AZ EN RU

“Ordan-burdan”

    Allah böyük sənətkarımız Üzeyir Hacıbəyliyə rəhmət eləsin. Gəncliyimizin yaddaşına əbədi həkk olmuş eyniadlı bu məşhur komediyası ilə yüz il əvvəlki Azərbaycan cəmiyyətinin, xüsusilə Bakı aristokratiyasının tablosunu yaratmaqla sanki bu günün də mövzularına bir pəncərə açıb.

    Hər səhər sosial mediada işdən çıxarılan məmurlar haqqında xəbərlərdən tutmuş, yeni işə təyin olunanlara yönəldilən boğazdan yuxarı təbrik mesajlarını, şəhərimizdə söküntüsü aparılan bərbad quruculuq işləri və ya yarıtmaz bərpa işləri ilə orijinallığı pozulmuş tarixi abidələrimiz haqqında xəbərləri eşidəndə gündəm sarıdan Naxçıvan mətbuatının sıxıntısının olmadığını görmək mümkündür. Min-bir əziyyətlə hazırlıq müəllimlərinin tapşırıqlarını yerinə yetirib, məktəb dərsliklərindən əlavə hər fəndən, az qala ,500 səhifəlik test toplularının axırına çıxıb, axırda universitet tələbəsi adını qazanmış tələbələrlə qohum-qonşuların görüşləri, şagirdlərin geyim forması ilə bir çox tələbənin erməni keşişinə bənzər uzanıb gedən saqqalları, müəllimlərin uzun illərdən sonra sərbəst geyim həyəcanı da bu günlərdə camaatın saatlarını məşğul edən məsələlərdəndir. Yazılan, efirə gedən tənqidlərə baxmayaraq, hələ də şəhərə verilən içməli suyun kirəcli olması, şəhərdaxili nəqliyyatın müntəzəm fəaliyyətdən uzaqda qalması, bazarda gah enən, gah qalxan qiymətlər, yaxud da gecələr şəhərkənarı qaranlıq məhəllələrdə sahibsiz dolaşan küçə heyvanlarının yaratdığı təhlükələr də məktəblərin açıldığı bu ərəfədə sadə naxçıvanlını düşündürməkdədir. Yenə də, şükürlər olsun ki, bolluqdur və dövlətimiz Naxçıvandakı insanların sabit həyatı və sərbəst iqtisadi fəaliyyəti üçün heç nəyi əsirgəmir.  
    Ancaq məhəllə dedim, gəlin elə Naxçıvan məhəllələrindən söhbətə başlayaq. Oxucularımız kimi ahıl və ortayaşlı naxçıvanlılar da yaxşı xatırlayırlar ki, keçmişdə bir  çoxları şəhərimizdəki qədim məhəllə adlarını, həmin məhəllələrin sakinlərini yaxşı tanıyır və xeyir-şərinə ortaq olurdular. Tariximizin yaddaşı kimi məhəllə adlarının qorunub saxlanılması burada sakin olan insanların da davranışları, qonaqpərvərliyi və hətta yetişən meyvələrin dad-tamı ilə də seçilən, bir növ, fərqli kimlik formalaşdırmışdı. Odur ki, Naxçıvanda birisinin Xıncovdan, Çuxurdan, Əlixandan, yaxud Şahabdan olduğunu deyəndə onun ata-babasının kim, hansı məslək sahibi olduğu və onunla “hansı dildə” danışmaq lazım gəldiyini keçmişdə hər kəs yaxşı bilirmiş. Ancaq zaman sürətlə dəyişir və müasirləşmənin təsiri altında şəhərimiz də böyüyərək yeni yaşayış massivlərinə, məhəllələrinə qovuşur. Dövlətimiz insanların rahat yaşayışı üçün zəruri sosial-mədəni infrastruktur şəraiti yaradır, küçə və məhəllələrə yollar çəkilir, zəruri ticarət köşkləri, əczaxana xidmətləri yaradılır, sərnişin nəqliyyat marşrutları işə salınır. Amma hələ də Naxçıvana gələn qonaq və ya turist deyil, elə lap yerli naxçıvanlı da ilk dəfə qarşılaşdığı 56, 57, 58, 59, 60, 61-ci məhəllələri, yaxud 1-ci, 6-cı, 8-ci, 9-cu, 10-cu küçələr haqqında eşidəndə, yəqin ki, özünü Nyu-Yorkun kvartallarında