AZ EN RU

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

Vətəndaş məmnunluğunun artırılması, onları narahat edən məsələlərə həssaslıqla yanaşılması, təklif və müraciətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən kənd və qəsəbələrdə səyyar qəbullar davam etdirilir. Növbəti səyyar qəbul Xanağa kəndində keçirilib. İcra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə keçirilən qəbulda Xanağa kəndi ilə yanaşı, eyni nümayəndəliyi əhatə edən Ağrı və Dizə kəndlərinin sakinlərinin də müraciət və təklifləri dinlənilib.
İcra hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilk olaraq növbədənkənar prezident seçkilərindən və bu seçkinin xalqın öz liderinə olan sevgisinin nümayişi ilə uğurla başa çatmasından danışıb. 
İcra hakimiyyətinin başçısı müasir dövrün tələblərinə uyğun olaraq qəbul edilən “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və bu proqramın Ordubad rayonunu da əhatə edən Təfsilatlı Tədbirlər Planından, muxtar respublikada, o cümlədən Ordubad rayonunda həyata keçirilən islahatlar, aparılacaq geniş abadlıq-quruculuq işlərindən bəhs edib. 
Görüş zamanı kənd sakinləri yaşayış səviyyələrinin yüksəldilməsi, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması, su, elektrik, mavi yanacaq, rabitə, nəqliyyat sahələrində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və yarana biləcək digər problemlərinin həlli istiqamətində müraciət və təkliflərini səsləndiriblər. Sakinləri narahat edən məsələlərin,  təklif və müraciətlərin həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib, vətəndaşlara qanunamüvafiq izahatlar verilərək məsələlərin həlli nəzarətə götürülüb.
Sonda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, onların müraciətlərinə yerlərdə baxılmasına, problemlərinin həllinə obyektiv və operativ yanaşılmasına görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 17.02.2024 12:05