AZ EN RU

Ordubad Rayon Uşaq Musiqi Məktəbinin müəlliminin solo konserti keçirilib

Muxtariyyətin 100 illiyinə həsr olunmuş daha bir konsert Ordubad rayonunda baş tutub. Aprelin 25-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi münasibət ilə Ordubad Rayon Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi Əsmər Hüseynovanın “Muxtariyyət-100 ilində” adlı solo konserti keçirilib. Ordubad rayon Mədəniyyət Sarayında baş tutan konsertdə Mədəniyyət Nazirliyinin, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının təmsilçiləri, rayon ictimaiyyəti iştirak edib.

Konsert zamanı xanəndəni Samir Mahmudovun bədii rəhbər olduğu “Gənclik” Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.

Musiqi şölənində Naxçıvanımıza həsr olunan “O Naxçıvandır”, “Naxçıvan təranəsi”, “Doğma diyar” mahnıları ilə yanaşı Tahir Əkbərin “Canım Azərbaycanım”, Şəfiqə Axundovanın “Həsrətində”, Ramiz Mirişlinin “Küsüb məndən”, Elza İbrahimovanın “Mehribanım”, Bəhram Nəsibovun “Gəl, inad etmə”, Oktay Kazımov “Həyat bizimdir” və digər əsərlər səsləndirilib.

Yüksək şövqlə təqdim edilən əsərlər tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.04.2024 10:27