AZ EN RU

Ordubad rayonunda sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı müzakirələr aparılacaq

Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər barədə məlumatlandırmaq üçün maarifləndirmə tədbirlərinə başlanılıb. 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan növbəti belə tədbir oktyabrın 12-də Ordubad rayonunda təşkil olunacaq. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Ordubad rayonu İcra Hakimiyyətinin, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri iştirak edəcək.

Görüşdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da qarşıya qoyulmuş baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması ilə bağlı sahibkarlar məlumatlandırılacaq, sahibkarların təklifləri dinləniləniləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Ordubad rayonunda fəaliyyət göstərən sahibkarları sözügedən görüşdə iştirak etməyə dəvət edir.

Nəşr edilib : 10.10.2023 12:21