meyvəçiliklə məşğuliyyət  qorunub saxlanılıb. Belə demək olar ki, əhalinin əsas gəlir mənbəyinin bir hissəsini də meyvəçilik təşkil edir. 

    Söhbət zamanı öyrənirəm ki, kənd təsərrüfatının bağçılıq və üzümçülük sahəsi ilə məşğul olan müsahibim  Ordubadda qədim meyvəçilik ənənələrini öz fəaliyyəti ilə yaşadır, itmək təhlükəsi ilə üz-üzə qalan meyvə ağacı sortlarını bərpa edir. Bundan əlavə, bağında sitrus meyvələr, dekorativ ağaclar, güllər, qızılgüllər yetişdirir. Müsahibim qeyd edir ki, Ordubadın əsas beş meyvəsindən biri olan ərik də əkib-becərdiyi meyvə ağacları sırasındadır. Ərik Ordubadın Xanağa, Dəstə, Vənənd, Ağrı, Dizə, Düylün kəndlərində, xüsusən Vənəndçay sahillərində yetişdirilir. Ordubadda qədimdən becərilən ən məşhur ərik növləri  Əbutalibi, kababı, limonnu, balyarım, qırmızı təbərzə, ağ təbərzə, növrəstə, ağ, göy, Haqverdi, şalax, hampa, ağcanabad, badamı, xosrovşahı, toxumşəmsi, qırmızıyanaq və sairdir. Kaliumla, müxtəlif vitamin və turşularla zəngin bu  meyvədən qax, konserv məhsulları, miyanpur, kompot, cem, lavaşana hazırlanır. Hətta Midiyadan Yunanıstan, Roma şəhərlərinə Ordubaddan ərik tingləri aparılıb. Bir sıra səbəblərdən əriyin bir çox növləri itmək təhlükəsi altında qalmışdır. Bir vaxtlar Ordubadda yetişən bir ərik ağacı var idi, 70-ci illərdə oktyabr ayında qar əriyin üstünə yağmışdı. O növü qoruyub saxlaya bilmədik, ancaq bu günədək bir çox sortları itmək təhlükəsindən qorumuşuq. Ərik ən keyfiyyətli meyvələrini də məhz Ordubadda verir. Bu da Ordubadın torpağı və suyunun zənginliyi ilə əlaqədardır.
    “Ərik ağaclarına necə qulluq etmək lazımdır ki, bol məhsul versin?” sualımın cavabında müsahibim deyir: – Onun becərilməsi çox  çətin deyil. Ərik, xüsusən yaz və payız aylarında rütubətlənən torpaqları sevmir, kökləri çürüyür və quruyur. Rütubətli yerlərdə əriyi alçaya calayırlar. Badam üstündə yetişən əriklər isə quraqlığa tab gətirir. Əriyi əriyə də calamaq mümkündür. Əriklərdə xəstəliklər, adətən, yazda – mart və aprel aylarında peyda olur. Rütubət və çoxlu yağışların yağması əriklərdə xəstəlikləri çoxaldır. Ərik ağacları müntəzəm olaraq gübrələnməli və peyinlənməlidir. Əriyin torpaqdan tələb etdiyi əsas maddələr kalium, kalsiumdur. Ağacların dibinə çürümüş peyin, kompost, üzvi gübrələr verilməlidir. Ərik isti və günəşli yerləri sevir. Tez çiçəklədiyinə görə yaz şaxtaları əriyin çiçəklərini çox vaxt dondurur, çiçəklənməsi yağışlı, rütubətli vaxtlara düşəndə çiçəklər tələf olur. Əriyin gübrələnmə və suvarmaya  ehtiyacı çoxdur. Əsasən, birinci suvarma ərik ağacı çiçək açmazdan əvvəl, ikinci suvarma isə çaqqala dövründə aparılır. Payızda ağac diblərinə qulluq edilməli, ağacın dibi yumşaldılmalıdır. Bundan başqa, ağaclar vaxtında, düzgün budanmalı, böyük yaralar məlhəm, parafin və ya küllə örtülməlidir. Ərik birillik şivlərdə meyvə verir. Əriklərdə ən çox görünən xəstəliklər qabıqaltı bit, qara çürümə və sairdir. Qabıqaltı bitlər vaxtında arıtlanıb dərmanlanmazsa, iki il ərzində ağaclar məhv olar.
    Bağban bildirir ki, ərik çox keyfiyyətli meyvə sayılır. Əriyi uzaq məsafəyə daşımaq üçün meyvələri texniki yetişmə dövründə, yəni adi yetişmədən bir neçə gün əvvəl dərilir. Ərikdən müxtəlif məhsullar hazırlanır. Belə məhsullardan biri miyanpurdur. Miyanpur əriyin içərisinə ərik dənəsi, badam, yaxud cəviz ləpəsi qoymaqla qurudularaq hazırlanır. Növbəti məhsul lavaşanadır. Bunun üçün yetişən meyvənin şirəsini çıxardır və qaynadıb qatılaşdırır, günün altında qurudurlar. Lavaşana quruyanda üstünə üyüdülmüş cəviz və ya badam səpib rulet kimi büküb bağlayırlar. Bu lavaşana çox gözəl görünür və dadlı olur. Ərikdən həm də kompot, mürəbbə, cem hazırlayırıq. Əriyin  gilənar və quşüzümü ilə kompotu yaxşı alınır. Ordubadda ərik mürəbbəsinə cəviz, badam ləpəsi də əlavə edənlər olur. Ərik qurusu isə, sözün əsl mənasında, can dərmanıdır. Əriyi dənəli və  dənəsini çıxartmaqla qurudurlar. Əbutalibi ərik dənəli  qurudulmaq üçün daha əlverişli sortdur. Bu ərik növünü qurudanda büzüşür, ancaq qurusunu suya salanda böyük forma alır. Günün altında quruyanda bu əriyin tərkibi daha da zənginləşir və faydalı maddələri özündə saxlayır. Bilirik ki, mikroelementlərin əksəriyyəti günün altında ölmür, əksinə, onlarda  kaliumun miqdarı artır. Ərik ürək xəstəlikləri, infarktın müalicəsində əvəzedilməz bir nemətdir. Ordubad mətbəxinə aid milli yeməklərimizdə bu meyvə növündən geniş istifadə olunur. Ərikdən hazırlanan müxtəlif məhsullar nəinki ölkə daxilində, ölkə xaricində də insanlar tərəfindən həvəslə alınır.
     Məqalənin sonunda onu da qeyd etmək yerinə düşər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələr Ordubad rayonunda da uğurla həyata keçirilir. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı bu sahələrə olan tələbatın ödənilməsində mühüm rol oynayır. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 29.06.2022 18:43