AZ EN RU

Ordubad rayonunda bütün sahələrdə inkişaf gedir

Bunu 2022-ci ilin ilk yarım ilində görülən işlər deyir

    Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu muxtar respublikamızda aparılan məqsədyönlü siyasət nəticəsində günü-gündən inkişaf edir. Bölgədə aparılan tikinti-quruculuq tədbirləri nəticəsində yaraşıqlı binalar, abad, rahat yollar əhalinin ixtiyarına verilib. Turizm imkanlarının əhatəliliyi ilə diqqəti çəkən rayonun ən ucqar kəndləri müasirləşib, geniş sosial infrastruktur qurulub. Hazırda da bir çox yaşayış məntəqələrində tikinti-abadlaşdırma tədbirləri davam etdirilir. 

    Ordubad Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, qeyd edə bilərik ki, rayonda 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,9, əsas kapitala yönəldilmiş vəsaitlər 1,7, kənd təsərrüfatı məhsulu 14,5, informasiya və rabitə xidmətləri 2,3, pərakəndə əmtəə dövriyyəsi 1,8, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 1,5 faiz artıb. 

    Muxtar respublikanın sosial-iqtisadi inkişafının əsasını təşkil edən sənaye potensialının daha da gücləndirilməsi əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynamaqla bərabər, eyni zamanda bölgənin nüfuzunun artırılmasında əsasdır. Ordubad rayonu da bu inkişafdan bəhrələnib 2022-ci ilin yanvar-iyun aylarında sənaye məhsulunun dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 4 milyon 753 min manat olub. Bəhs olunan dövrdə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 11 istehsal və xidmət sahəsi yaradılıb, 10 istehsal və xidmət sahəsinin yaradılması hazırda davam etdirilir.

    Tikinti-quruculuq tədbirləri rayonun turizm simasını daha da gözəlləşdirib. Belə ki, son illərdə rayonda müasir yol infrasturkturu yaradılıb, ən ucqar kənd yolları abadlaşdırılıb, müasir kənd və xidmət mərkəzləri tikilib əhalinin istifadəsinə verilib. Bu ilin ilk yarım ilində də bu işlər davam etdirilib. Adıçəkilən dövrdə rayonda 15 müxtəlif təyinatlı obyektin tikintisi və yenidən qurulması başa çatdırılıb, 29 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri, həmçinin Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin, Kələki, Unus, Pəzməri, Azadkənd və Xanağa kəndlərində kənd mərkəzinin tikintisi davam etdirilib. 
    Sürətli inkişafı kənd təsərrüfatı məhsullarının istehsalında da görmək olar. Belə ki, bu il də əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, daxili bazar­da məhsul bolluğu yaradılıb. 
    Rayonda “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” bu ilin ilk 6 ayında da uğurla icra edilib. 2022-ci ilin məhsulu üçün rayonda 3937 hektar sahədə əkin aparılıb ki, onun da 1800 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 11 hektarını dən üçün qarğıdalı, 587 hektarını kartof, 647 hektarını tərəvəz bitkiləri, 18 hektarını ərzaq üçün bostan bitkiləri, 214 hektarını cari ildə əkilmiş çox­illik otlar, 660 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edib. 
    Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2022-ci ilin yanvar-iyun aylarında rayonda diri çəkidə 2337,6 ton ət, 3736,2 ton süd, 9 milyon 153 min yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 35,7, süd istehsalı 1,5, yumurta istehsalı isə 1,1 faiz artıb. Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunmasında, istehsal edilən məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasında əhəmiyyətli rol oynayır. Rayonda həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 14,5 faiz çox, yəni 14 milyon 575 min 900 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
    Nəqliyyat, informasiya-rabitə və energetika sahəsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Rayonda müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması əsas məsələlərdən biridir. Bəhs olunan dövrdə Vənənd-Pəzməri və Azadkənd avtomobil yollarının yenidən qurulması, Vənənd kəndində bir körpünün təmiri davam etdirilib. Rayonda informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, mobil rabitə xidmətlərinin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artıb. Elektro­energetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi diqqətdə saxlanılıb. Ordubad və Tivi Su Elektrik stansiyalarının, Xanağa kəndində 35/10 kilovoltluq yarımstansiyanın tikintisi davam etdirilib. 
    Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələlərinə də diqqət xeyli artıb. Rayonda sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi əhalinin məşğulluğunun artırılmasında və rifahının daha da yüksəldilməsində, özünüməşğulluq imkanlarının genişləndirilməsində mühüm rol oynayıb. 
    Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəldib, əmtəə dövriyyəsinin həcmini genişləndirib. 2022-ci ilin yanvar-iyun aylarında pərakəndə əmtəə dövriyyəsi 2021-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 47 milyon 596 min 500 manat olub. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Dizə kəndində ticarət mərkəzinin, Anaqut kəndində istirahət mərkəzinin tikintisi başa çatdırılıb, Kələki, Unus, Pəzməri, Azadkənd, Xanağa kəndlərində xidmət mərkəzinin tikintisi davam etdirilib. 
    Təhsil, mədəniyyət və sosial təminat sahəsində bir çox tədbirlər həyata keçirilib. Bu ilin ilk yarım ili ərzində rayonda təhsil quruculuğu istiqamətində bir çox işlər görülüb. Pəzməri və Azadkənddə məktəb binalarının tikintisi, Xanağa, Unus və Kələki kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilib. Şəhər mərkəzində yerləşən Cümə məscidinin yenidən qurulmasının davam etdirilməsi milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 
    Rayonda pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılıb. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin ödənilməsinə 8 milyon 808 min 700 manatdan çox vəsait yönəldilib ki, bu da 2021-ci ilin göstəricisindən 6 faiz çoxdur. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərib, 1 iyun 2022-ci il tarixə rayon əhalisinin sayı 50 min 362 nəfər olub.
    Aparılan təhlillər göstərir ki, Ordubad rayonunda bütün sahələrdə inkişaf gedir. Bu, əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynamaqla bərabər, “Sənaye ili” ndə də rayonun imicinin qorunub saxlanılmasına öz müsbət təsirini göstərir. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 17.08.2022 17:58