hiss etməsə də, ən azından, milyonluq bir şəhərdə olduğu təsəvvürünə qapıla bilər. Halbuki, təxminən, 100 min əhalisi olan şəhərimizin hər küçəsi, hər məhəlləsi burada yaşamış görkəmli adamların, Vətənimizin torpaq bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin, yaxud Qarabağ incilərimizin və Böyük Qələbəmizin simvolları ilə əbədiləşdirilə bilər. Ayrıca, böyük Türk dünyasının qapısı olan Naxçıvanda Zəngəzuru, Təbrizi, Urmiyanı, Ərdəbili adlarında yaşadan küçə, meydan və məhəllələr də nədən olmasın? Bunlar olmadıqda, “π”- (pi) ədədi kimi sonsuz qarmaqarışıq olan bu rəqəmləri qarışdıran naxçıvanlıların, xüsusən yaşlı sakinlərin küçə və məhəllələrimizi filan nazirin və ya keçmiş başçının, yaxud da iri sahibkarın evinin yerləşdiyi məhəllə və ya küçə kimi tanımağında heç bir qəribəlik də görmürük. Başqa sözlə, sadə vətəndaş taksiyə oturub şəhərimizdəki 3 nömrəli sahə inzibati ərazi dairəsindəki 20A məhəlləsinə getmək istəsə, bu, kifayət qədər çətinlik yaradacaq. Ayrıca olaraq Naxçıvanda məhəllələrdən birinin ölkəmizin adı ilə adlandırılması və Xalq qəhrəmanı Babəkin adı ilə həm küçə, həm də məhəllə adının olması da bu sahəyə məsul olan şəxsləri düşündürməlidir.  
    Adlara və ünvanlara olan belə laqeyd münasibətimizdir ki, son zamanlar şəhərimizdə yeni yaranan, yaxud yeni adlandırılan dükan və xidmət obyektlərinin adlarında hər cür əcnəbi adlara rast gəlmək mümkündür. Hər kəs bilir ki, Naxçıvanda iki, hətta üç dildə danışa bilən müasir, səyahət edən, dünyagörüşlü adamlar çoxdur və nə onlar, nə də mənim kimi dağ kəndinin sakinləri üçün “Dejavu kafe”, “Terrace lounge”, “Home çilçıraq”, “Lila Boutique”, “King mobile” kimi belə ultramüasir iş yeri adları nə təəccübləndirici və nə də cazibədar deyil. Tam əksinə, mövcud qanunlara əsasən ölkəmizin ərazisindəki reklam yazılarında yalnız dövlət dili tətbiq edilməli, zəruri olduqda əcnəbi dildəki kəlmələrdən ikinci dərəcəli kimi istifadə olunmalıdır. Bunlara əməl olunmadıqca iş bilməyən bu işbazların bu gün obyektin girişində “Salam Brat” yazmasına məhəl verməsək, sabah soysuzun biri də öz dükanının  qapısına üzdəniraq “Vazgen” adı yapışdıracaq!  
    Ordan-burdan çox şeylərdən danışmaq olar. Amma o da var ki, şəhər camaatımız çox şükürlü və səbirlidir. Belə olmasaydı, şəhərimizin kənar məhəllələrində deyil, elə bəzi mərkəz ərazilərdə səhər tezdən çörək almaq üçün bir kilometr uzaqdakı ticarət köşkünə getməli olan sakinlər çoxdan dilə gəlmişdilər. Düzdür, indi bazar iqtisadiyyatıdır, ticarət xidmətləri sahibkarların öz təşəbbüsləri ilə göstərilir. Amma dərman satışı kimi vacib məsələdə yaranan mənzərə budur ki, şəhərimizin “İstiqlal” küçəsi 121 və 127 ünvandakı binaların altında 10-a yaxın əczaxana olsa da, bir çox məhəllə və yaşayış massivlərində bunlardan söhbət gedə bilməz. Əhalinin tələbatı olduğu halda! Odur ki, adamlar ordan-burdan axtarınca, ora-bura düşmədən bir baş­ağrısı dərmanı almaq üçün şəhər nəqliyyatına oturub, şəhərin mərkəzinə tələsirlər. O da axşam saat 8-dən sonra işləsə! 

Əli CABBAROV

Nəşr edilib : 14.09.2023 18:51