AZ EN RU

Ordu müstəqilliyimizin dayağıdır

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

    Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.

    Azərbaycanda nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, burada hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun zabit heyəti ilə təmin olunmasında əhəmiyyətli rol oynamışdır. 

    Peşəkar milli ordunun yaradılmasına ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdir. 

    Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi prosesinə isə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra başlanılmışdır. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilmişdir. Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulmasına diqqət yetirilmiş, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Nəticədə, milli hərbi birləşmələrimiz sülhməramlı qismində dünyanın müxtəlif münaqişə zonalarında iştirak etmiş, fəaliyyəti yüksək qiymətləndirilmişdir. “Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, milli ordusudur. Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir. Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”, – deyən ulu öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz, demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax o vaxt qoyulmuşdur”.
    Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı, ilk növbədə, dövlətimiz üçün prioritet olan ordumuzun büdcəsinin artmasına, orduda müasir komplektləşdirmənin aparılmasına geniş imkanlar yaratmışdır. Nəticədə, silahlı qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunmuş, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilmişdir.
    Ölkə Prezidenti cənab İlham Əliyev hələ 2003-cü ildə andiçmə mərasimində çıxış edərkən demişdi: “Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. Vətən müharibəsinə kimi ötən müddətdə sadalanan vəzifələr yüksək səviyyədə həyata keçirildi. Ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüldü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranması reallaşdırıldı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz təmin olundu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu. Üçtərəfli Bəyannamədə Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqələrinin bərpası da ölkəmizin regiondakı lider mövqeyini bir daha təsdiqlədi. Bu tarixi nailiyyət, heç şübhəsiz ki, bölgənin, xüsusilə də muxtar respublikanın gələcək rifahı və tərəqqisində mühüm rol oynayacaq. Əsas şüarı “Qarabağ Azərbaycandır!” olan Vətən müharibəsi, həm də ölkəmizin bu haqq mübarizəsində ona siyasi və mənəvi dəstək olan qardaş Türkiyə Respublikası ilə əlaqələri yeni müstəviyə daşıdı. Ötən il 15 İyun – Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi bu birliyin daimi olacağının, eyni zamanda hərbi təhlükəsizlik məsələlərində birgə fəaliyyətin təsdiq olunmasının qarantına çevrilmişdir. 
    Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmiş, dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu əlamətdar hadisə Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır. Ölkə Prezidenti demişdir: “Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”. Muxtar respublikada ordu quruculuğu prosesi davamlı xarakter daşıyır. Hər il yeni əsgəri-məişət-yaşayış kompleksləri tikilir, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı diqqətdə saxlanılır. Təsadüfi deyil ki, ötən dövrdə muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Həmçinin xalq-ordu birliyi özünün ən yüksək səviyyəsinə çatmışdır. Naxçıvan Muxtar Respublikası Ali            Məclisi Sədrinin mütəmadi olaraq sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin qayğıları ilə yaxından maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə onlarda vətənpərvərlik hissinin daha da güclənməsinə səbəb olmuşdur.
    Ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017 və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazır­lıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülmüşdür. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü hər kəsə nümayiş etdirmişdir. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə Böyük Zəfərə gedən yolun başlanğıcı olmuşdur. 
    Muxtar respublikada ordu quruculuğu sahəsində görülən mühüm işlərdən biri də kadr hazırlığı ilə bağlıdr. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilmiş, kursantlar üçün müasir tədris və məişət şəraiti yaradılmışdır. İndiyədək 3 mindən çox kursantın təhsil aldığı lisey ordumuzun peşəkar zabitlərlə təminatında böyük rol oynayır.  Liseyin məzunları İkinci Qarabağ müharibəsində də qəhrəmanlıq göstərmiş, onlar arasında şəhidlik zirvəsinə yüksələnlər olmuşdur. Hərbçi kadrların hazırlığına böyük əhəmiyyət verən Naxçıvan Muxtar Respublikası Ali           Məclisinin Sədri cənab Vasif Talıbov liseyin 22-ci buraxılış mərasimində kursantlara müraciətlə demişdir: “…Bu gün müasir hərbi məktəblərdə təhsil aldığınız kimi, gələcəkdə də hər cür imkanlara malik hərbi hissələrdə xidmət edəcəksiniz. Siz qalib ölkənin qalib ordusunun zabiti adını daşıyacaqsınız. Bu, böyük şərəf və məsuliyyət deməkdir. Ona görə də ali hərbi təhsil illərində hərbi bilikləri və texnologiyaları dərindən mənimsəməli, qarşıya qoyulan döyüş tapşırıqlarının icrasına hər an hazır olmalısınız. Sizdən əvvəlki məzunların xidməti fəaliyyəti hər biriniz üçün nümunə olmalı, bu illər ərzində formalaşmış ənənə davam etdirilməlidir”.
    Şuşanın alınması ilə həm də ata vəsiyyətini yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qalib sərkərdə kimi ötən il ulu öndər Heydər Əliyevin doğum günündə Naxçıvana gəlmiş, muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərlə bir daha yaxından tanış olmuş, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, hərbi aerodromun açılışında iştirak etmişdir. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan ölkə başçısı demişdir: “İkinci Qarabağ müharibəsində Naxçıvan ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

    Bu gün Azərbaycan Ordusu yaradılmasının 104-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir. Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcəkdir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”

“Şərq qapısı”

 

Nəşr edilib : 25.06.2022 23:50