AZ EN RU

Ona qurban gedənə əsl oğul deyirlər

    Vətən müharibəsi başlayan gündən nə gecəsi vardı, nə də gündüzü Nəzakət ananın. O, necə deyərlər, bir udum suyun ümidinə qalmışdı. Bütün günü gözləri yolda idi, həsrətli baxışlar uzaqlara dikilirdi. Axı onun gözünün nuru İsmayıl bu yolla getmişdi, qayıdanda da bu yolla qayıdacaqdı. Müharibə başlayandan bir neçə gün sonra həmin yoldan bir karvan keçdi. Sanki toy karvanı idi. Bütün avtomobillər al bayrağa bürünmüşdü. Hamı yol kənarında dayanıb yola salırdı igid oğullarını son mənzilə. Həmin mənzərə bir neçə dəfə təkrarlandı və hər dəfəsində Nəzakət ana da digər qadınlar kimi yol kənarında dayanıb qürur göz yaşı ilə yola saldı igid oğulları. O öz balası kimi layla dedi əbədiyyət yolçularına, amma heç ağlına da gəlməzdi ki, bir neçə gün sonra – qələbəyə bir gün qalanda onun İsmayıl balası da bayrağa bükülüb gələcək. Vətən torpağının əbədi sülh göyərçini olacaq. 
    Həmin gün, canının bir parçasının şəhadət xəbəri gələn gün bir ananın fəryad dolu səsi yayıldı Böyükdüzün ucsuz-bucaqsız çöllərinə. Həmin gündən sirdaşı oldu bir ovuc torpaq ananın. Artıq dərdini də, sevincini də bir ovuc torpağa deyir Nəzakət ana. Oğlu İsmayılın canını fəda etdiyi bir ovuc Vətən torpağına. Artıq İsmayılın anası təkcə Nəzakət ana deyil, bütöv Azərbaycandır, bütöv Vətəndir. Nəzakət ana hər gün  gözləri yaşlı olsa da, qürurlu, başı dik, alnıaçıq gəlir oğlunun məzarına. “Üzün ağ olsun oğul, üzünüz ağ olsun oğullarımız. Başımızı ucaltdınız, alnımızdakı ləkəni sildiniz, 30 illik əzabımıza son verdiniz igidliyinizlə”, – deyir. 
    Oğlunun adı gələndə gözləri yaşla dolub-daşan ana İsmayılın igidliyi ilə fəxr edir. O qürur duyur ki, İsmayıl Vətən müharibəsi zamanı bölük radiotelefonçusu kimi hərbi xidmətini yerinə yetirib. Şuşa şəhəri istiqamətində gedən vuruşmalarda döyüş yolu keçib, noyabrın 9-da bu istiqamətdə gedən döyüşlərdə şəhid olub.
      Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Yüzbaşıyev İsmayıl Fərzayıl oğlu “İgidliyə görə”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
    İki şəhid, iki Vətən oğlu uyuyur Kəngərli rayon Böyükdüz kənd məzarlığında. Biri Birinci, digəri İkinci Qarabağ müharibəsində şəhadətə yüksəlib. İsmayıl öz igidliyi ilə özündən öncə şəhadətə yüksələn əmioğlusunun qisasını alıb üzüağ gəldi onun yanına. Qələbə xəbəri ilə gəldi. Başı üstə dalğalanan bayrağı canı ilə qoruyub Şuşanın, Ağdamın, Laçının səmasında dalğalansın, – deyə canından keçib, bayrağa bürünüb gəldi. Gedəndə özüylə dünya boyda sevinc aparmışdı, gələndə qələbə gətirdi. İllərdir, gözlədiyimiz həmin qələbəni.   
    Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq, bir gün son gəlir. Şəhidlər isə adilikdən çox uzaqdırlar. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Şəhidim, bu gün sən bütün yüksəklərdən ucada dayanan bir zirvədəsən. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. 
    Bu gün İsmayılla təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Şəhidin doğması, yadı olmaz axı. Kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbinə düşmüş bir qordur. Elə bir qor ki bu millət yaşadıqca o, işıq saçacaq xalqımızın yoluna, örnək olacaq gələcək nəsillərə…

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 18.01.2023 21:23