AZ EN RU

Ordubadda özünəməxsus ənənələrlə qeyd edilən Novruz bayramı

Xalqımızın qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı muxtar respublikamızda da özünəməxsus təmtəraqla, yüksək şövqlə qeyd edilir. Təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkin mövsümünün başlanmasını, yazın gəlişini özündə təcəssüm etdirən, bənövşə, nərgiz ətirli bu bayram insanlarda xoş əhvali-ruhiyyə yaradır. Qədim diyarımızın Ordubad bölgəsində deyərlər ki, tut sovuşanacan, gilas ağaranacan Novruzdur. 
    Hər il Novruz bayramı bu rayonda daha fərqli şəkildə keçirilir.  İlaxır çərşənbə axşamı evlərin həyətində tonqallar qalanır. Həmin gün insanlar ən gözəl libaslarını geyinir, günü çox şən keçirirlər ki, il uğurlu və düşərli olsun. Ürəklərindən keçən arzuları, niyyətləri tutub alovun üstündən tullanırlar. Bu zaman deyilər: “Ağırlığım, uğurluğum odlara, yazda mənlə hoppanmayan yadlara və ya ağırlığım, uğurluğum bu odda yansın”. İnanca görə, odun üstündən tullanan şəxs ilboyu xəstələnməz, dərd, qəm ondan uzaq durar. Axır çərşənbədə hər bir ailə çalışar ki, yandırdığı tonqalın alovu hündürə qalxsın. Bunun ailəyə uğur gətirəcəyinə inanılar.   İlaxır çərşənbə Ordubadda həm də “Yeddiləvin” adlanır. Bu, xalq təqviminə görə, köhnə ilin tamam olub, yeni ilin başlandığı vaxtdır. “Yeddiləvin” günü süfrələrə 7 adda cürbəcür nemətlər düzülər. Səhər sübh tezdən insanlar gedib çaylarda, arxlarda, bulaqlarda əl-üzlərini yuyar, su üstündən adlayar, çay daşlarından yeddisini gətirib evin hər küncünə qoyarlar. “Çərşənbə suyu”ndan insanlar arasında bir-birinin üstünə çiləmə adəti də  icra olunar. Su aydınlıq, paklıq, təmizliyə çıxmaqdır. Həmin gün evdə bütün su qablarını boşaldıb yerinə “çərşənbə suyu” doldururlar. Rayonun Tivi kəndində həmin gün çal-çağır olar, yuxarı kəndlərdən də gəlmiş 20-30 atlı bir-biri ilə yarışar. Sonda hədəfə daha tez çatan atlı müxtəlif hədiyyələrlə mükafatlandırılar. Vənənd kəndində də başqa bir ovqat yaşanar həmin gün…
    Martın 21-nə keçən gecə geniş süfrə açılar və üzərinə müxtəlif nemətlər düzülər. Geniş süfrə açmaqda məqsəd bolluq, bərəkət dolu bir ilə qədəm qoymaq, eyni zamanda bayram günlərində görüşə gələn qohum-qonşuları qonaqpərvərliklə qarşılamaqdır.  Bayramın birinci günündən başlayaraq hamı bir-birinə “Bayramın mübarək olsun!”  və ya Ordubad ləhcəsi ilə “Yengilin (yəni yeni ilin) mübarək”, – deyər, qarşılığında eyni cavabı alar. Uşaqlar isə bayramın birinci günü qapı-qapı gəzib, uca səslə “Bayramınız mübarək, neçə belə illərə çıxasınız”, – deyər, əvəzində ailədən bayram payı, rənglənmiş yumurtalar alarlar. 
    Bayramda küsülülər barışar, incikliklər unudular. Martın 21-dən etibarən bayram görüşləri başlayır. Gənclər, eyni zamanda kişilər və qadınlar özlərindən böyük bacı-qardaşlarının, valideynlərinin, ağsaqqalların, ağbirçəklərin görüşünə gedər, onlara hörmət əlaməti olaraq bayram payı, əgər evdə balaca uşaq varsa, mütləq boyanmış yumurta aparırlar. Novruz bayramında yumurta oyunları böyük maraq doğurur. Kimin yumurtanı əlində və necə saxlayacağı, kimin isə üstdən və necə vuracağı razılaşdırılır. Yumurta döyüşdürərkən uduzan tərəf öz yumurtasını qalib gələnə verir. 
    Ordubadda bayram tədbirinin yaddaqalan və maraqlı personajı Xandır. “Xanbəzəmə” oyunu böyük-kiçik hər kəsin sevdiyi oyunlardan biridir. Ordubad şəhərinin “Sərşəhər” meydanında Xan bəzədilir. Bir nəfər hündürboy, zəhmli adamı Xan kimi bəzəyib taxt-taca əyləşdirirlər. Xan meydana at üstündə daxil olur. Ətrafındakı vəzir, vəkil, üç fərraş, bir cəllad isə onu qoruyur. İki nəfər yelpiklə Xanı yelləyir. “Yaraqlı-yasaqlı” fərraşlar Xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad qırmızı libasda, əlində balta meydanın aşağı başında gözləyir. Kosa ilə Keçəl tez-tez meydana girib Xanı güldürməyə çalışırlar. Xan çox ciddi görkəmdə olmalı, oyunun şərtinə əsasən gülməməlidir. Əgər gülərsə, Xanı ciddi cəza gözləyir. Üç gün ərzində bütün göstərilən məzəli hərəkətlərə dodağı belə qaçmayan Xan rolunu icra edən şəxs əhali tərəfindən mükafatlandırılır. 
    Xoş arzuları, gözəl istək və diləkləri tərənnüm edən  Novruz  həm də Kosası, Keçəli, Bahar qızı ilə əlamətdardır. Kosa və Keçəl məşhur personajlar kimi bayrama xüsusi rəng qatırlar. Gözübağlıca, kəndirbaz oyunlarında Keçəl öz məharətlərini sərgiləyir. Kos-kosa oyunu bayrama xüsusi maraq qatır. Cavanlar bir yerə toplaşır, Kosanı hazırlayır, bir çömçəni qırmızı bəzəyib ona verir və bu mahnını oxuyurlar:

