AZ EN RU

Ordubadda Türk zabitinin xatirəsinə bulaq-abidə ucaldılıb

    1918-1920-ci illərdə Naxçıvan əhalisi bizə qarşı torpaq iddialarında olan erməni qəsbkarına müqavimət göstərib, Azərbaycanın tərkib hissəsi kimi varlığını qoruyub. Həmin illərdə Anadoludan gələn türkiyəli qardaşlarımız da bizə dəstək olub, torpağımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıblar. Xalqımız daim qardaş şəhidlərimizin xatirəsini uca tutub, onları yada salıb, türk şəhidlərin adları əbədiləşdirilib. Həmin şəhidlərdən biri olan Həsən Bəşir Türkoğlunun şəhadətindən 105 il ötür. Ordubad rayonunun Anaqut kəndində şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq-abidə inşa edilib. 
   Bulaq-abidənin açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya çıxış ediblər. 
    Bildirilib ki, 1918-1920-ci illərdə erməni daşnakları Azərbaycanın başqa bölgələrində olduğu kimi, Naxçıvanda da türk-müsəlman əhalisinə qarşı qanlı  cinayətlər törədiblər. Belə dəhşətli günlərdə türk ordusu qardaş harayına yetib. Kazım Qarabəkir Paşanın başçılığı altındakı IV Qafqaz ordusunun 15-ci süvari alayının taqımı yerli özünümüdafiə üzvləri ilə birlikdə kəndlərimizdə soyqırımı faciələrinin qarşısının alınmasında ölüm-dirim savaşına girdi, bizimlə birlikdə şəhidlər verdi. 
    Qeyd edilib ki, xalqımız qardaş ölkənin qəhrəman övladlarının şücaətini unutmayıb, onların yazdığı qəhrəmanlıq dastanını dillərdən salmayıb, Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında Türkiyə şəhidlərinin əziz xatirəsinə abidə ucaldılıb. Türk ordusunun belə qəhrəman zabitlərindən biri də Həsən Bəşir Türkoğludur. O bu döyüşdə xüsusilə fərqlənib, düşmən mövqelərinin darmadağın edilməsində xüsusi qəhrəmanlıq nümayiş etdirib. Həsən Bəşir 1918-ci ildə Ordubad rayonunun Dırnıs kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və bu kənddə dəfn edilib. Həmin döyüşlərdə qardaş türk ordusunun  səyi nəticəsində şəhidlərimizin və soyqırımının çoxsaylı qurbanlarının qisası alınıb, Ordubad və bütövlükdə, Naxçıvan düşmənlərdən təmizlənib. 
    Çıxışlarda 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfərdən də söz açılıb, qardaş türk dövlətinin və xalqının mənəvi və siyasi dəstəyinin də qələbənin qazanılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. 
    Tədbirdə Bakı Dövlət Universitetinin Dilçilik kafedrasının müdiri, professor Adil Babayev qəhrəman türk zabiti Həsən Bəşirin qəhrəmanlığı haqqında danışdı.  
    Kənd sakini, xeyriyyəçi Ramiz Hüseynov bildirib ki, Vətən daşına dönən oğullar heç vaxt unudulmur, əbədi yaşayırlar.  Bu gün açılışı edilən bulaq-abidə də türk zabiti Həsən Bəşirin xatirəsini qəlblərdə əbədi yaşadacaq.
    Digər çıxış edənlər şəhidlərin daim qürur mənbəyimiz  olduqlarını bildirib, bu xeyirxah əməyi yüksək qiymətləndiriblər. 
    Tədbirin davamında məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.  
    Sonda Həsən Bəşir Türkoğlunun və Dırnıs kənd şəhidlərinin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.  

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.08.2023 20:52