AZ EN RU

Onlar sevincini bizimlə bölüşdü

Heydər Əliyev adına tam orta məktəbin yaradılmasından 20 il ötür. Məktəbin yubileyi münasibətilə Naxçıvan Muxtar Resublikasının Ali Məclisi sədri Sərəncam imzalayıb. 2024-cü il 8 may tarixli Sərəncamla Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə məktəbin bir sıra müəllimi “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub. Müəllimlər həm doğma məktəblərinin yubileyi, həm  də fəxri adla təltif olunduqları üçün ikiqat sevinc yaşayırlar. Onlardan bir neçəsi sevinc və qürur hissini “Şərq qapısı” qəzetilə bölüşdü. 

Zülfiyyə Quliyeva –– Mən 20 ildir ki, Heydər Əliyev adına  məktəbdə ingilis dili fənnini tədris edirəm. Dərindən dərk edirəm ki, biz müəllimlər müstəqil Azərbaycanımızın ictimai-siyasi həyatında fəal çalışa bilən, Vətənini, xalqını, dövlətini ürəkdən sevən vətənpərvər, savadlı gənclər yetişdirməliyik. Bu yolda mən də əlimdən gələni əsirgəmirəm. Dərs dediyim şagirdlərimlə qürur duyuram, əksəriyyəti ali məktəb tələbəsi adına layiq görülür və bu bir müəllim kimi məni sevindirir. Bu günlərdə isə daha bir sevinc yaşadım. Dövlətimiz mənim əməyimi yüksək qiymətləndirdi.  “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşəm. Bu, ümumilikdə,  Heydər Əliyev adına tam orta məktəbinin bütün kollektivinə verilən qiymətdir. Bizə bu dəyəri verənlərə minnətdaram.   

Xublar Tarışova – Əvvəlcə onu deyim ki, təhsilin inkişafı və cəmiyyətin bütün sahələrinə nüfuz etməsi hər bir dövlətin ali məqsədlərindən biridir. Bu məqsədin həyata keçirilməsi isə ölkədə yüksək savada və peşəkarlıq səviyyəsinə malik müəllimlər ordusunun yaradılmasından asılıdır. Sevindirici haldır ki, bu gün  ölkəmizdə ixtisaslı, öz peşəsini dərin məhəbbətlə sevən müəllimlər ordusu vardır. Təbii ki, bütün bunlar dövlət başçısının təhsilin inkişafına və müəllimlərə  göstərdiyi qayğı və diqqət hesabına olub. Təhsildə aparıcı sima olan müəllimlərin əməyinin qiymətləndirilməsi, stimullaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir. Hər il onlarca müəllimə təhsil sahəsindəki xidmətlərinə görə fəxri adlar, orden və medallar verilir. Son illər isə bu sahədə gözəl bir ənənə yaranıb. Məktəbimizin 20 illik yubileyi ərəfəsində məktəbimizin bir neçə müəllimi  "Əməkdar müəllim" fəxri adı mükafatlandırıldı. Sevinirəm ki, təltif olunanlar sırasında mən də varam. Bu yüksək etimada görə təşəkkür edirəm və əmin edirəm ki, bundan sonra da şagirdlərimin yüksək intellektual səviyyəyə malik, milli dəyərlərə hörmətlə yanaşan, bilikli, vətənpərvər gənclər kimi yetişməsi, xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olması istiqamətində yorulmadan çalışacağam.

​​​​​Məshəti Əliyeva – İlk pedaqoji fəaliyyətimə 2010-cu ildə mənə əziz və doğma olan bu məktəbdə başlamışam. Müəllim olmağı çox sevirəm və öz peşəmə qəlbən bağlıyam. Dərs dediyim uşaqların həyatında mənalı və unudulmaz iz salmaq, mənəvi cəhətdən sağlam yetişdirmək, Vətən sevgisi, dürüstlük, əxlaqi dəyərləri aşılamaq həyat amalımdır. Ümumilli Liderin adını daşıyan məktəbin müəllimi olmaq biz müəllimlər üçün böyük qürur və xoşbəxtlikdir. Fəaliyyət göstərdiyim illər ərzində məktəbimiz yüksək uğurlar qazanmağa nail olub. Təbii ki, bu uğurların təməlində təhsilə göstərilən qayğı durur. Bu gün həm də müəllimlərimizin əməyinin qiymətləndirilməsi də diqqət mərkəzindədir. Məktəbimizin 20 illik yubileyi ərəfəsində bu sevincdən mənə də pay düşdü. Əməkdar müəllim adına layiq görüldüm. Bir sıravi bir müəllim üçün böyük fərəhdir. Müəllimlik peşəsinə verilən bu böyük dəyər üçün təşəkkür edirəm.

Gülcamal TAHİROVA

Nəşr edilib : 09.05.2024 09:19