AZ EN RU

Onun istiqlal məfkurəsi

İstiqlal carçılarımızın milli azadlıq mübarizəsini körükləməsi nəticəsində XX əsrdə ilk çağdaş milli dövlətimiz – Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Biz müstəqilliklə bərabər zamanın sınağından çıxan Cümhuriyyət modelini də kəşf etdik. Tarix bizə müstəqilliyin bərpasına fürsət verdiyi kimi, Cümhuriyyət qurucularının irsini öyrənməyə, tarixi təcrübəsini qazanmağa da zəmin yaratdı.

 Gözümüz önündə gerçək tarixin qürurverici səhifələrini vərəqlədikcə Cümhuriyyət günəşinin istisini, işığını hiss edə bilirik. Bu tarixi yüksək ideallar uğrunda ağlasığmaz fədakarlıqlar göstərən, Vətəndən uzaqlarda ömür sürən nisbətən azsaylı bir zümrənin mübarizəsinin tarixidir. Bu tarix, həmçinin Azərbaycanın istiqlalı naminə öz həyatlarını belə qurban vermiş insanların həyat və mübarizəsi tarixidir. Bu gün xalqın müstəqilliyi yolunda həbsə və sürgünlərə yollanan, min bir əzaba dözərək mühacir həyatı yaşayan Cümhuriyyət liderlərini üçrəngli Azərbaycan Bayrağının dalğalandığı hər yerdə qürur və hörmətlə anırıq.

Bu gün görkəmli dövlət və ictimai-siyasi xadim, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, milli istiqlal hərəkatının və siyasi mühacirətin lideri Məhəmməd Əmin Rəsulzadənin doğumundan 140 il ötür. Təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşını qoyan M.Ə.Rəsulzadə 1902-ci ildə – on yeddi yaşında Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olan “Müsəlman gənclik təşkilatı”nı yaratdı. 1904-cü ilin axırlarında yaradılan “Hümmət” təşkilatının və eyni adlı qəzetin banilərindən olan Rəsulzadə 1908-ci ildə təqib olunduğunu hiss edərək Təbrizə köçdü. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ildə Türkiyəyə köçür və paytaxt İstanbulda həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu ilə görüşərək Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Vətənə qayıdır. 1918-ci il mayın 27-də milli şuranın sədri seçilən Rəsulzadə 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri vasitəsilə Azərbaycanın istiqlaliyyətinin elan olunmasını dünyaya yaydı. Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil olundu. Bununla da Azərbaycan xalqı bir xalq kimi nəinki türk xalqları arasında, həmçinin bütün islam şərqi aləmində ilk dəfə olaraq milli dövlətini qurdu. Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüskarı olan Məhəmməd Əmin Rəsulzadə müxtəlif illərdə universitetin Tarix-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixini” tədris edib. 1919-cu ildə “İstiqlal” jurnalında “Azərbaycan Respublikası” adlı əsəri işıq üzü görən dövlət xadiminin Əli bəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat”, həmçinin Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunub. 1908-ci ildə tamaşaya qoyulan “Qaranlıqda işıqlar” pyesi Azərbaycanda milli istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. 1923-cü ildən İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir.

Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edib. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə “İstiqlal” qəzeti və “Qurtuluş” jurnalı çap edilib. 1947-ci ildən Ankaraya köçən Rəsulzadə burada ömrünün sonuna kimi yaradıcılıqla məşğul olaraq “Azərbaycan şairi Nizami” adlı samballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirib. O, müxtəlif illərdə “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və sair imzalarla tanınıb. Şəkər xəstəliyindən əziyyət çəkən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saatlarında Ankara Universitetinin tibb klinikasında gecə saat 22:50-də əbədiyyətə qovuşub. Əsli Ordubaddan olan, Təbrizdə dünyaya gözlərini açan dövlət xadimi Ankarada, Əsri qəbiristanlığında dəfn edilib. 1985-ci ildə ölümündən 35 il sonra Oksford Universitetində M.Ə.Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” adlı kitabı ingilis dilində ikinci dəfə çap edildi.

 Ümummilli Lider Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə dövlət xadiminin 130 və 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalayıblar.

 1920-ci il 28 aprel tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət qurumlarının üzərindən ürəklərə köçdü. 1990-cı il noyabrın 17-də isə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın rəsmi bayrağı kimi qəbul olundu. Bu addım onun dəqiq, vaxtında hesabladığı ən böyük və düzgün addım idi. Qardaşın qardaşı döyüş meydanına səslədiyi zamanda o xalqı köməyə çağırdı. Xilas naminə, qurtuluş naminə. Eynilə Atatürkün Sivasdan Anadolu türkləri ilə coşması və Heydər Əliyevin Naxçıvandan xalqın içindən xalqın xilası naminə atdığı addım kimi.

 Zaman-zaman bu üçrəngli bayraq milliyyətçi aydınlar tərəfindən qaldırılmanın həsrətini, zaman-zaman Azərbaycanı ölkələr içindən təmsil etməyin qürurunu, zaman-zaman isə tapdaq altında olan Qarabağda, Xudafərində dalğalandırılmağın həsrətini çəkdi. Üçrəngli ay-ulduzlu bayrağımız ucaldıqca yaraları sağaltdı. Varoluşunda əbədilik qazandı. 1918-ci il sentyabrın 16-da parlaq qələbə münasibətilə Nuru paşanın, Xəlil paşanın, general Əliağa Şıxlinskinin, polkovnik Həbib bəy Səlimovun birlikdə addımladığı meydandan 102 il sonra Türk və Azərbaycan Ordusunun mətin addım səsləri duyuldu.

2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsi zamanı işğal olunmuş bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırıldı.

Cümhuriyyətin 23 aylıqqısa dövrü tarixin böyük dövlətçilik məktəbidir. Vətənpərvərliyin, vəfanın vəmillət yolunda fədakarlığın, şəksiz qələbənin örnəyidir. Cümhuriyyət irsi, onun ideyaları bu gün də davam etdirilir. Gələcəyə aparan işıqlı yolumuzda möhkəm təməl və sarsılmaz istinad nöqtəsi rolunu oynayır. İstər Cümhuriyyət dövründə, istərsə də sonra Azərbaycan daim işğal, beynəlxalq aləmdə təklənmə, ayrı-seçkilik siyasətinin təzahürü kimi təqib və təhdidlərlə davamlı şəkildə üzləşib. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı mətin addımlarla günəşli günlərə doğru yol alır.

Artıq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa edilib. İnanırıq ki, milli istiqlal carçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin məhz torpaqlarımızın işğaldan azad edildiyi illərdə keçirilməsi onun və bu yolda ona yoldaş olan bütün Cümhuriyyət carçılarının ruhunu şad edib.

 Sən, zəfərdən doğulmuş, hürr yaşamış, hürr qalacaqsan! Qulaqlardacingildəyən bir kərə yüksələn bayrağın, bir daha enməz səsisən! Sən, şərəf təmsilçimiz, kimliyimizin təcəssümüsən. Günün mübarək olsun!

Fariz ƏHMƏDOV

 

 

Nəşr edilib : 31.01.2024 12:54