AZ EN RU

Ordubadda borclularla görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nairliyinin əməkdaşları Ordubad rayonunda rayon icra və probasiya bölməsinin icraatında olan borclu şəxslərlə görüşüblər.

Görüşdə nazirliyin İstintaq bölməsinin rəisi, ədliyyə müşaviri Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Yaqub Musayev məhkəmə və digər orqanların qərarlarının yerinə yetirilməsi zamanı qanunvericilikdən irəli gələn məsələlərə toxunublar. Qeyd olunub ki, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qərarların icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra məmurunun tələblərininin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.

Sonra borclular dinənilib, yaranan çətinliklər və onların aradan qaldırılması istiqamətində görülməli olan işlər müzakirə olunub.

Nəşr edilib : 27.10.2023 09:38