AZ EN RU

Onları qorumaq hər birimizin mənəvi borcudur!

Hamımızın sevimlisi olan qış fəsli, təəssüf ki, küçədə yaşamalı olan heyvanlar üçün heç də asan keçmir. Bu şaxtalı günlərin onlar üçün daha rahat keçməsini təmin etmək, hər bir canlının həyatının dəyərli olduğunu unutmamaq hamımızın mənəvi borcudur! 

Küçədə yaşayan kiçik dostlarımız üçün sığınacaq ilkin ehtiyacdır. Onların qapalı və isti yerdə sığınmaları üçün qutu evlər hazırlaya və ya peyvəndlərini etdirərək onlara müvəqqəti yuva ola bilərik. 

Unutmayaq ki, həyatın əsas mənbəyi su və qidadır. Qapılarımızın önünə evlərimizdə bişirilən yemək və sudan ayıraraq qablarda qoya bilərik. Lakin diqqət etmək lazımdır ki, qoyduğumuz qida və su şaxtalı havada donmasın. Müəyyən aralıqlarla yoxlayaraq donmadıqlarını əmin olmalıyıq. 

  Qış aylarında bir çox xəstə heyvanla rastlaşırıq. Lakin onları görməzdən gəlməməli, baytar həkimlərə çatdırmalıyıq. Sevindirici haldır ki, artıq muxtar respublikamızda sahibsiz heyvanların müalicəsi və sahibləndirilməsi ilə məşğul olan könüllü qruplar da var. Sosial şəbəkələr vasitəsilə onlara sağlamlıqlarına bəxş edə bilərik! 

 Naxçıvanımıza ilk qarın yağması ilə asayişin keşiyində dayanan polislərimizin davranışları isə hər birimizə örnək olmalıdır. Sosial şəbəkələrdə yayılan fotolarda onların sahibsiz dostlarımıza qarşı sevgi və mərhəməti bu soyuq günlərdə qəlbimizi isitdi.

Unutmayaq, kiçik dostlarımıza rahat və sağlam həyat bəxş etmək çox asandır. Yetər ki, biz öz insani vəzifələrimizi unutmayaq! 

Aysel Yusifzadə

Nəşr edilib : 14.01.2024 19:20