AZ EN RU

Ordubadın gözoxşayan, ruha dinclik verən şəlaləsi

    Bir şəlalə var. Gözəlliyi göz oxşayır (fotolarda belə). Dağlar qoynundan axır, coşub-daşır, ruha dinclik, ürəyə sərinlik verir. Səsindən məhəbbət, sevgi, mənəvi paklıq və rahatlıq oxunur. Duruşu, əzəməti, nəcibliyi ilə görüşünə gələn hər kəsi cəzb edir. Qonaqpərvərdir, kiçiyə-böyüyə mehribanlıqla qucaq açır, gözəlliyinə tamaşa etməyə gələnləri xoş qarşılayır. Onun əhatəsində ancaq gülüş, sevinc, xoşbəxtlik nidaları eşidilir. Ondan ayrılmaq istəmirsən, yenidən görüşə can atırsan. Bu cənnətməkan dağlar əhatəsində yerləşən Pəzməri şəlaləsidir...

    Yayda təbiətsevərlərin görüşünə gəldiyi şəlalə Ordubad rayonunun Pəzməri kəndi yaxınlığında yerləşir. Şəlaləni görmək istəyənlər Naxçıvandan uzun, təqribən, 1-2 saat arası yol qət etməlidirlər. Bu yol heç də cansıxıcı, yorucu gəlmir. Ona görə ki, yolun sonu o gözəlliyə – Pəzməri şəlaləsinə gedib çıxır. Dövlətin qayğısı ilə salınan və bərpa edilən rahat, abad yollarla irəlilədikcə yorulmursan, əksinə, dağların əsrarəngiz mənzərəsini, yamyaşıl bağları, çəmənlər arasında boy göstərən al-əlvan çiçəkləri, təsərrüfatçıların yay qayğılarını izlədikcə vaxtın necə gəlib keçdiyini belə hiss etmirsən. Dağ, təbiət mənzərələri insanı bir anlıq xəyallara aparır. Bu dağların dili yoxdur danışsın. Yayda da zirvəsindən qar əskik olmayan, müxtəlif rəng çalarlarını əks etdirən, özünəməxsus quruluşu ilə seçilən səngərli, qalalı dağlar. Naxçıvanın yenilməzliyinin, əyilməzliyinin, qüdrətinin vəsfidir bu dağlar. Bu yurda bəxş edilən təbiət gözəlliklərini seyr edə-edə bir də görürsən ki, Ordubad rayonunun Naxçıvanlılar arasında kifayət qədər məşhur olan Dəstəbaşı deyilən yerinə çatmısan. Buradan artıq Vənənd-Anaqut-Dırnıs-Pəzmərinin buz kimi sərin, saf havası duyulur. Bir tərəfdə arıçılar pətəklərə qulluq edir, arılar çiçəklərdən və ağaclardan şirə çəkir, digər tərəfdə obalarına yol alan qoyun-quzunun mələşməsi eşidilir, təsərrüfatçıların əkdikləri kartof, kələm, lobya, qarğıdalı, günəbaxan, digər tərəfdə müxtəlif meyvə ağacları... Həqiqətən də, Ordubad rayonuna səfər edəndə elə bil cənnətə düşürsən. Buranı cənnətə çevirən isə onun qonaqpərvər, gülərüz,  istiqanlı insanları və bayaqdan bəhs etdiyimiz təbii gözəllikləridir.
    Qısa zaman ərzində kəndlərdə yaradılan turizm obyektləri istirahəti daha da mənalı edib. Vənənd və Anaqut kəndində istifadəyə verilən ailəvi istirahət mərkəzləri, restoranlar yerli əhalinin, eləcə də Naxçıvanımıza səyahət edən hər kəsin diqqətini çəkir. Burada insanlara milli mətbəximizin ləziz təamları təklif olunur, yerli istehsal məhsulları tanıdılır. Bir sözlə, Ordubadın dillər əzbəri limonu, sucuğu, cəviz mürəbbəsi, qayğanağı ilə çay içmək istəyənlər buyurub bu gözəl yerləri ziyarət edə bilərlər. 
