AZ EN RU

Ordubadın incisi – Vənənd

Keçmişlə müasirliyin vəhdət 
təşkil etdiyi çinarlı kənd

Başı buludlara dəyən çinarlar qarşılayır bizi Vənənd kəndində. Əzəməti, məğrur duruşu, illərlə gördüyü hadisələri öz kökündə sıxıb saxlayan, bəzilərinə qucaq açan, gövdəsində ev olan bu çinarlar sanki qonağına nəsə demək istəyir. Dil açmadığını, aça bilməyəcəyini özü də bilir, lakin duruşunda gizlədiyi tarixin olduğu aşkardır. Bu çinarlar qədim kəndin tarixini özündə əks etdirir, kölgəsində neçə-neçə səyyahlar, alimlər dincəlib, bu çinarları kimlər vəsf etməyib ki...

Ulu Öndərin əmanəti

Yazın gəlişi bu yerlərə sanki bir ovqat gətirib – hər tərəfi bürümüş ilahi rənglərin ovqatını. İnsanları da fərqlidir bu kəndin, danışdıqları, söylədikləri sanki al-əlvan rəngə boyanmış bənzərsiz kilimə, keçəyə bənzəyir: adam sözlərini yarıda qoymaq istəmir onların – ayağını bu kilimə qoymağa qıymırsan. Çinarları vəsf edir Zakir Həsənov. O, çinarlarla bağlı yaddaşında qalan ən xoş xatirəni bölüşür bizimlə. Deyir ki, bu çinarları qorumaq bizə Ümummilli Lider Heydər Əliyevin vəsiyyətidir: “Ulu Öndər 70-ci illərdə kəndimizə gələndə bu çinarları görüb. Üzərindən 20 il sonra – 90-cı illərin əvvəlində yenidən Vənəndə gəlmişdi. O zaman mən 9-cu sinifdə oxuyurdum. Gördüyünüz bu meydanda onu kəndin ağsaqqalları qarşıladı. Heydər Əliyev həmişəki kimi kostyumunu qoluna salmışdı. Və bir anda çinarları süzərək dedi: “Necə görmüşdümsə, elə də qalır. Bu çinarları bax belə də qoruyun, bu çinarları sizə əmanət edirəm”. Bu sözlər indi də qulağımızdadır”.

Bu çinarların xatirəsi vənəndlilər üçün əzizdir. Bir vaxtlar meydanda olan çinarın içərisində çayxana, hətta ət mağazası belə olub. Vüqar Məmmədov deyir ki, onun babasının məhz bu çinarın içərisində ət mağazası olub: “Tarixə şahidlik edib bu çinarlar. Bir zamanlar bu çinarın içərisində çayxana olub, stol qoyulub, insanlar burada oturub. Sonradan mağaza kimi fəaliyyət də göstərib. Babam isə bu çinarın içərisində ət satıb. Ümumiyyətlə, meydanda olan çinarların yaşının 600-700 il olduğu deyilir. Biz də bacardığımız qədər bunları qorumağa çalışırıq”.

Kəndə üz tutanların “lövbər” saldığı meydan

Vənəndin “Kiçik meydan” adlanan ərazisi yayın ən isti günlərində belə öz təmiz və sərin havası ilə tanınır. Bu kəndə üz tutanların da elə ilk “lövbər” saldığı yer məhz meydandır. Bura sanki keçmişlə müasir dövrün harmoniyasını özündə birləşdirir, yerli sakinlər müasirliklə ayaqlaşsalar da, tarixi ənənələrinə sadiqliklərini qoruyub saxlayılar. Bu onların adətlərində özünü göstərir. Ələlxüsus, el adətləri heç vaxt unudulmur. Elə Vənəndə xas olan “çöpüdüm” yallısı kimi. Bu yurdda doğulub böyüyən, Ordubad üçün bir çox istedadlı müəllimlər yetişdirən Cəmil Məmmədov uşaqlıqda gördüyü ənənənin hələ də davam etdiyini deyir: “Bu meydan bayramlarda el adətləri ilə qonaqlarına, yerli sakinlərə qucaq açır. Vənənd kəndinin illərdir, davam edən bir ənənəsi var – çöpüdüm yallısı. Bayramlarda kəndin gəncləri meydana yığışar və iki dəstəyə ayrılarlar. Bir dəstə digərinə sual ünvanlayar, rəqibi isə onu tapmağa, ona uyğun cavab verməyə çalışar. Məsələn, bir dəstə at belində gənc bir oğlanı gətirərsə, rəqib dəstə ona cavab olaraq at belində gənc qız gətirməlidir, yəni bəy və gəlin. Bunlara cavab verməyən qrup məğlub olar və öncədən razılaşdırılmış cəzanı çəkər. Bu yallı həm də Vənənd kənd sakinlərinin nə qədər hazırcavab olduğunun göstəricisidir”. 
Bir ənənə də var ki, kənd ağsaqqalları, sakinləri onu hər zaman gənclərin adı ilə bağlayırlar. Yaqut Babayeva söhbət əsnasında deyir ki, bu, muxtar respublikanın bəzi kəndlərində var, lakin bizdə yayıldığı qədər yoxdur: “Kənddə, demək olar ki, hamı bir-birini tanıyır, hamı xeyirdə, şərdə iştirak edir, hər hansı kənd sakininin əziyyət çəkməsi hamını narahat edir. Odur ki, imkansız ailədə kiminsə xəstəsi olarsa, onun müalicəsini kəndin cavanları öz üzərinə götürürlər. Vənənddən kənarda yaşayan, orada işləyən gənclərimiz kəndə gələn kimi ilk işləri mağazalara getməkdir. Onlar kənd sakinlərinin ərzaq mağazasına olan bütün borclarını ödəyirlər. Ən əsası isə bunu kimin etdiyi deyilmir”.