        Ay kos-kosa, gəlsənə,
        Gəlib salam versənə,
        Çömçəni doldursana,
        Kosanı yola salsana...

    İkinci Qarabağ müharibəsindən sonra bayrama əlavə çalarlar qatılması muxtar respublikamızın bütün bölgələrində şəhid və qazi ailələrinə böyük ehtiramın ifadəsinə çevrilib. 

Təbiətin nazlı gəlini, incəbelli  SƏMƏNİ

Təbiətin oyanması və bitkilərin canlanmasının rəmzlərindən biri də səmənidir. Səməni buğda, arpa, noxud, mərci və digər dənli bitki məhsullarından hazırlanır. Naxçıvanda, adətən, bayrama iki həftə qalmış buğdadan səməni qoyulur. Bunun üçün buğda suya salınır. Suda bir gün qaldıqdan sonra nazik bir tənzifə tökülür. Hərdən sulanır və sulayanda da çevrilir ki, buğda yaxşı cücərsin. Buğda çırtlayanda sini, məcməyi, yaxud  boşqaba sərilir, üstü dəsmal və ya tənziflə örtülür. Üzərinə gündə iki dəfə su çilənir. Səməni isti yerdə, təqribən, bir həftə, on günə kimi göyərir. Yaşıl rəngi ilə hər evə gözəllik bəxş edən səməninin “incə beli” qırmızı lentlə bağlanılıb Novruz süfrəsinin ən görkəmli yerinə qoyulur. 
    Təzə səməniyə mahnılar qoşulub oxunur: 

        Səməni, ay səməni,
        Göyərdərəm mən səni.
        Sən gələndə yaz olur
        Yaz olur, avaz olur...

