AZ EN RU

Onun izi ilə Onun yurduna

Ümummilli Lider Heydər Əliyevin doğulduğu Naxçıvan torpağından təəssüratlar

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqının tarixində böyük rol oynamış, xilaskarlıq missiyasını yerinə yetirmiş belə şəxsiyyətlərdən biri idi Ulu Öndər Heydər Əliyev... Şanlı tariximizin səhifələrinə adını əbədi həkk edən Ulu Öndər Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyətdir. Onun xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməklə bərabər həm də dahi lider kimi fenomenal şəxsiyyətin zəngin, çoxşaxəli ömür yoluna işıq tutur. 

    Dünya qədər Azərbaycan sevgisi…

Hər şey artıq illərdir, üzərində işlədiyim, dahi şəxsiyyətin zəngin dövlətçilik fəaliyyətinə həsr edəcəyim kitabın ərsəyə gəlməsi məqsədilə başladı. Ulu Öndər Heydər Əliyev adının məsuliyyəti, böyüklüyü təqdim edəcəyim işlərin, necə deyərlər, daha da möhtəşəm olmasını tələb edirdi. 
    Təbii ki, bu böyük insan haqqında yazarkən, araşdırma apararkən unutmamaq lazımdır ki, Azərbaycanın 100 ilə yaxın şərəfli tarixini qələmə alırsan. Bu şərəfli tarixi öz siyasi kursu, Azərbaycançılıq ideologiyasına söykənən dövlətçilik xətti ilə quran Ulu Öndər Heydər Əliyev haqqında isə hələ bundan sonra da yüz illər boyu zəngin tədqiqatlar aparılacaq, cild-cild ədəbiyyat nümunələri yazılacaq, hekayələr qələmə alınacaq. Təsadüfi deyil ki, Vətənini ümman qədər sevən, xalqına olan məhəbbəti ilə coşub-çağlayan bu şəxsiyyət bir çox nitqlərində “Mən həyatımın bundan sonra qalan hissəsini də öz xalqıma, Vətənimə, müstəqil Azərbaycana xidmətə həsr edəcəyəm”, – deyirdi. Vətənimizin tarixi taleyi üçün dilə gətirdiyi hər bir sözə, xalqına verdiyi hər vədə, əhdinə, etiqadına sonuna qədər əməl edirdi. Sonuna qədər…

    Naxçıvandan başlanan haqq-ədalət yolu

Dahi şəxsiyyətin siyasi fəaliyyəti ilə maraqlananlar çox yaxşı bilir bu həqiqəti… Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq keçmiş SSRİ-də tutduğu vəzifələrdən istefa vermişdi. Azərbaycan xalqının azadlığını, müstəqilliyini tanımayan, Vətənin bütün sərvətlərini mənimsəyən imperiyaya o dövrdə etiraz səsi ucaltmaq çox böyük cəsarət və qüdrət tələb edirdi. Ulu Öndər bunu bacarmışdı... Bu hadisədən bir qədər sonra – 1990-cı il yanvar ayının 20-də Bakıda baş verən terror hadisəsinə də ilk etiraz edən Ümummilli Lider Heydər Əliyev olmuşdu. Moskvada yaşaması Onun həyatı üçün çox böyük təhlükə idi. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Ulu Öndər iki gün sonra Naxçıvana yola düşdü, həmin ildə də Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçildi. Onun bu çətin günlərində, təbii ki, Naxçıvan Ona – doğma övladına, Vətən oğluna qucaq açmışdı. Tarixin yaşıdı olan Naxçıvan hər addımında dahi şəxsiyyətin yanında idi. Təsadüfi deyil ki, bu gün doğma naxçıvanlılardan, Ulu Öndəri görüb, onunla söhbət etmək xoşbəxtliyini qazanmış naxçıvanlı soydaşlarımızdan xilaskar şəxsiyyət barədə soruşsanız, səmimi şəkildə sizə deyəcəklər: gözəlliyi, təmizliyi ilə seçilən qədim yurdun hər bir guşəsində Heydər Əliyevin xüsusi zəhməti var! 

