AZ EN RU

Onları ölümdən kəlağayı qurtardı...

Qəlbində xalqımızın tarixini, kimliyini, milli-mənəvi dəyərlərini daşıyaraq yaşadan, eneolit dövr mədəniyyətimizin beşiyi Kültəpə kəndindəyik. Qərbi Azərbaycandan olan soydaşlarımızın sorağı ilə qədəm qoymuşuq bu yurda, bu torpağa. Şabanovlar ailəsinin qonağıyıq Kültəpədə. Kənd sakini Oruc Şabanov atasının başına gələn bir hadisəni danışır: – Atam Cavad Şabanov 1895-ci ildə qədim yurd yerimiz Dərələyəzin Sallı kəndində dünyaya göz açıb. Uşaqlıq illəri həmin torpaqlarda mal-heyvan, qoyun-quzu otarmaqla, əkinçiliklə, maldarlıqla məşğul olmaqla keçib. Dünyadan köçən bir günədək elə hey dədə-baba torpaqlarından söhbət salar, o yerlərin həsrətindən könlünü ovutmaq üçün xatirələrini bölüşərdi bizimlə. Danışdığı bir hadisə isə hər zaman qulağımda çınlayır, yaddaşımdan silinmir. Atam deyirdi ki, 1918-20-ci illərdə ermənilərin xalqımıza qarşı törətdiyi qırğınlar, təxribatlar, deportasiya siyasəti onların ailəsindən də yan ötmədi: Mənfurlar bir çox həmyerlimizlə bərabər məni və  əmini də girov götürərək yuxarı kəndlərdən birinə apardılar. Orada bizlə qul kimi rəftar etməyə, özlərinə rəvac görmədikləri işlərdə işlətməyə başladılar. Həmin kənddə mən bir erməninin tövləsində mal-heyvana, atlara baxır, elə həmin tövlədə  natəmiz yerdə yatmağa məcbur edilirdim. Günlər bir-birindən çətin, dözülməz keçirdi mənimçün. Bir gün qulluq etdiyim atlardan birinin cilovundan yapışıb yaxınlıqdakı kəhrizdə suvarmağa apardım. Suyun başında əlində səhəng tək dayanan bir qadına rast gəldim. Xanım məni görcək sanki uzun illər öncə itirdiyi doğmasını tapmış kimi sevindi və elə həmin an dedi ki mən səni tanıyıram, biz eyni kənddənik. Özünü nişan verdikdən sonra söylədi ki, Cavad, məni də buraya əsir kimi gətiriblər, işgəncə verirlər, bu yaramazlar bizi işlədib-işlədib axırda da canımıza qəsd edəcəklər. Bir yolun tap, qaçaq gedək öz kəndimiz Sallıya...

– Oruc Şabanov sanki hadisəni yaşayırmış kimi həyəcanlı şəkildə söhbətinə davam edir: – Atam bir qədər fikirləşdikdən sonra qadına “sabah bu vaxt burada ol, atı da gətirim bir yerdə qaçaq, gerisi də nə ola, ola, təvəkkül Allaha”-deyir. Danışdıqları kimi də edirlər. Ertəsi gün atam kəhrizin yanında qadını atın belinə götürür qaçırlar. Hadisəni başa düşən ətrafdakı ermənilər arxalarınca güllə yağdırmağa başlayırlar. Bu zaman əsən küləyin, çapan atın təsirindən qadının başındakı kəlağayı yellənərək düşmənin hədəfi düzgün nişan almasına maneəçilik törədir. Qədim, milli geyimimizin kənarları deşik-deşik olsa da, atamla həmkəndlisi qadın ölümdən qurtulur. Sallıya gələn atamgil bir neçə gün kənddə qaldıqdan sonra gəlmə ermənilərin təcavüzündən xilas olmaq üçün ailəlikcə məcbur şəkildə dağlardan-daşlardan keçərək Payız kəndi istiqamətində Naxçıvana pənah gətirirlər. Əvvəlcə Yeniyolda (indiki Məmmədrza Dizə kəndində) məskunlaşırlar.  Buraya gəlməkdə məqsədləri isə öncədən bəlli imiş. Belə ki, atamın dediyinə görə həmin dövrdə o kənddə Məmmədrza adında bir bəy yaşayırmış. Həmin bəy ermənilərin təcavüzündən qorunmaq, işğalçıların hücumlarını dəf etmək məqsədilə 25 nəfər atlıdan ibarət könüllü dəstə, Dizə taboru yaratmışdı (Haşiyə: Mənbələrdə kəndin indiki adının etimologiyası barədə əsaslandırılmış fakta rast gəlmədiyimiz üçün deyə bilərik ki, böyük ehtimalla Məmmədrza Dizə toponimi məhz elə həmin bəyin, taborun adından yaranıb). Atamgil də o vaxt bunu eşidib-bildiyi üçün ümid yeri kimi buraya üz tuturlar. Lakin kənddə qalmağa evləri olmadığı üçün çətinliklə üzləşirlər. Çıxış yolu kimi qayaların dik hissələrini yarıb, meşədən də odun yığaraq özlərinə mağara formasında sığınacaq düzəldirlər. Sonralar Kültəpə kəndində boş evlər taparaq köçüb burada yaşayırlar...

Oruc onu da bildirir ki, Qərbi Azərbaycan torpağı neçə-neçə saz-söz adamları, şairlər, yazıçılar, sənətkarlar yetirib. Dərələyəzin Hors, Qabaqlı, Qaraqaya kəndləri kimi Sallı da aşıqlar yurdu sayılıb. Atam Dərələyəz aşıq mühitinin ustadı aşıq Cəlillə yaxın dost olub, 1918-ci ildə Naxçıvana da bir yerdə gəliblər. Aşıq Cəlil də Məmmədrza Dizə kəndində yaşayıb, orada dünyasını dəyişib, torpağa tapşırılıb. Elə ata-baba yadigarı kimi mənim də uşaqlıqdan saza-sözə böyük hörmətim olub. Bir neçə şeirlər kitabım da işıq üzü görüb. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti sayəsində tezliklə soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına qayıtması ümidi ilə fikrimi qədim, əzəli yurd yerimizə həsr etdiyim “Dərələyəz bizimkidir” şeirindən iki bəndlə yekunlaşdırıram:

                             Bax Dərələyəzdə yaşayan atam,

                             Orada açılan gül bizimkidir.

                             Al əlvan çəmənlər, yaşıl meşələr,

                             O dağlar, dərələr, çöl bizimkidir.

 

                             Həmişə bir olaq qəlbdə birləşək,

                             Qeyrətimiz də var didək-didişək.

                             Gedək ata yurda orda əyləşək

                             O dağlar, dərələr, çöl bizimkidir.  

Nail ƏSGƏROV

 

Nəşr edilib : 14.04.2023 16:47