AZ EN RU

Onu hər zaman Abbas kimi xatırlayacağam

Abbasəli İmamqulu oğlu İsmayılov

20.09.1995-22.10.2020

Abbasəli mənim anam, bacım, qolum, qanadım idi. İstəmirdi ki, mən əlimi soyuq suya vurum. Körpəliyindən mənim qayğıma qalırdı. Məktəbdə də o qədər tələbkar idi ki. Nə vaxt dərsi yaxşı keçmirdilər gedib məktəbdə səs salırdı ki, niyə mənə yaxşı dərs keçmədiniz? 

O qədər candan yanan idi ki. Evdə hara baxıram, onu görürəm. Çünki evdə nə var hamısını Abbasəli alıb. Hərbi liseydə oxuyanda da aldığı təqaüdü evə verirdi. Deyirdim, ay oğul, bəs orada sənə pul lazım olar. Deyirdi, ana, yox, pul səndə qalsın. Bizə orada hər şey verirlər.
Hərbiyə də getmək öz arzusu idi. Qoymurdum getsin. Deyirdim, qərib adamam məni qoyub getmə. Həkim, müəllim ol, yanımda ol. Ağladı, gözünün suyunu tökdü ki, mən gedəcəyəm. Getdi, oxudu, hamıdan da fərqləndi.
Abbasəli çox mehriban idi. Bir yerim ağrıyanda inan ki, yatmazdı. Gözü qalırdı üzümdə. Bakıda oxuyanda o qədər dərmanlar alıb göndərirdi ki, anamın dizi ağrıyır. Əslində, bizim evdə mələk var imiş. Amma biz bilməmişik. 
Maaşını alan kimi bütün ailə üzvlərinə kontur göndərərdi. Hər kəsə 5 manat göndərəndə mənə 10 manat göndərirdi. Deyirdi, ana, qoy səndə hamıdan çox olsun.
Əslində, şəhid olmamışdan qabaq kəndə xəbər yayılır ki, Abbasəli şəhid olub. Bütün qohum-əqrəba, qonşular hamısı bizə yığılmışdı. Hamı qəribə baxışlarla mənə baxırdı. Deyirdim, bunlar mənə niyə belə baxırlar? Elə bu vaxt Abbasəlidən zəng gəldi. Hamı təəccüblü qaldı. Bütün camaat şükür edirdi. 
Sonuncu dəfə oktyabrın 18-də danışdıq. Dedi, ana, irəli gedirik. Olar ki, mənə zəng çatmasın, narahat olmayın. Mən 3-4 gün sonra özüm zəng vuracağam. Dörd gündən sonra, 22 oktyabrda balamın şəhid xəbərini aldıq. Amma bu dəfə xəbər doğru idi. 24 oktyabrda balamın nəşini gətirdilər. Mən balama hər zaman Abbas deyirdim. Heç ona Abbasəli demədim. Bundan sonra da onu Abbas kimi xatırlayacağam.

Nəşr edilib : 15.06.2024 15:30