AZ EN RU

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasının 40 illiyi qeyd olunub

    Dünən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyi münasibətilə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim Oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən bu gün muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçilir.
    Vurğulanıb ki, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə Came məscidində fəaliyyətə başlamışdır. Muzey öz fəaliyyətini 1990-cı ilin may ayından etibarən XVII əsrə aid tarix-memarlıq abidəsi olan Qeysəriyyə binasında davam etdirir. 2011-ci ildə muzeyin yerləşdiyi Qeysəriyyə binası əsaslı şəkildə bərpa olunub. 150 ədəd eksponatla fəaliyyətə başlayan tarix-diyarşünaslıq muzeyində hazırda 4289 ədəd eksponat mühafizə və nümayiş edilir. 
    Mədəniyyət naziri muzey işinin qurulması və təşkilinə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından minnətdarlığını bildirib.
      Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynova “Ordubad muzeyləri dünən və bu gün” mövzusunda çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qayğısı ilə Ordubad rayonunda tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin, görkəmli akademik Yusif Məmmədəliyevin ev-muzeyləri və Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi yaradılıb. Son illər muxtar respublikamızda yeni-yeni muzeylər yaradılmaqla yanaşı, mövcud olan muzeylərin yerləşdiyi binalar müasir tələblər səviyyəsində yenidən qurulur, təmir-bərpa edilir, eksponatlarla zənginləşdirilir. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi tarixi Qeysəriyyə binası 2011-ci ildə Ali Məclisin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə əsaslı şəkildə bərpa olunub, “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilib, 2015-ci ildə görkəmli pedaqoq və maarifpərvər Məhəmməd Tağı Sidqinin ev-muzeyi yaradılıb.
    Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru İlahi Mirzəyev “Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin rayonun mədəni həyatında rolu” mövzusunda çıxış edib. Bildirilib ki, digər muzeylər kimi Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondu da ildən-ilə zənginləşir. Yubiley tədbiri ilə birgə yeni eksponatların təqdimat mərasiminin keçirilməsi maddi-mədəni irsimizin qorunması baxımından çox əhəmiyyətlidir.
    Çıxışlardan sonra muzeyin ekspozisiyasına və yeni hədiyyə olunan eksponatların sərgisinə baxış olub. Qeyd edək ki, muzeyə yeni təqdim olunan 100 ədəd yeni eksponat qədim məişət əşyaları, numizmatika və  dekorativ-tətbiqi sənət  nümunələrindən ibarət olmaqla zəngin tariximizin və milli mədəniyyətimizin tədqiqi və təbliği baxımından əhəmiyyətli eksponatlardır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.04.2022 19:46