AZ EN RU

Onların uğur hekayəsi

    Muxtar respublikamızda dövlət qayğısı hesabına təhsilin bütün pillələri üçün şərait yaradılıb, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib. Sevindiricidir ki, yaradılan şəraitdən istifadə edərək qəbul imtahanlarında yüksək bal toplayan, müasir texnologiyaların dilini bilən, ixtiralar edən gənclərimizin sayı getdikcə artır. Biz də builki qəbul imtahanlarında yüksək bal toplayan, Naxçıvan şəhərinin ümumtəhsil məktəblərindən məzun olan gənclərlə həmsöhbət olduq. 

    2005-ci il iyulun 27-də Naxçıvan şəhərində anadan olan Ədalət Əliyev 2011-ci ildə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin I sinfinə qəbul edilib. 2022-ci ildə məktəbi “Qızıl” nişanla bitirib. Təhsil aldığı müddətdə bir çox uğurlara nail olub. Muxtar respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə X sinifdə 2-ci yeri , XI sinifdə 3-cü yeri tutub. Dəfələrlə “Xəmsə” milli intellektual oyununda iştirak edib. “Azərbaycanı tanıyaq” xəritəqurma müsabiqəsində qalib adını qazanıb. Bu il II ixtisas qrupu üzrə qəbul imtahanında 647 bal toplayaraq muxtar respublika birincisi olub. Bu uğuruna görə, ilk növbədə, valideynləri və müəllimlərinə özünü borclu saydığını deyən Ədalət Əliyev bildirdi ki, onlar həmişə mənə dəstək olublar. Həmçinin vaxtı düzgün və səmərəli bölmək, çox çalışmaq, mütaliə etmək mənə kömək oldu. Ali təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası (ingilis dilində) üzrə davam etdirmək, ixtisasım üzrə dərin biliklərə yiyələnərək dövlətimə layiqli şəxs kimi xidmət etmək istəyirəm.

    Aynur Eynalova 2005-ci il sentyabrın 18-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin məzunudur. O deyir: – Məktəbdə oxuduğum müddətdə sınaq imtahanlarında iştirak edərək 1-ci və 2-ci yerləri tutmuşam. Bu da mənə universitetə yüksək balla qəbul olmaq üçün daha çox çalışmağıma motivasiya olub. Məktəbi “Qızıl” nişanla bitirmişəm. Azərbaycan dili, ədəbiyyat, ingilis dili fənlərinə xüsusi marağım olub və III ixtisas qrupu üzrə imtahanlara hazırlaşmışam. Qəbul imtahanında 644 bal toplayaraq yüksək nəticə əldə etmişəm. Təhsilimi Naxçıvan Dövlət Universitetində davam etdirmək istəyirəm. Çünki bu universitetdə tədrisin dünya standartları səviyyəsində olduğunu bilirəm. Düşünürəm ki, uğur qazanmaq üçün bir məktəbliyə ən əsası məsuliyyət vacibdir. Daha sonra vaxtdan səmərəli istifadə etmək, müəllimlərin tapşırıqlarına əməl etmək və dərsləri tez-tez təkrar etmək vacibdir. Hədəfim Hüquq fakültəsini bitirib,Vətənimə layiqli, ixtisaslı hüquqşünas olmaqdır. Bundan əlavə, yeni dillər öyrənməyə xüsusi həvəsim var. Universitetdə oxuyanda da çalışacağam ən azı iki xarici dil öyrənim.

    2005-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olan Nigar Kərimova 15 nömrəli tam orta məktəbdə təhsil aldığı illərdə IX sinifdən başlayaraq fənn olimpiadalarında iştirak edib, final mərhələsinə qədər yüksəlib. 2020-ci ildə “Sabahın tədqiqatçıları” layihəsində iştirak edərək bir çox nailiyyətlər qazanıb. Məktəbi “Qızıl” nişan və fərqlənmə attestatı ilə bitirən Nigar qəbul imtahanında IV ixtisas qrupu üzrə 643 bal toplayıb. Təhsilini Azərbaycan Tibb Universitetində davam etdirmək istəyir. Nigar deyir: – Əldə etdiyim uğura görə ilk olaraq özümə borcluyam. Çünki bu yolda uğur əldə edəcəyimə inandım və valideynlərim istiqamət, müəllimlərimsə təhsil verdi. Fikrimcə, hər bir məktəbli seçdiyi yolda uğur qazanacağına psixoloji cəhətdən özünü hazır etməlidir. Yəni bu yolda əzmli, iradəli olmalı və çox çalışmalıdırlar. Hər uğursuzluğun yeni bir uğura açar olduğunu bilməlidirlər. Bundan əlavə, fiziki cəhətdən də özlərini yormamalı, yuxu rejiminə, qida normasına, dərs müddətində ayrılan istirahətə diqqət etməlidirlər. Məqsədim cərrah olmaq və insanların sağlamlığına xidmət etməkdir. 

    İlkanə Allahverdiyeva 2005-ci il fevralın 2-də Naxçıvan şəhərində anadan olub. 2011-ci ildə Naxçıvan şəhər      5 nömrəli tam orta məktəbin I sinifində oxumağa başlayıb. Riyaziyyat fənninə böyük marağı olub və bu fənn üzrə olimpiadalarda iştirak edib. Həmin olimpiadalardan “American Matematics Copmpetitions”da sertifikata layiq görülüb. İlkanə söhbət zamanı bildirdi: – Məktəbdənkənar şahmatla məşğul olmağı xoşlayıram və 2-ci dərəcəli oyunçuyam. İştirak etdiyim yarışların 11-də müxtəlif dərəcəli diploma layiq görülmüşəm. Bu diplomlar arasında “Naxçıvan Open-2014”də layiq görüldüyüm ikincilik də var. IX sinifdə oxuyarkən “Sabahın tədqiqatçıları” layihəsində iştirak etmişəm. X sinifdən təhsilimi Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə davam etdirmiş və 2022-ci ildə bu məktəbdən məzun olmuşam. I ixtisas qrupu üzrə qəbul imtahanında 628 bal toplamışam. Təhsilimi Bakı Ali Neft Məktəbinin İnformasiya texnologiyaları ixtisası üzrə davam etdirmək istəyirəm. Digər şagirdlərə isə deyirəm ki, ilk olaraq qarşılarına məqsəd qoysunlar və onun üçün çox çalışsınlar.
    Biz də gələcəyin bu alitəhsilli gənclərinə uğurlar arzu edirik. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 17.08.2022 18:14