AZ EN RU

Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar” istirahət mərkəzi istifadəyə verilib

    Naxçıvan Muxtar Respublikasının zəngin təbiəti, qədim tarixi və maddi mədəniyyət abidələri burada turizmin inkişafı üçün geniş imkanlar açır. Bu istiqamətdə layihələr hazırlanır, yeni istirahət və əyləncə mərkəzləri qurularaq sakinlərin istifadəsinə verilir. Bu tədbirlərin davamı kimi, mayın 13-də Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar”  istirahət mərkəzinin açılış mərasimi keçirilib. 

    Açılış mərasimində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda həyata keçirilən kompleks quruculuq işləri Ordubad rayonunu da ağuşuna alıb. Yeni yolların çəkilişi, məktəblərin tikintisi uğurla davam etdirilir. Ordubad və Tivi Su Elektrik Stansiyalarının tikintisi və digər layihələrin həyata keçirilməsi də rayonun sosial-iqtisadi inkişafına mühüm töhfədir. Müasir infrastrukturla təchiz edilən istirahət məkanının istifadəyə verilməsi isə yurdumuza gələn turistlərin təəssüratlarını daha da zənginləşdirəcək, onların tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz və zəngin mətbəximizlə yaxından tanış edəcək. Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, Naxçıvanın turizm potensialından maksimum istifadəyə yönələn tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib, proqramda nəzərdə tutulan tapşırıqların icrası diqqətdə saxlanılıb. Ordubad rayonunun Anaqut kəndinin əlverişli təbii-coğrafi şəraiti nəzərə alınaraq burada “Xan Çinar”  istirahət mərkəzi yaradılıb. Bu isə əhalinin sosial-iqtisadi inkişafında, məşğulluğunun təmin olunmasında, təbii-iqtisadi imkanlardan geniş istifadə edilməsində əhəmiyyətli rol oynayır.

    Qeyd olunub ki, tikintisinə 2021-ci ilin fevral ayından başlanılan “Xan Çinar”  istirahət mərkəzinin sahəsi 30 min kvadratmetrdir. Mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kotejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran vardır. Mərkəzin yaradılmasına 750 min manat vəsait sərf olunub ki, onun da 150 min manatı Sahibkarlığın İnkişafı Fondunun, 600 min manatı isə sahibkarın daxili imkanları hesabına sərf olunmuş vəsaitdir. Diqqətə çatdırılıb  ki, 1550 kvadratmetr sahədə tikinti işləri aparılıb, burada Türkiyə və Çin mənşəli avadanlıqlar quraşdırılıb. 1230 kvadratmetr ərazidə mərkəz üçün 9 ədəd 2 mərtəbəli kotejlər, qonaqların istirahəti üçün 220 yerlik söhbətgah, hər biri 10 nəfərlik olmaqla  4 ədəd kupe,  40 yerlik restoran, mətbəxt, attraksion, mağaza, iş otağı və digər köməkçi sahələr var.  Mərkəzdə 20 yeni iş yeri yaradılıb, işçilər nahar yeməyi və xüsusi geyim formaları ilə təmin olunublar. Mərkəzdə işıqlandırma sistemi, təhlükəsizlik kameraları və Wi-Fi daxili rabitə quraşdırılıb, ərazi abadlaşdırılıb.
    İqtisadiyyat naziri Tapdıq Əliyev “Xan Çinar” istirahət mərkəzininkənd turizminin inkişafındakı böyük rolunu nəzərə alaraq sakinlərə, eləcə də bura gələn qonaqlara milli mətbəx nümunələrimizin tanıdılması, təbliğ olunması və yüksək xidmətin göstərilməsi, mərkəzdə fəaliyyət göstərən mağazada yerli istehsal məhsullarına, o cümlədən ailə təsərrüfatı məhsullarına üstünlük verilməsi, məhsulların keyfiyyətinə, qiymətinə nəzarət edilməsi istiqamətində tapşırıqlar verib, muхtаr rеspublikаnın sоsiаl-iqtisаdi tərəqqisinə, sаhibkаrlıq fəаliyyətinin inkişаfınа, turizm potensialının və əhаli rifаhının yüksəldilməsinə göstərilən diqqət və qаyğıyа görə Ali Məclisin Sədrinə minnətdаrlıq edib. 
    Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov turizmin inkişafı üçün  yaradılan münbit şəraitdən danışıb. Vurğulayıb ki, istirahət mərkəzinin istifadəyə verilməsi Naxçıvanın turizm potensialını artırmaq və muxtar respublikamıza gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
    “Xan Çinar” İstirahət Mərkəzinin sahibkarı Elxan Hacıyev göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.05.2022 18:50