AZ EN RU

Onunla hər kəs qürur duyur

Saday Rza oğlu Məmmədəliyev

01.03.1998-06.11.2020

Saday ailəyə çox bağlı oğul idi.  Füzuli işğaldan azad olunanda zəng vurdu ki, ata, mənim ayım tamam oldu. Əməkhaqqını alarsan. Çünki əməkhaqqı kartını atasına verib getmişdi. Heç müharibəyə gedəndə də bizə demədi. Bibisinin qızına zəng vurub deyir ki, atam-anam bilməsin. Mən atama zəng vurub deyəcəyəm ki, növbədə qalmışam. 

11 oktyabrda polkovnik Tehran Mənsimovun müşayiəti ilə buradan getdi. Müharibədə ayağından yaralanır. Yoldaşları deyir ki, get ayağına baxsınlar. Amma etiraz edir. Deyir ki, Şuşaya çatmışıq, zəfər çalmışıq. Şuşaya bayrağı sancaq, sonra gedərəm. 
Nənəsinə deyirdi, istədiyim var. Qız da 11-ci sinifdə oxuyurdu. Elə hey deyirdik, elə qız istə ki, səni tez evləndirək. Elə bil içimizə doğmuşdu ki, nə isə olacaq. 
Füzuli işğaldan azad olunduqdan sonra evə zəng vurdu. Çox sevincli idi. Dedi, televizoru açın təzə xəbər eşidəcəksiniz. Televizoru açdıq. Füzuli işğaldan azad edilmişdi. Nənəsi dedi gedək qızı alaq. Dedi, nənə siz bilmirsiniz burada nələr olur. Mən özümə qurban demişəm. Həyətə girim, qurbanımı kəsib axşamı mənə elçi gedərsiniz. 
Hərdən deyirəm kaş Saday evli olardı. Biz bu gün varıq, sabah yoxuq. Evli olardı, ailəsi Sadayı yaşadardı. Amma Saday bu gün hamımızın qəhrəmanıdır. Onu hər kəs qəlbində yaşadır.
Saday heç vaxt evindən ayrı qalmadı. Bibisigil bizimlə eyni həyətdə yaşayır. Deyirdilər, gəl burada qal, deyirdi  ki, mən evimdən ayrı qalmaram. Atası Rusiyada yaşayıb işləyirdi. Deyirdi, gəl bura, Saday deyirdi  ki, mən evimdən ayrı qalmaram. Yəni evə, ailəyə bu qədər bağlı idi.
Saday noyabrın 6-sı Şuşa qalasının ətrafında səngərdə başından vurulur. Orada da şəhid olur. Saday bağlı olduğu ailəsini tərk edib getdi. Amma yenə də qürurluyam. Qürurluyam ki, övladım qəhrəmandır! Qəhrəmanlar isə heç vaxt ölmürlər. Təsəllim isə odur ki, indi Sadayla təkcə ailəsi yox, hər kəs qürur duyur.

Nəşr edilib : 31.05.2024 12:39