    Ümidlərin bitdiyi yerdə O…

Naxçıvan Muxtar Respublikasında az adam tapılar ki, Ulu Öndəri yaxından görməmiş olsun. Tarixi qeydlərdən və soydaşlarımızın (xüsusən də naxçıvanlı) bir çoxunun xatirələrindən də məlumdur ki, O, Moskvadan Naxçıvana gələndə Onu şəhərin baş meydanında keçirilən görüşdə 70-80 min nəfər alqışlamışdı, muxtar respublika Ali Məclisinin Sədri seçiləndə sessiyanın keçirildiyi binanın ətrafına on minlərlə adam toplaşmışdı, şəhər və kəndlərdəki görüşlərinə saysız-hesabsız insan qatılmışdı. Təbii ki, bunlar müdrik rəhbərə xalq sevgisindən, el məhəbbətindən irəli gəlirdi. Dahi rəhbərin o ağır, məşəqqətli günlərdə söylədiyi fikirlər isə hər bir azərbaycanlıda iftixar doğurur: “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm… Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir”.
    Ulu Öndərin siyasi fəaliyyətinin təməllərinin böyük bir hissəsi məhz Naxçıvanda olduğu illərdə atılıb. Bu məqamda bir faktı da diqqətə çatdıraq ki, Ümummilli Lider Heydər Əliyevin sözügedən illərdəki fəaliyyəti o dövrdə bir sıra qəzet və dövri nəşrlərdə, xüsusən də 90-cı illərdə muxtar respublikanın rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində işıqlandırılmışdı. O çətin illərdə dahi rəhbərin nəşr etdirdiyi qəzet xalqın xitabət kürsüsü, ali söz tribunası idi… Elə mənim Naxçıvan Muxtar Respublikasına səfərimdə də mətbuat tariximizin bir əsrdən artıq dövrünə şahidlik edən “Şərq qapısı” qəzetinin böyük rolu oldu…

    “Şərq qapısı” qəzeti vasitəsilə 
    Şərqin qapısına – Ulu Öndərin 
    ana yurduna səfər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz ötən il ərzində ölkəmizin bir sıra nüfuzlu mətbuat orqanları silsilə məqalələr, reportajlar, xatirə yazılar dərc etdi. Jurnalistlərimizin axtarışlarının nəticəsi olan hər bir ədəbi yaradıcılıq nümunəsinin kütləvi informasiya orqanlarında, o cümlədən televiziyalarımızda, nüfuzlu qəzetlərimizdə işıqlandırılması, sözsüz ki, tarixi şəxsiyyətin fəaliyyətini öyrənməkdə böyük rol oynadı. Qeyd-şərtsiz etiraf etmək lazımdır ki, bu istiqamətdə “Şərq qapısı” qəzetinin operativliyi və məlumat zənginliyi də daha çox seçildi və diqqət çəkdi. Hələ 90-cı illərdə Ulu Öndərin “Daha susa bilməzdim” başlıqlı müsahibəsini dərc etməklə gündəmi zəbt edən bu qocaman mətbuat orqanı, 2023-cü ildə – dahi siyasi xadimin 100 illik yubileyində bir sıra maraqlı araşdırma yazıları, reportajları ilə də mətbuat tariximizə böyük töhfə verdi…

