AZ EN RU

Ömür qatarının vaxtsız yolçusu – gənc memar və rəssam İsmayıl İsmayıllı

Ömür stansiyasız bir qatardır, nə vaxt dayanacağını heç kəs bilmir. Bu dəfəki qatarın stansiyası gözlənilməz, dayanacağı isə hər kəs üçün qəfil və ağrılı oldu. 2022-ci ilin yanvar ayının 17-si hər zaman olduğu kimi müsbət əhval-ruhiyyə ilə işə tələsirdim. Səhər saat 9-da aldığım qəfil xəbərdən o qədər sarsılmışdım ki, sanki eşitdiklərimi gördüyüm pis yuxu kimi özümə inandırmağa çalışırdım. Bəd xəbər tez yayılar deyirlər. Elə bu məqsədlə də telefonuma üz tutdum. Sanki aldığım dəhşətli xəbərin yalan olmasını sübut etmək istəyirdim. Ürəyimdə kaş ki, kaş ki ....yalan olsun fikirlərini təkrarlayırdım. Ancaq təəssüflər olsun ki, eşitdiklərim acı və inanılmaz bir həqiqət idi. Universitetimizin Memarlıq və Mühəndislik fakültəsinin “Memarlıq” kafedrasının sayılıb-seçilən, öz bacarığı, istedadı ilə nümunəvi olan gənc müəllimi İsmayıllı İsmayıl Cəfər oğlu bədbəxt hadisənin qurbanı olmuşdu. Bu qədər gözəl insan niyə ayrılmışdı aramızdan suallarını elə hey özümə verir, cavabını isə tapa bilmirdim. Taleyin hökmüylə razılaşmayaraq sanki üsyan edirdim. Niyə suallarımın cavabı isə yenə də sual olaraq özümə qayıdırdı. Aman Allahım, cəmiyyətimizə faydalı olacaq, öz qabiliyyəti və istedadı ilə hələ bir çoxlarının yoluna mayak olacaq insanları niyə bizdən alırsan? Axı, o həm də insanlığa, əsl vətəndaşlığa, yüksək mədəniyyətə və əxlaqa sahib olan gənc idi. Tanrım, niyə bu cür insanları bizə çox görürsən –deyə taleyin hökmüylə barışmırdım. Ən son məqamda belə hər zaman özümə təsəlli verən qəlbim isə belə təskinlik tapırdı. Tanrı sevdiyi bəndəsini öz yanına tez aparmaqla bizə işlətdiyimiz günahlar müqabilində cəza kəsir...Bilmədiyim sual- cavabların içərisində boğula-boğula Tanrının alın yazısıdır, qismətidir deyə ovunmaqdan başqa çarə qalmırdı.

Bildiyim tək bir həqiqət var ki, aramızdan əsl insan, qayğıkeş oğul, cəfakeş müəllim, istedadlı memar və rəssam ayrıldı. Öz yoxluğu ilə ailəsini, onu sevənləri ağlar qoyub getdi.

Gözəlliklər yaratmaq arzusuyla yola çıxan gənc memarımız maraqlı və bir-birindən rəngarəng layihələrə imza atmışdı. Ali təhsil ocağında qurulacaq Texnoparkın eskiz layihəsini o vermişdi. Ötən il layihənin təqdimatında nə qədər həyəcanla çıxış etsə də, gözlərində bir o qədər qürur və sevinc var idi. Çünki çəkdiyi zəhmət qiymətləndirilərək layihəsi əsasında Naxçıvan Dövlət Universitetində möhtəşəm bir binanın təməli qoyulurdu. 2021-ci il  Azərbaycan Respublikası Prezidentinin Gənclər üçün Mükafatını da qazanmışdı - İsmayıl İsmayıllı.

O, 1991-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində anadan olmuşdur. 2012-ci ildə Naxçıvan Dövlət Universiteti “Memarlıq və Mühəndislik” fakultəsinin “Memarlıq” ixtisasına daxil olmuş, 2016-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2016-2017 -ci illərdə Naxçıvan Dövlət Universitetində metodist, 2017 -ci ildən “Memarlıq” kafedrasının müəllimi kimi çalışırdı. Qeyd etmək yerinə düşər ki, O, həqiqi mənada çalışırdı, iş xətrinə yox, sənətinə, peşəsinə vurğunluqla işləyirdi.  

Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır deyib aqillərimiz- İsmayıl müəllim qısa, amma mənalı ömrünü yaşayaraq onu sevənlərin, əzizlərinin qəlbində əbədiyyətə qədər həyat qazandı. Bu qədər istedad sahibi olasan, amma bu qədər də sadə və təvazökar olmağı bacarasan. Hər insanın, hər istedad sahibinin qazana bilmədiyi hörməti, sevgini qazanmışdı İsmayıl müəllim.

"İnsan var evdən gedir, insan var eldən". O, eldən, yaşadığı, doğulub boya-başa çatdığı torpaqdan, işlədiyi çoxminlik kollektivdən, onu tanıyan-tanımayan hər kəsdən getdi. Amma İsmayıl müəllim hər kəsin qəlbində xoş xatirələrlə qaldı.

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. İsmayıl İsmayıllı böyük işlər görmək üçün yarandı və getdi... Amma bu gün hər kəs onun varlığını hiss edir, çünki o heç vaxt ölməyəcəkmiş kimi çalışdı. O, həyatı heç vaxt ölməyəcəkmiş kimi sevdi. O, bu dünyanın gözəlliklərini hər kəsdən fərqli hiss etdi və yaşadı. Kim bilirdi ki, amansız və qəfil ölüm onu bizdən ayıracaq, gənc rəssam və memarımızın bütün arzuları elə yarımçıq qalan ömrü kimi puç olacaq. İstedad sahibi insanlar Allah qatında seçilmiş insanlardır. Çünki onlar digər insanlardan fərqli olaraq Tanrıdan daha artıq pay alırlar.

Ölümündən sonra da kollektivdə İsmayıl müəllim haqqında çox danışıldı. Deyilən bir məqam isə diqqətimi daha çox çəkdi. Sən demə O, yeni qurulan Texnopark binasının tikintisinə şəxsən özü nəzarət edirmiş. Hər gün o binaya getməsi, işlərlə şəxsən özünün maraqlanması  sənətinə vurğunluğunun əsas göstəricisi idi. O, öz uşağını əzizləyən ata kimi kərpic-kərpic qurulan bina ilə sanki özü də böyüyürdü, ucalırdı. Xəyallar o zaman gözəl və inandırıcı olur ki, onlar gerçəkliyə çevrilir. O, xəyalların gerçəyini yaşamağı bizə miras qoydu.

İsmayıl müəllim yaratdığı hər binanın eskizini qurarkən orada yaşayacaq olan insanları, onların rahatlıqlarını düşünürdü. O inanırdı ki, qurduğu hər eskiz gələcəkdə sahibinə xoşbəxtlik, hüzur, sevinc bəxş etməlidir. Öz yoxluğunla insanlara kədər bəxş edən insan, əmin ol ki, yoxluğun bizi nə qədər üzsə də, sənin gözəl əməllərin, mükəmməl xarakterin və yaratdığın bütün işlər bizim son təsəllimiz, ümid yerimizdir! Biz sənin bizə miras qoyub getdiyin mənliyin, yüksək peşəkarlığın ilə təsəlli tapacağıq!

Rahat uyu, əziz insan! Sənin yaratdıqların hələ  çox insanların yoluna işıq salacaq! Sənin tələbələrin ruhuna hörmət əlaməti olaraq daha çox çalışıb, sənə layiq memar, rəssam olacaqlar. Sənin ən böyük layihən həyata keçəcək və hər kəs səni xoş xatirələrlə xatırlayacaq! Bu qədər sevgini qazandığın üçün çox xoşbəxt idin! Çünki elə insanlar olur ki, ancaq özləri üçün yaşayırlar. Ancaq sən arxanda gözəl hisslər, duyğular buraxaraq həyata vida etdin. Bəzi insanların 70-80 ildə qazana bilmədiklərini sən gənc yaşında əldə etdin. Ən əsası isə insanların qəlbinə yol tapmağı bacardın. Ruhun şad olsun! Əminəm ki, şaddır, çünki səni hər zaman xatırlayacaq, ruhuna dualar oxuyacaq insanlar çoxdur. İllər ötsə də unudulmaz olacaqsan, səni sevib-dəyər verən hər kəsin qəlbində, ümidində və xəyallarında....

Səadət Əliyeva, NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 29.01.2022 12:07