AZ EN RU

Ordubad rayonunun Kələntərdizə-Qoşadizə avtomobil yolu yenidən qurulur

Ordubad rayonunun Kələntərdizə-Qoşadizə avtomobil yolu təbii faktorların təsirindən yararsız hala düşdüyü üçün əsaslı təmir-tikinti işlərinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki,  2,5 kilometr uzunluğunda olan yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yeni yol istifadəyə verildikdən sonra vətəndaşların, avtomobillərin rahat gediş-gəlişi təmin olunacaq. Yolda artıq torpaq işləri yekunlaşmaq üzrədir.
1 gediş, 1 gəliş olmaqla, 2 zolaqdan ibarət və hər zolağın eni 3,5 metr olan yolun torpaq hissəsinin eni 8, asfalt hissəsinin eni isə 7 metr olacaq. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların bərpası ilə yanaşı, 69 ədəd metal boru su keçidi quraşdırılıb və 1 beton su keçidinin tikintisi də başa çatıb. Bununla yanaşı, avtomobil yolundan yağış və sel sularının kənarlaşdırılması üçün uzunluğu 2100 metr olan beton su kanalı və yolda yerləşən 1 körpü də tikilib.
Əsaslı təmir-tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri quraşdırılacaq, yol cizgi və yolgöstərici xətlər çəkiləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 04.06.2024 10:11