    Ötən il “Şərq qapısı” qəzetində “2023-cü il Heydər Əliyev İlidir” rubrikası altında dərc edilən bir yazı çoxları kimi, mənim də diqqətimi çəkdi. “Dünənimizə, bu günümüzə, gələcəyimizə işıq tutan, dahi ömrünə şahidlik edən isti ocağın manifesti” başlıqlı reportaj Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda Ali Məclisin Sədri olarkən yaşadığı mənzilə həsr edilmişdi. Müəllifi qəzetin gənc jurnalisti Məcid Rəşadətoğlu olan bu yazı ilə tanışlıqda öyrəndim ki, dahi rəhbərin uşaqlığı və gənclik illəri bu məhəllədə, bu mənzildə keçib. İndiki Səməd Mövləvi küçəsində. Hazırda evdən çəkilmiş unikal fotoşəkillər, məqalədə yer alan maraqlı məqamlar, dahi rəhbər haqqında qeyd olunan xatirələr artıq Naxçıvana səfər etmək üçün çox yaxşı fürsət idi…

    Xeyir-duan üstümüzdə,
    ruhun sonsuz göylərdədir…

Qeyd edim ki, Azərbaycanın hər bir bölgəsinin özünəməxsus tarixi, qədimliyi, milli-mənəvi dəyərləri vardır. Bəşəriyyətin ikinci həyat tapdığı Naxçıvan isə tarixin özüdür, yaşıdıdır…Elə bu məqamdan, Naxçıvana etdiyim səfərin təfsilatına çox da yer vermədən mövzumuza davam etmək istəyirəm. Hər şeyə elə oradan – dahi liderin doğulduğu, ata evinin yerləşdiyi məhəllədən başlamaq istəyirəm. Sakinlərin dediyinə görə, bu məhəllə Naxçıvan şəhərinin tarixi yaşayış yerlərindən biridir. Elə möhrədən tikilmiş əksər evlərin hələ də mövcud olması bunu bir daha sübut edir. Ümummilli Liderin doğulduğu, boya-başa çatdığı bu məhəllə və ev barəsində isə bizə ətraflı məlumatı hələ Ulu Öndərin sağlığında mühafizə xidmətində işləmiş, indi isə tarixi binaya bələdçilik edən Səyyad əmi verir.
    Çox vaxt itirmədən ilk olaraq Ulu Öndər Heydər Əliyevin ata həyətinə – ikimərtəbəli və bir zirzəmidən ibarət olan, fasadı ağ mərmərlə örtülmüş evə daxil oluram. Çox qəribə, bir o qədər də həyəcanverici hissdir. Sanki bir ali ruhun müşayiəti ilə bu evi gəzib-dolanıram.
    Evin birinci mərtəbəsində gözoxşayan antik əşyalarla dolu qonaq otağı qarşılayır bizi. Səmimi aura, qədimliyin və sadəliyin hopduğu bu məkanda dahi rəhbərin xatirə fotoları, hər gün qarşısına keçib izlədiyi televizor və daha nələr… Həmçinin otağa daxil olduğumuz anda baş tərəfdə yer alan hündür saat da, xüsusilə diqqəti cəlb edir. Düşünürəm: kim bilir, bəlkə də, Ulu Öndər neçə gərgin, xalqın taleyini həll edən qərarların verildiyi gecələrdə bu saata baxıb. Səhər açılanda xalqını necə qarşılayacağını, nə edəcəyini, hansı qərarlara imza atacağını düşünüb… Saatın yanındakı güzgülü şkafın üzərində isə Ulu Öndər Heydər Əliyevin gənclik illərində və bu evin həyətində çəkilmiş bir neçə fotosu yer alıb. Çox maraqlı, bir o qədər də unikal şəkillərdir…
    Yan otaqda isə balaca kitabxana yerləşir. Dahi rəhbərin xatirələrindən də məlum idi ki, O, kitab oxumağı çox sevirdi. Dünya klassikləri, Azərbaycan ədəbiyyatının sevilən qələm sahibləri, şairləri, yazıçıları, dramaturqları…Hər birinin yaradıcılığına yaxşı bələd idi Ümummilli Lider. 
