AZ EN RU

Ordubad rayonu üzrə 2 məzun Prezident təqaüdünə layiq görülüb

    2021-2022-ci tədris ilində Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 197-si tələbə adını qazanıb. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı keçirilən tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində rayonda yaradılan müasir təhsil infrastrukturu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, təkcə ötən tədris ilindən bu günə kimi Pəzməri kənd ümumi orta və Əndəmic, Dırnıs, Vələver, Unus kənd tam orta məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Azadkənd, Kələki və Xanağa məktəblərində quruculuq işləri aparılır.
    Bildirilib ki, yaradılan şərait öz bəhrələrini göstərməkdədir. Bunlar isə hər il keçirilən qəbul imtahanlarında əldə edilən yüksək nəticələrlə öz təsdiqini tapır. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısı sayəsində Ordubad rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılmasından danışıb. Bildirilib ki,  müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son           4 ildə Ordubad rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 150-si müəllim kimi fəaliyyətə başlamış, 32-si isə müxtəlif vəzifələrə təyin olunmuşdur. 
    Qeyd edilib ki, Ordubad rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almalarına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr əldə etmələrinə öz müsbət təsirini göstərmişdir. Ötən tədris ili üzrə Ordubad rayon ümumtəhsil məktəblərindən 247 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, onlardan da 197-si və yaxud 80 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsili müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərib ki, onlardan da 9-u, yəni 19 faizi Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. 23 məzun 500-700 arası nəticə göstərib, 4 məzun “Qızıl”,            2 məzun “Gümüş” nişana, 3 məzun isə fərqlənmə attestatına layiq görülüb. 13 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.
    Məlumat verilib ki, Ordubad rayonunda fəaliyyət göstərən məktəblərdən 16-sı qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən, yəni 76 faizdən yüksək nəticə əldə edib. 2021-2022-ci tədris ilinin yekun nəticələrinə əsasən muxtar respublika üzrə 6 nəfər Prezident təqaüdünə layiq görülüb ki, onlardan da ikisi Ordubad məktəblərinin məzunudur. Ordubad rayon Kotam kənd tam orta məktəbinin məzunu Zeynəb Mehdiyeva həm də III ixtisas qrupu üzrə muxtar respublika birincisidir. 
    Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə təşəkkürünü bildirib. 
    Tədbirdə Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov çıxış edərək təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsində və uğurlu nəticələrin qazanılmasında başlıca rol oynadığını vurğulayıb, bu qayğıya görə minnətdarlığını bildirib. 
    Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Ordubad şəhər internat, 1 və 3 nömrəli, Nüsnüs, Xanağa, Kotam, Biləv, Gilançay, Kələki, Behrud, Nəsirvaz, Nürgüt, Baş Dizə, Gənzə, Əndəmic, Aşağı və Yuxarı Əylis kənd tam orta məktəblərinə diplomlar təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.11.2022 19:18