    Digər tərəfdən, rayon mərkəzləri ilə yanaşı, ucqar kəndlərdə də yaradılan müasir şərait və yol infrastrukturu, yeni təhsil ocaqları kəndlərin simasına əlavə gözəllik verir. Dırnıs, Kələki, Unus, Pəzməri kəndlərinin təmiz havası, buz kimi suları, bulaqları, çayları Naxçıvanın yandırıcı istisini bir-iki günlük də olsa, sizə unutduracaq. Unusla Pəzməri arasında bir çox şəlalələr – Gərdəni, Ağyurd, elə adını kəndin adından götürən Pəzməri şəlaləsi bu yurdun gözoxşayan təbiət abidələridir. Unus kəndindən dağların arasından qıvrılan yollarla yuxarıya doğru qalxdıqca təbiət gözəlini görməyə tələsirsən. Şəlaləyə qalxmazdan əvvəl camaat arasında “Çimənək” deyilən yerdə dincəlirsən. Şəlaləyə gedən yol məhz elə buradan keçir. “Çimənək” adından da bəlli olduğu kimi, yamyaşıl ağaclar arasında yerləşir və şəlalədən axan gur su buradan da keçir. İnsanların rahat, mədəni istirahəti üçün burada hər cür şərait yaradılıb. Belə ki, uzaq yoldan gələnlər süfrə açır, samovar çayından içir, gətirdikləri nemətlərdən dadır, bir qədər dincəldikdən sonra şəlaləyə qalxırlar. “Çimənək piri” adlanan yerdə insanlar rahatlıqla ibadət edə, namaz qıla, nəzir-niyazlarını verə bilirlər. 
    Ətrafa nəzər salanda qartalların qıy vurduğu, kəkliklərin özünə yuva etdiyi hündür dağları, bu dağların başında görünüşü, əzəmətli duruşu ilə diqqəti cəlb edən Gəlinqaya abidəsini görürsən. Ana təbiətimizin  əsəri olan bu abidə ilk baxışdan bir insan fiquruna bənzəyir. Muxtar respublikanın bir çox yerlərində Gəlinqaya abidələrinə rast gəlirsən. Bu abidə kədərli bir əfsanəni özündə ehtiva etməklə qadın ləyaqətinin, qadın ismətinin daşlaşmış formasıdır. Qədim türklərə məxsus daş kultu qız-daş, qız-gəlin kimi abidələrin mərkəzində dayanır. Gəlinqaya əfsanəsi haqqında daha ətraflı məlumatı elə buradaca öyrənməyin isə bir başqa ecazkarlığı, sehri vardır.
    Füsunkar Pəzməri şəlaləsi gərgin iş gününün yorğunluğunu unutmaq istəyənlərin – naxçıvanlıların, eləcə də digər bölgələrimizdən, xarici ölkələrdən gələn qonaqların axın etdiyi məkanlardan biridir. Ordubad rayonunun Zəngəzur dağ silsiləsinin Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın üzərində yerləşən şəlalə Pəzməri kəndindən 4-5 kilometr aralıdadır. Buraya iki yerdən, dağların zirvəsi və dərələrlə qalxmaqla sakit, bir o qədər də coşqun, şaqraq şəlaləni görmək olar. Şəlalənin yanına enmək asan olmasa da, şəlalə ilə möhtəşəm görüşə çatdığında  piyada gəldiyin yolu unudur, yalnız onun gözəlliyinə vurulursan. 
    Pəzməri şəlaləsinə gələnlər ondan bir az yuxarıda yerləşən, Pəzməri çayının qollarının birləşərək əmələ gətirdiyi Qaplançay şəlaləsini də görmək imkanı əldə edirlər. Pilləvari görünüşü ilə diqqətçəkən şəlalənin bumbuz suyu ürəklərə sərinlik bəxş edir. Şəlalənin ətrafında yaradılan istirahət guşəsi səyahəti daha da maraqlı edir. Təbiətin füsunkar mənzərələrinin seyrinə dalan insanlar burada fotoşəkillər çəkdirir, çəmənlərdə bitən çiçəklərdən, dağlardakı kəklikotundan yığırlar. Gözəl təbiət mənzərələrinin seyrinə daldıqca düşünürsən ki, bu yerlər, həqiqətən də, Tanrının yaratdığı cənnətməkanlardır. Ona görə bu yerlərə bir gələn bir də gəlmək istəyir. Bu gözəlliklərdən doymasaq da, qəlbimizi bürüyən bu inam hissi ilə buradan ayrılırıq. 
    Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda turizmin inkişafı prioritet sahələrdən biri kimi ön plana çəkilib. Proqramda müxtəlif turizm növlərinin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əlbəttə ki, proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi, Zəngəzur dəhlizinin açılması turizmin daha da inkişafına şərait yaradacaq. Bu inkişafdan Ordubad rayonuna da böyük pay düşəcəkdir. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 10.08.2023 19:01