AZ EN RU

Ordubad rayonunun Xurs kəndində vətəndaş müraciətləri dinlənilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ucqar yaşayış məntəqələri  olan Xurs və Nürgüt kəndlərinin  sakinləri ilə səyyar qəbul keçirib. Xurs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib.
İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda aparılan quruculuq işlərindən danışıb. 
Səyyar qəbulda Xurs və Nürgüt kəndlərinin ümumi problemləri müzakirə edilib, onların müraciət və təklifləri dinlənilib, su, elektrik, nəqliyyat və əsasən yol infrastrukturunun yenilənməsi, eynilə digər sahələrə dair səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 03.05.2024 21:23