    Səməni həm də əkinin, məhsul bolluğunun simvoludur. “Səməni, saxla məni, ildə göyərdərəm səni”, –  deyə ona vəd edərək hər il bolluq yaradılacağına söz verilir. Bayram bitdikdən sonra səməni təmiz, axar suya atılır. İnanılır ki, bu zaman niyyət edən  insan növbəti ilədək arzusuna çatır. Bu ənənə bir çox bölgələrimizdə, xüsusilə Ordubadda yaşadılır.   
    Bayram günlərində hazırlanan səməni (horra) xüsusi dadı ilə seçilir və sağlamlıq üçün faydalıdır. Belə bir adət də var ki, hüzrlü olanlara, bayram keçirə bilməyənlərə İlaxır çərşənbə və ya Novruz axşamı səməni xonçası göndərilir. Xonçaya bayram üçün hazırlanmış nemətlərdən qoyulur və ətrafına şamlar düzülür. Bu şamlar ailəni hüzndən, yasdan çıxarmaq məqsədilə hüzrlünün evində yandırılır. Novruzla əlaqəli el şənliklərində oynanılan “Səməni” ən qədim rəqslərimizdən biridir. Baharın gəlişinə həsr edilmiş ənənəvi şənlik rəqsini yalnız qadınlar və qızlar oynayarlar. Rəqs əl çalınmaqla müşayiət olunar.  
    Novruzun əsas atributlarından olan səməni bayram bitənə qədər hər kəsin evini, süfrəsini bəzəyir. 

Bol, bərəkətli bayram süfrəsi

Novruz süfrəsi üçün bir neçə gün öncədən hazırlıqlar başlayır. Zəhmətkeş, bacarıqlı naxçıvanlı xanımlar müxtəlif şirniyyatlar, kökələr bişirirlər. Bu, qədim adət və ənənələrimizin bu gün də yaşadılmasına nümunədir. 
    Milli mətbəx mədəniyyətinin mühüm tərkib hissəsini təşkil edən Naxçıvan mətbəxi içərisində  yenə də Ordubadda hazırlanan yeməklərin, şirniyyatların xüsusi yeri və rolu vardır. Novruz süfrəsini bəzəyən paxlava, şəkərbura, badambura, qayğanaq, cəvizli dürmək Ordubadda hazırlanan ləziz təamlardır. Rayonun bir çox kəndlərində cəvizli  paxlava məcməyidə hazırlanaraq təndirdə bişirilir, hazır olduqdan sonra üzərinə gülab qatılmış şərbət gəzdirilir və süfrəyə gətirilir. Şəkərbura isə üzərindəki incə, dolğun naxışları ilə seçilir. Onun kənarlarının bükülməsinə, üzərinin naxışına, bişərkən çox qızarmamasına, yumşaqlığına diqqətlə yanaşılır. Badamburanın özünəməxsus görünüşü var. Onun içərisinə çəkilmiş badam, cəviz və şəkər tozunun qarışımından hazırlanmış içlik doldurulur. Sonda qat-qat badambura alınır ki, üstünə şəkər tozu səpilir. Kətə formasında kəsilən cəvizli Ordubad dürməyi də bayramda bişirilən şirniyyatlardandır. Novruz bayramı ərəfəsində təndirdə bişirilən kökənin (çöçə) dadı isə əvəzedilməz olur. Novruzda evə gələn qonağa adı dillər əzbəri olan Ordubad limonu ilə çay təqdim edilir.
    Novruzda Ordubad qayğanağı, əsasən, nişanlı qız və oğlanın evinə xonça apararkən bişirilir. Bayram süfrəsinə Ordubad mətbəxinə məxsus müxtəlif növdə çərəzlər də düzülür.  Sucuq, miyanpur, alana həm görünüşü, həm də dadına görə seçilir. Sucuq cəvizdən, miyanpur ərik, şaftalı,  eləcə də əncirdən, alana isə şaftalı və armuddan hazırlanır. Qovurğa da süfrənin əsas çərəzlərindəndir. Sacda qovrulmuş buğdaya küncüd, cəviz, fındıq ləpəsi (qovrulmuş halda) qatılır. İlaxır çərşənbə axşamı papaq atan uşaqlara da bu qovurğadan pay verilir. Süfrədə boyadılmış yumurtanın, cücərdilmiş səməninin də öz yeri vardır. Ordubadda bayramda süfrəyə  gülab da qoyulur. Bayramlaşma zamanı bir-birinin əlinə gülab suyu səpmək adəti bu gün də yaşadılır.  
    Qədəmlərin mübarək olsun, Novruzum!  Gəlişinlə elimizə sülh, əmin-amanlıq gətir. Süfrələrimiz ruzi, bərəkətlə dolsun. Bu bayram hamımız üçün düşərli olsun!  

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 20.03.2024 00:01