AZ EN RU

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri müəyyən edilib

Prezident cənab İlham Əliyev 2024-cü il fevral 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı əsasında “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının, ərazisinin xüsusi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün Naxçıvan Muxtar Respublikası Mədəniyyət,  Ədliyyə və Maliyyə nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, AMEA Naxçıvan Bölməsi və Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndələrinin təmsil olunduğu komissiya təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, martın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində komissiyanın ilk iclası keçirilib. İclasda qarşılıqlı fikir mübadiləsi aparılıb. Komissiya tərəfindən qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi ilə bağlı Ordubad şəhərində iş aparılıb. Artıq komissiya tərəfindən qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi və xəritəsinin hazırlanması istiqamətində işlər yekunlaşdırılıb. Belə ki, qoruğun sərhədlərinin və mühafizə zonasının döngə nöqtələrinin koordinatları müəyyən edilərək xəritədə təsviri hazırlanıb. Ordubad şəhərinin yerquruluşu planı və şəhərin ünvan xəritəsi əsasında qoruğun sərhədləri 2400693 kvadratmetr müəyyən edilib. Qoruğun mühafizə zonasının uzunluğu 9,79 kilometr, ərazisi 11,81 hektarda qərarlaşdırılıb. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə zonası ilə birlikdə ümumi sahəsi 2518710 kvadratmetr (251,87 ha) təşkil edib. Həmçinin komissiya tərəfindən qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 02.07.2024 17:03