AZ EN RU

Ordubad dağlarının bezoarları

Naxçıvan Muxtar Respublikasının florası kimi, faunası da zəngindir. Qədim diyarın dağlıq ərazilərində vəhşi təbiətin xeyli sayda növləri məskunlaşıb. Burada nadir heyvanlardan sayılan bezoar – dağ və ya qaya keçiləri min illər boyu yaşayıb.

Yer üzərində keçi cinsinə aid yayılmış 9 növdən biri olan dağ keçilərinə muxtar respublikanın dəniz səviyyəsindən 900-3000 metr hündürlük arasında sərt qayalıq ərazilərdə təsadüf edilir. Naxçıvan Muxtar Respublikasının Dərələyəz və Zəngəzur dağlarının hündürlüklərində, Pəzməri, Kotam, Gənzə vadilərində, Nehrəmdağ, Darıdağ, Haçadağ, Nəsirvaz silsiləsi və sair ərazilərdə xüsusilə çoxsayılıdırlar.

 Ordubad rayonunun Pəzməri kəndi həm təbiətinin gözəlliyi, həm də faunasının zənginliyi ilə seçilir. Burada dağ keçisi, ayı, canavar, porsuq və sair heyvanlara, o cümlədən müxtəlif meşə quşlarına rast gəlmək olar. Pəzməri kəndindən 4-5 kilometr aralıda yerləşən və təbiətin dərinliklərində gizlənən Pəzməri şəlaləsindən bu ecazkar təbiət növlərini – xüsusilə də bezoar və ya dağ keçilərini aydınca görmək mümkündür. Bezoar keçisinin diqqəti cəlb edən buynuzları qövsşəkilli və ya qılıncvaridir. Onların yaşama müddəti 15-20 il arasındadır və birlikdə sürü halında yaşayırlar.  Əsasən, ağac, kol yarpaqları, müxtəlif növ otlarla və yabanı meyvələrlə qidalanırlar. 

Muxtar respublikada vəhşi təbiətin qorunmasının düzgün təşkili nəticəsində bezoar keçilərinin sayında hər il artım müşahidə olunur.

Nəşr edilib : 01.02.2024 11:09