AZ EN RU

Ordubad rayonunda ziyalılarla görüş keçirilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bir qrup rayon ziyalısı ilə görüşdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılan nailiyyətlərdən, Naxçıvanda məmurlarla vətəndaşlar arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi istiqamətində muxtar respublikada formalaşdırılan Səlahiyyətli Nümayəndəlik institutundan, eləcə də, Naxçıvan Muxtar Respublikası və Ordubad rayonunun sosial-iqtisadi, mədəni həyatında baş verən dinamik inkişafdan danışıb. Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”  barədə vətəndaşların məlumatlandırılması, həmçinin muxtar respublikada kadr potensialının təkmilləşdirilməsi və formalaşdırılması, gələcək prioritetlərə uyğunlaşdırılması sahəsində ziyalıların böyük rol oynaya biləcəyini vurğulayıb.

Rəcəb Rəhimli hər bir ziyalını ictimai-siyasi həyatda daha da fəal olmağa, cəmiyyətin inkişafında bilik, bacarıq və səmərəli fəaliyyəti ilə yaxından iştirak etməyə çağırıb.

Görüşdə rayon ziyalıları tərəfindən rayonda sosial-iqtisadi inkişafla bağlı proqramın həyata keçirilməsi, xüsusən də gənclərin bu proqramların əsas əmək resursu sayılması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclər evlərinin yaradılması sahəsində, o cümlədən, rayonun inkişafına istiqamətlənmiş təkliflər verilib, müzakirələr aparılıb. Ziyalılar Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti tamamilə dəstəklədiklərini, sosial- iqtisadi inkişaf sahəsində qazanılan uğurlarla qürur duyduqlarını ifadə edib. Onlar ölkədə elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı görülən işlərə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin rəhbərliyi ilə həyata keçirilən quruculuq-abadlıq işlərinə və əhalini narahat edən çoxillik məsələlərin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlığını bildiriblər.

 Ziyalıların rayonun inkişaf təminatını intensivləşdirəcək təklif və müraciətlərini dinləyən Rəcəb Rəhimli onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, görüşdə İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri və rayonun 50 nəfər ziyalısı iştirak edib.

Nəşr edilib : 25.08.2023 10:24