AZ EN RU

Ordubad Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı yenilənib

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən Ordubad Rayon İcra Hakimiyyətinin internet saytı müasir üslubda yenidən hazırlanıb.

ordubad-ih.gov.az domen adı ilə yenilənmiş informasiya resursu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit olunduqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilib.

Yeni informasiyalarla zənginləşdirilən sayt həmçinin, funksionallıq və məzmun cəhətdən də əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib. İstifadəçi rahatlığını nəzərə alaraq veb-sayt müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, planşetinin və ya mobil telefonunun ekran ölçülərinə uyğun responsiv dizayn edilib.

Yenilənmiş internet səhifəsinin təhlükəsizliyinin təmin olunması, axtarış sistemlərinə uyğunlaşdırılması  və ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə (mail@ordubad-ih.gov.az) təmin olunub.

Qeyd edək ki, muxtar respublikada digər rayon (şəhər) icra hakimiyyətlərinin də internet səhifələri yenilənməkdədir ki, onların da audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi diqqətdə saxlanılacaqdır.

  Naxçıvan Muxtar Respublikası

                                                   Rabitə və Yeni Texnologiyalar Nazirliyinin

                                                 mətbuat xidməti

Nəşr edilib : 18.08.2023 15:31