AZ EN RU

Ordubad rayonundan olan şəhid Nihad Quluzadənin ailəsi ziyarət edilib

Bu gün “Naxçıvan Qaziləri” İctimai Birliyinin  üzvləri Ordubad rayonunun Unus  kəndindən olan şəhid baş leytenant Nihad Quluzadənin məzarını və yaşadığı evi ziyarət ediblər. Şəhidin yaşadığı evdə yaradılan guşə ilə tanış olan qazilər onun qəhrəmanlığından danışıb. Birliyin sədri Cehun Bayramov qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyümüzü, 2023-cü  ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatında suverenliyimizi bərpa etdik. Ali Baş Komandanın rəhbərliyi ilə 30 il ərzində həllini gözləyən böyük bir problem ortadan qaldırıldı. Erməni terror dəstələrinə qarşı döyüşdə igid oğullarımız Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçdi. Bu gün onların sayəsində Xocalıya həyat qayıdır. 
Şəhidin atası Qasım Quliyev qazilərə təşəkkür edib. Bildirib ki, bu xalq bir ölüb min dirilən xalqdır. Düşmən illər öncə qeyri-bərabər döyüşlərdə torpaqlarımızı işğal etsə də, gücümüzü toplayıb onlara yerini göstərdik. Bu xalq qalib xalq adını bərpa etdi. 
 Qeyd edək ki, Nihat Quluzadə 24 yanvar 1997-ci ildə Ordubad rayonunun Unus kəndində dünyaya göz açmışdır. Nihat 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. 2014-cü ildə hərbi liseyi bitirdikdən sonra Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı taqım komandiri ixtisası üzrə təhsilini davam etdirir. 2018-ci ildə leytenant hərbi rütbəsi alaraq ordu sıralarında taqım komandiri kimi xidmətə başlayır.  44 günlük Vətən müharibəsi başlayan gündən döyüşlərdə şücaətlə vuruşub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Nihat 2021-ci ildə baş leytenant hərbi rütbəsini alır və “Komando” kursunu bitirərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində komando kimi xidmətini davam etdirib. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 25.02.2024 18:40