AZ EN RU

Ordubad və Əndəlüs onları birləşdirən nədir

Meydanlar, taxta qapılar, limon ağacları...

Bu yaxınlarda televiziya kanallarının birində İspaniyanın tarixi və mədəniyyətinin qədimliyi ilə seçilən, İslam mədəniyyətinin Avropadakı mirası hesab edilən Əndəlüs (Andalusiya) vilayəti haqqında süjetə baxırdım. Xarici şəhərlər barədə hazırlanan süjetlər çoxumuzun diqqətini çəkir, lakin bu dəfə mənim diqqətimi Əndəlüsün muxtar respublikanın Ordubad bölgəsi ilə oxşar tarixi xüsusiyyətlərə malikliyi cəlb etdi. Ordubad şəhərinin tam müasir formasını Əndəlüs bölgəsinin və onun özündə hələ də islami dəyərləri daşıyan Qranada, Ronda kimi şəhərlərinin timsalında gördüm. 
Qeyd edim ki, Əndəlüs ərəb dövləti olan Əməvilər sülaləsinin dövründə yaranıb. Hazırda İspaniyanın cənubunda yerləşən bu bölgə bu gün də ərəb mədəniyyətinin təsirini özündə daşıyır. 
Yaxşı, bəs bizim qədim tarixi, mədəniyyəti, adət-ənənələri ilə seçilən doğma Ordubadımızla oxşarlığı nədədir? Əvvəlcə özündə İslam mədəniyyətinin izlərini əks etdirən memarlıq üslubunda deyərdim. Hər iki bölgə öz qədimliyini qoruyub saxlayıb. Daşından taxtasına qədər hər yerə xüsusi diqqətlə yanaşılması məhz bu tarixi qədimliyin insanları cəlb etməsinin başlıca səbəbidir. Hər iki bölgə öz ölkəsinin, dövlətinin mədəniyyətini layiqli şəkildə təmsil edir. Hər ikisi qədim məscid, muzey və digər tarixi abidələri ilə seçilir. Hər iki bölgənin təbiət mənzərələri olduqca xoş təsir bağışlayır. Memarlıq nümunələri, tarix qoxan küçələri, məhəllələri sanki nağılvari bir mənzərə yaradır. 

İkisi də İslam tarixini öyrənmək baxımından önəmli yerlərdir. Qranadadakı Əlhambra sarayı hazırda muzey kimi istifadə edilir və onun üzərində “Allahdan başqa qalib yoxdur” sözləri yazılıb. İstər Ordubaddakı məscidlərimiz, istərsə də Əndəlüsdəki belə tarixi yerlər üzərindəki elementləri, naxışları ilə bütün Avropaya İslam dininin böyüklüyünü çatdırır. Bu mədəniyyətin izlərini həm də onların islam memarlığı üslubunda tikilmiş, uçuq-sökük olsa da, özündə qədim tarix daşıyan məhəllələrinin timsalında, məscidlər üzərindəki ornamentlərdə, şəbəkə üslubundan istifadədə aydın görmək olur. Hər ikisi sanki düşmənlərdən qorunmaq üçün qala kimi inşa edilib. Hər iki bölgənin danışdığı dildə (Azərbaycan və ispan) ərəbcədən keçən çoxlu sözlər vardır. Hər iki bölgədə və Əndəlüsün Qranada və Ronda şəhərlərində meydanların və bağların olması oxşar xüsusiyyətlərdəndir. Bilirsiniz ki, Ordubad qədimdən bağlar diyarı adlandırılıb. Ordubadda Sərşəhər, Anbaras, Mingis meydanları vardır. Hər ikisi çeşmələri, dar küçələri, limon ağacları ilə seçilir. 
 Süjetdə diqqətimi cəlb edən əsas məqamlardan biri də Əndəlüsün Ronda şəhərində qədim üslubda inşa edilmiş taxta qapılar idi. Bu qapılar bölgənin ən önəmli simvolları sayılır. Ordubadda da qədimlərdən mövcud olan taxta qapılar ən çox turistlərin diqqətini cəlb edir. Əndəlüsdəki qapılar da Ordubaddakı kimi iki taqqılbablıdır və onlardan biri kişilər, o biri isə qadınlar üçün nəzərdə tutulub. Ordubadda buna taqqılbab (kişiyə aid qapı zəngi) və zəncirbab (qadına aid qapı zəngi) deyilir. Səsləri fərqli olan bu evlərin qapıları sırf məhrəmiyyəti qoruyub saxlamaq məqsədilə tikilib. 
İslam mədəniyyətinin zəngin və özünəməxsus izlərini daşıyan hər iki bölgə mütləq kəşf edilməli yerlər sırasındadır.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 10.02.2024 22:35