AZ EN RU

Ordubadda “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib

    Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” Tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib. 
    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında qeyd edib ki, Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindəndir. Bu gün Prezident cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.   
     Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında Ümummilli Liderin ölkə­mizin hərtərəfli inkişafında, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında müstəsna xidmətlərindən danışıb.
    Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri, rayon ağsaqqalı Fərrux Nağızadə Heydər Əliyevin dövlətçilik təlimində ölkə­mizin hərtərəfli inkişafının mühüm yer tutduğundan danışıb və müəllifi olduğu “Dalğalanır bayrağım, səslənir himnim mənim” adlı şeirini bədii qiraət edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 21.09.2023 09:50