Tarixi özündə gözü kimi bəsləyən kənd

Vənənd nəinki Naxçıvanın, Azərbaycanın tarixi yaşayış məntəqələrindən biridir. Bu kəndin dar, uzun küçələrində yerləşən qədim evlərin divarlarına ənənələrlə “bəslənmiş”, bunu qorumağa çalışmış insanların nəfəsi hopup sanki. Deyilənə görə, XVIII əsrin əvvəllərində Naxçıvan sancağının Azadciran nahiyəsinin tərkibində olan Vənənd Ordubadın ən gəlirli kəndi imiş. Demək olar ki, bir çox tanınmış səyyahlar, elm adamları bu kəndə gələrək Vənəndi öz əsərlərində tarixi-memarlıq abidələri ilə zəngin bir diyar kimi təsvir ediblər. Orta əsrlərə aid olan qədim abidələr içərisində hamam və məscidi xüsusilə vurğulamaq lazımdır. Əslində, Vənənddə yerləşən hamamın inşasında maraqlı hadisə baş verib. Belə ki, bu hamamın müəyyən hissəsinin (alt hissəsinin) tikilişi iki il çəkib və hamamı inşa edən usta tikintini belə qoyaraq gedib. Yerli sakinlər uzun axtarışdan sonra ustanı tapıblar. İkiillik fasilədən sonra usta gələrək işinə davam edib. Harada olduğunu soruşanda isə cavabı belə olub: “Hamamın yaxınlığında çeşmənin suyu olduğundan onun “oturması” üçün vaxt lazımdır. Bu həm də onu uzunömürlü edəcək”. Maraqlısı odur ki, hamama birləşən bütün ərazinin “uzun-küçə” deyilən küçə vasitəsilə həm kəndin meydanına, həm də yaşayış məhəllələrinə çıxışı var. Bu da hamamın planlaşdırma strukturunun çox dəqiq olmasından xəbər verir. Son 60 ildir, hamam fəaliyyətini tam olaraq dayandırıb.
Bu kəndin digər özəlliyi həm də dinə bağlılığıdır. Kəndin ərazisində yerləşən 4 məscid öz tarixi ilə buranın nə qədər qədim, eyni zamanda dinə bağlı olduğunun göstəricisidir. Ən qədim məscid isə XIV əsrdə inşa edilib. Məscidlərin, demək olar ki, hamısı dördbucaqlı formada tikilib. Vənəndlilərin adı ilə bağlı olan bu kənddə meydanla yanaşı, divanxana da olub. Yerli sakinlər deyir ki, o zamanlar cəzası olanları divanxanaya yığıb orada cəzalandırırmışlar. Meydanda isə orta əsrlərdə karvansaray və bazar olub ki, bu da yolun üzərində yerləşən kəndə gəlib-gedənlərin sayının artmasına zəmin yaradıb.
Vənənd həm də o dövrün ictimai ziddiyyətləri ilə barışmayan, din xadimlərinin, mollaların, varlı bəylərin, xanların, şəhər qazılarının mütəmadi olaraq tənqid olunduğu bir kənd olub. Odur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində olduğu kimi, Vənənddə də “Əncüməni-şüəra” adlı ədəbi məclis yaradılıb. Bu məclisdə seçilən şairlərdən biri də realist məzmunlu əsərlər qələmə alan Qüdsi Vənəndi olub.
Azərbaycanın incisi Ordubad, Ordubadın incisi isə bu kənddir deyirlər. Kəndin tarixi adət-ənənələrində özünü əks etdirir, sanki Vənənd özünün harmoniya təşkil etdiyi, səs-küydən uzaq tarixinə, keçmişinə yenidən qayıdacaq kimi yola salır bizi. Tarixinə söykənən bir kəndin məhz “Ordubadın incisi” adını almasını da bundan gözəl izah etmək mümkün deyil. 
Kəndin uzun və dar küçələrini seyr edə-edə yola düşürük. Geridə bizlərə Vənənd kəndinin bağışladığı zəngin, ən əsası tarixi təəssüratları qalır. Yenidən axşam düşəcək, səhər açılacaq... Vənəndin gündəlik həyatı bu minvalla davam edəcək. İllərdir, nağıl kimi ömür yaşayan Vənəndin çinarları yenə də təəssüratlarımızda “başı buludlara dəyən çinarlı kənd” kimi qalacaq...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.06.2024 10:55