    Dəhlizlə irəliləyib ikinci mərtəbəyə çıxırıq. Burada bizi iç-içə bir neçə otaq qarşılayır. Ən axırıncı otaq Ulu Öndərin iş otağıdır. Ümummilli Lider xalqımızın taleyüklü məsələlərinin bir çoxunu bu otaqda həll edib. Otaqda yazı masası və bir böyük kitab rəfi də yerləşir. Kitab rəfində sıra ilə düzülmüş müxtəlif mövzularda kitablar, xüsusən də Azərbaycan və dünya tarixinə aid kitablar üstünlük təşkil edir. Axı dahi rəhbərin özü də tarixçi idi…
    Rəfə göz gəzdirərkən Səyyad əmi kitablara işarə edib deyir: “Rəhmətlik ən adi, kiçik bir tədbirə belə getsə, mütləq bu kitabları vərəqləyərdi, oxuyardı, nə isə qeydlər aparardı. Heç vaxt evdən hazırlıqsız çıxmazdı. Ailədə, yoldaşlıqda səmimi, gülərüz, mehriban olduğu qədər, işində də məsuliyyəti və ciddiliyi sevərdi. Allah rəhmət eləsin…”
     Masa üzərindəki qələmlik və telefon da öz sadəliyi ilə seçilir. Otağın içərisindəki bir digər yanaşı otaq isə Ulu Öndərin yataq otağıdır. 
    Qısa, lakin mənalı, maraqlı ev gəzintisini yekunlaşdırıb yenidən həyətə çıxırıq. Geriyə dönüb baxarkən bu mənzildə, bu həyətdə bir zamanlar dahi Heydər Əliyevin yaşadığını, Onun səsinin, gülüşünün əks-səda verdiyini düşünəndə insanı qəribə hisslər bürüyür. Başqa cür də ola bilməz…Həyətin bir tərəfini əhatə edən meyvə ağacları, Ulu Öndərin saatlarla tamaşa etdiyi hovuz, həyətdə hər gün axan təmiz Naxçıvan suyu çox mətləblər danışır bizə, çox xatirələrə işıq tutur…Bu evdə Ümummilli Liderin əlinin toxunduğu hər bir əşyaya toxunmaq, Onun keçdiyi dəhlizlərdən keçmək, bütün sadaladıqlarımızla muzeydə olduğu kimi, şüşə altından yox, məhz canlı surətdə təmasda olmaq...bu hissi ancaq yaşayanlar bilər, sözlə ifadə etmək isə çox çətindir...
    Artıq ayrılmaq vaxtı çatıb. Səmimi qonaqpərvərliyə, danışdığı maraqlı xatirələrə görə Səyyad əmiyə, xüsusən də bu tarixi və həmişəlik yaddaşımda qalacaq ekskursiya üçün “Şərq qapısı” qəzetinin müxbiri Məcid Rəşadətoğluya, çəkdiyi maraqlı fotoşəkillər üçün qəzetin fotomüxbirinə təşəkkürümü bildirirəm. Naxçıvana səfərim qısa olsa da, mənə bir çox xatirələr qazandırdı. Ən əsası bir daha aydın oldu ki, xilaskar liderin doğulduğu bu Vətəndə Azərbaycan xalqının minillik dəyərləri hələ də qorunur, yaşadılır. Onlar xalqımızın irsi milli sərvətlərinə, ən əsası dahi rəhbər Heydər Əliyev ideologiyasına, Azərbaycançılıq xəttinə böyük diqqətlə, ehtiramla yanaşır. İllərdir, öz ehtişamı ilə qorunan bu ev, xalqımızın hər bir nümayəndəsinə doğma olan bu ocaq, sadalanan şirin xatirələr söylədiklərimizin əyani sübutudur. İllər keçsə də dahi şəxsiyyətin əziz xatirəsi hər birimizin qəlbində yaşayacaqdır.

 Ruslan QASIMOV
 Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, 
Cəmiyyətin və Medianın İnkişafı İB İdarə Heyətinin üzvü

 

Nəşr edilib : 02.02.2024 09:54